29 Mart 2024, Cümə

Kamil Əliyev - 100

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan xalçasının uzaq-yaxın keçmişinə nəzər yetirsək, onun bədii tutumunda gördüyümüz ciddi dəyişikliklərin bilavasitə XX əsrdə baş verdiyini deyə bilərik. Bunu şərtləndirən səbəblərdən başlıcası sovet dönəmində xalçaçılıqla məşğul olan dövlət müəssisələrinin yaradılması, elmi-tədqiqat müəssisələrində onun tarixinin tədqiqinə başlanılması, paytaxtda yeni açılmış Bakı Rəssamlıq Texnikumunda xalq sənətlərinin tədrisinin həyata keçirilməsi olmuşdur. Ötən əsrin otuzuncu illərində xalça sənəti ənənələrini professionalcasına öyrənmək istəyi ilə həmin təhsil ocağına üz tutan gənclərdən biri də Kamil Müseyib oğlu Əliyev (1921-2005) olmuşdur.

 

Məlumat üçün deyək ki, o, 1921-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olsa da, sonrakı həyatı Bakı ilə bağlı olmuşdur. Belə ki, onun 11 yaşı olanda Əliyevlər ailəsi Bakıya köçmüşdür. Bundan iki il sonra atasının vəfat etməsi anası Xanımı və evin azyaşlı beş uşağını çətinliklərlə üz-üzə qoymuşdur. Buna baxmayaraq, anası var gücü ilə hələ kiçik yaşlarından rəsm çəkməyə böyük həvəs göstərən və məktəbdə “balaca rəssam” kimi tanınan Kamilin arzusunun çiçəklənməsinə çalışmışdır. Yeddiillik təhsildən sonra (1935) Kamilin Bakı Rəssamlıq Texnikumunun tələbəsi adını qazanmasını da bunun göstəricisi saymaq olar. O vaxtlar respublikadakı istedadlı uşaqların bir araya gəldiyi nüfuzlu təhsil ocağında onun bilavasitə xalq sənəti sahəsinə böyük maraq göstərməsi də ailələrində əvvəlcə nənəsinin, sonra isə anasının xalça toxuculuğunu yaşatmalarından qaynaqlanmışdır. Onun məktəbin Teatr-dekorasiya sənəti bölməsində təhsil almasına baxmayaraq, xalçaçılığa davamlı diqqət yetirməsi və bu sahəyə aid maraqlı layihələr hazırlaması zamanında Kamil Əliyevi əhatə edənlərin diqqətindən yayınmamışdır. Atasız evdə həm də ailənin çörəkpulunu qazanmaq məsuliyyətini daşımalı olan gənc rəssam, boş vaxtlarında yerinə yetirdiyi müxtəlif sifarişlərlə ailələrinə böyük maddi dəstək versə də, sonda yaxınlarının tövsiyəsi ilə təhsildən ayrılmadan “Azərxalça” birliyində işə düzəlmişdir. Başqa sözlə desək, o, həmin birliyin təcrübi emalatxanasında surətçıxaran rəssam kimi çalışmaqla, arzusunda olduğu xalça dünyası ilə baş-başa qalmaq imkanı əldə etmişdir. Həmin illər SSRİ-də Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi ərəfəsinə təsadüf etdiyindən, gənc Kamil tanınmış rəssamların Lətif Kərimovun rəhbərliyi altında yaratdıqları “Xəmsə” mövzulu beş xalçanın bədii-texniki həllinin gerçəkləşməsində yaxından iştirak edir. Bu prosesdə respublikanın tanınmış yaradıcı simaları ilə sıx əməkdaşlığı gənc xalçaçı üçün böyük məktəb olur.

