Bu gün Naxçıvanın tarixi, zəngin mədəniyyəti, elmi-ədəbi mühiti dərindən araşdırılır, sanballı tədqiqat materialları nəşr edilir. Bu dəyərli mənbələrin qorunması və təbliği yeni tədqiqat işlərinin aparılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması da bu məqsədə xidmət edir. Mərkəzin fondu hər ötən il daha da zənginləşdirilir, Naxçıvan haqqında dəyərli mənbələr elm adamlarına təqdim olunur.
2015-ci ilin birinci yarısında mərkəzdə “Kənd təsərrüfatı ili” və “İnkişafın 20 ili” mövzularında bir sıra tədbirlər təşkil olunmuş, Naxçıvanın qədim və yeni tarixi, coğrafiyası, ədəbiyyatı, folkloru, milli-mənəvi dəyərləri mövzularında açıq dərslər keçilmişdir. Yanvar ayında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə proqram hazırlanmış, bu məqsədlə keçirilən 19 tədbirdə ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin 375 tələbə və şagirdi iştirak etmişdir.
Mərkəzin oxucu sayı ilbəil artır. Fəaliyyətə başladığı gündən 2015-ci ilin iyul ayınadək Naxçıvanşünaslıq Mərkəzinin xidmət şöbəsində 716 nəfərə oxucu bileti verilmişdir. Ötən dövrdə mərkəzin fondu və elektron bazası əldə olunan yeni materiallar hesabına daha da zənginləşdirilmişdir. 2015-ci ilin ilk altı ayı ərzində mərkəzdə 158 nüsxə çap materialının uçotu aparılmış, onlardan 120-si kitab, 10-u dövri mətbuat və 28-i miniatür kitab olmuşdur. Kitablardan 10-u təbiət, 33-ü tarix, 4-ü arxeologiya, 2-si etnoqrafiya, 5-i kənd təsərrüfatı, 21-i iqtisadiyyat, 11-i siyasət, 6-sı dövlət və hüquq, 2-si mədəniyyət, 11-i dilçilik, 1-i incəsənət, 4-ü isə psixologiya sahələrinə aiddir. Fonda yeni daxil olan kitablardan 96-sı Azərbaycan dilində, 24-ü isə xarici dildədir. Ümumiyyətlə, hazırda Naxçıvanşünaslıq Mərkəzinin fondunda 3250 sayda çap materialları saxlanılır. Onlardan 2 min 452-si kitab, 28-i miniatür kitab, 92-si avtoreferat və 678-i qəzet və jurnallardır. Bu mənbələr, əsasən, Naxçıvanın qədim və zəngin tarixini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, ictimai-siyasi həyatını, həmçinin Naxçıvanın görkəmli şəxsiyyətlərinin, elm adamlarının, şair və yazıçılarının həyatı və yaradıcılığını əks etdirir.