Az sonra İkinci Dünya müharibəsinin başlanması onun gələcək arzularının qarşısına sədd çəkir və o, cəbhəyə yollanmaq məcburiyyətində qalır. Qanlı-qadalı müharibə illərində I Belarus cəbhəsində döyüşən gənc rəssam cəbhədən ordu-medalla qayıdır və çox tezliklə müvəqqəti olaraq ayrıldığı sahədə çalışmağa və yaradıcılıq axtarışlarını davam etdirməyə başlayır. Kamil Əliyevin zamanında Ümumittifaq Ticarət Reklamının baş direktoru, Bədii Fondun Yaradıcı-İstehsalat Kombinatının və Bakı Zərgərlik Fabrikinin direktoru, Yerli Sənaye Nazirliyi İstehsalat şöbəsinin müdiri, ən nəhayət, “Azərxalça” Elmi-İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışması, onun bacarıqlı təşkilatçı olduğunu nümayiş etdirmişdir...
Əgər bu gün onun görkəmli xalçaçı-rəssam kimi keçdiyi yaradıcılıq yoluna nəzər salıb dəyərləndirməli olsaq, onda, ilk növbədə, sənətkarın 1958-ci ildə ərsəyə gətirdiyi “Məhəmməd Füzuli” əsərinin adını çəkməliyik. Dahi söz xiridarının vəfatının 400 illiyi münasibətilə toxunan bu xalçanı rəssamın özündə ənənə və müasirliyin qovşağını yaşadan əsərlərinin ilki hesab etmək olar. Əsərin mərkəzi hissəsində şairin portretini yerləşdirən müəllif, onun ətrafını və müxtəlifölçülü haşiyələrini müxtəlif naxışlarla bəzəməklə, obrazla onun əhatələndiyi bədii aura arasında uğurlu əlaqə yaratmış, kompozisiyanın arzulanan bədii bütövlüyünün yaradılmasına nail olmuşdur. Xalçanın ümumi estetikasında rənglərin yığcamlığına və dekorativliyinə üstünlük verilməsi, “qəm şairi”nin cəlbedici və düşündürücü portretinin yaradılması ilə nəticələnmişdir. Əsərin diqqətçəkən məqamı Kamil Əliyevin miniatür üslubu ənənələrindən yaradıcılıqla faydalanmaqla, bədii şərtliyi qabarıq duyulan sənət nümunəsi ərsəyə gətirməsidir. Başqa sözlə desək, müəllif bu əsərində obrazın real ikonoqrafik əlamətlərini qorumaqla, onun stilizə yolu ilə “xalça dili”nə uyğunlaşdırılmasına nail olmuşdur. Yeri gəlmişkən deyək ki, dekorativ-tətbiqi sənət sahəsində bunun əldə olunması vacib və önəmli bədii məziyyətlərdəndir. Qeyd edək ki, bu əsər onun ictimaiyyət arasında və xalçaçılıq məkanında istedadlı portret ustası kimi tanınmasına səbəb oldu.

Bu ilk böyük uğur gənc rəssamı bu yöndə yeni-yeni əsərlər yaratmağa həvəsləndirdi. Beləcə, zamanın axarında müəllif dünyanın və Azərbaycanın bir çox məşhurlarına həsr olunmuş portret-xalçaları ərsəyə gətirdi. Onların arasında Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şota Rustaveli, Aleksandr Sergeyeviç Puşkin, Mirzə Fətəli Axundzadə, Rabindranat Taqor, Heydər Əliyev, Mustafa Kamal Atatürk, Turqut Özal, Süleyman Dəmirəl, Zərifə Əliyeva və digər tanınmış şəxsiyyətlərin obrazları vardır. Bundan əlavə o, “Mənim anam”, “Mir Möhsüm ağa”, “Avtoportret” və “Tirmə”, “Butalı”, “İslimibəndlik”, “Göllü”, “Qımıl”, “Sandıqça”, “Qızıl xalça” və sair ornamental xalçaların müəllifidir.

Kamil Əliyevin yaradıcılığında əsas yer tutan portretlərin bədii sənətkarlıq xüsusiyyətlərini incələməli olsaq, onda onun bu janrın estetikasını əvvəllər rast gəlinməyən bədii yozumla zənginləşdirdiyini deməliyik. Əgər “Məhəmməd Füzuli” xalçası ilə yanaşı, ötən yüzilliyin yetmişinci illərində ərsəyə gətirdiyi “İmadəddin Nəsimi” (1973) və “Nizami Gəncəvi” (1978) əsərlərində ikonoqrafik oxşarlığın əldə olumasında nisbi stilizə və şərtilik daha qabarıqdırsa, onlardan sonrakı yaradıcılıq nümunələrində müəllifin dekorativ-tətbiqi sənətə realist-gerçəkçi ənənələri gətirmək istəyi duyulmaqdadır. Etiraf edək ki, zamanına görə bu çox cəsarətli addım idi. Müxtəlif miqyaslı sərgilərdə ictimailəşən bu sənət nümunələrinə mütəxəssis təqdiri və sənətsevər marağının duyulan olması, onun bu istiqamətdəki axtarışlarına daha da təkan vermiş oldu.

Əgər bu portret-kompozisiyalar əvvəllər düzbucaqlı formatda təqdim olunurdusa, tədricən, onların oval və dairəvi formatlarla əvəzləndiyinə şahidlik edirik. Başqa sözlə desək, şaquli formatlı xalçalarda əsas yeri portret, obrazın kimliyini tanıdan yazılı “kətəbə” və müxtəlifölçülü haşiyələr tutur. Elə onun “İmadəddin Nəsimi” və “Nizami Gəncəvi” xalçaları bunun gözəl nümunəsi sayıla bilər. Hər iki əsərdə dahi söz xiridarlarının portretlərini səciyyələndirən cizgilər inandırıcı tutumda əyaniləşdirilməklə, xalçanın digər sahələrini təşkil edən çoxsaylı bədii ayrıntılarla vəhdətdə təqdim olunmuşdur. Nəbati ornamentlərdən, xüsusilə də “İslimi” və “Buta”lardan geniş istifadə edən müəllifin zənginliyi kifayət qədər qabarıq duyulan ümumi dekorun bədii bütövlüyünə nail olmuşdur. Kamil Əliyevin yaradıcılıq axtarışlarında şəxsiyyətinə müraciət etdiyi insanların həm ömür, həm də sənət yolunu özündə ehtiva edən obrazlılığın əldə olunmasına çalışması yəqin ki, onu bir yaradıcı kimi başqalarından fərqləndirən bədii-estetik xüsusiyyətdir. Bu mənada, dünya poeziyasının parlaq ulduzlarından hesab olunan “Nizami Gəncəvi” xalçasında koloritin bir qədər soyuqluğu filosof-şairin bədii irsinin düşündürücülüyünün ifadəsidirsə, “İmadəddin Nəsimi” əsərindəki rəng “qaynarlığı” orta əsrlərin bədii-dini məkanını təlatümə gətirən şairin üsyankarlığına işarədir...

Əsərlərinin təsirliliyini əldə etmək yönündə koloritdən istifadə, yəqin ki, Kamil Əliyev xalçalarının səciyyəvi bədii xüsusiyyətlərindəndir. Qətiyyətlə demək olar ki, o, yarıməsrlik bədii yaradıcılığı ilə Azərbaycan xalçaçılığında yeni səhifə açmaqla, həm də əsərlərinin təkcə özünəməxsus rəng çalarları ilə tanınmasına nail olmuşdur. Etiraf edək ki, bunun xalçaçılıq kimi çətin bir sahədə əldə olunması yalnız müəllifin davamlı axtarışlarının sayəsində gerçəkləşmişdir. Onun “Şota Rustaveli”(1982), “Heydər Əliyev” (1985), “İndira Qandi” (1986), “Rabindranat Taqor” (1988) və sair xalçalarında koloritin duyulası ovqat daşıyıcısı olması qabarıq görünür.

Xalçaçı-rəssamın yaradıcılığında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin obrazı xüsusi yer tutur. Belə ki, o, 1985, 1998 və 2004-cü illərdə görkəmli dövlət xadiminin bir-birindən fərqli portretlərini yaratmışdır. Doğrudan da, bu sənət nümunələrində format baxımından müəyyən yaxınlıq duyulsa da, obrazın xarakterinin açılmasına münasibətdə özünəməxsus müəllif axtarışlarının yenilənməsinə şahidlik etmək mümkündür. Rəssam öz qəhrəmanını rəsmi geyimdə – dövlət xadimi kimi, general libasında hərbçi kimi göstərməklə yanaşı, həm də rəsmi qayğılardan azad şəkildə – ev şəraitində təqdim etməklə, dahi şəxsiyyətin tarixi obrazına zamansızlığa qovuşmaq gücündə olan bədii tutum verə bilmişdir. Bu üç portretin hər birində məqsədli olaraq fərqli koloritə üstünlük verən müəllif, bununla da obrazın daşıdığı mənəvi-psixoloji yükün inandırıcılığını göstərə bilmişdir.
Əgər ulu öndər Heydər Əliyevə həsr olunmuş əsərlərdə şəxsiyyətin ucalığı və möhtəşəmliyi önə çəkilibsə, dövlət xadiminin ömür-gün yoldaşı görkəmli oftolmoloq-alim Zərifə xanım Əliyevanın (2001) obrazında qadın zərifliyinin cəlbedici ifadəsinə nail olmaq müəllifin başlıca məqsədi olmuşdur. Zərifə xanımın xalçanın zoğalı yerli ara sahəsində – xırda nəbati elementlərdən tərtib olunmuş çərçivə ilə əhatələnmiş portretində onun gülərüzlü xoş siması yaddaqalan bədii tutumda əyaniləşdirilmiş, görkəm alması canlandırılmışdır.
Eyni bədii yanaşmanı rəssamın “İndira Qandi” (2001) və “Mənim anam” (2003) xalçalarında müşahidə etmək mümkündür. Bu əsərlərdə də qadın incəliyinin vurğulanmasını qarşısına əsas vəzifə qoyan Kamil Əliyev inandırıcılığı birmənalı olan portretlərlə onları əhatələyən ara sahəyə duyğulandırıcı görkəm verməklə əsəri dominantı olan obrazların cəlbedici görünməsinə nail olmuşdur. Birinci portretdə nəbati naxış məcmusuna, digərində isə tirməli dekora üstünlük verən müəllifin belə bədii yanaşmasının xalçanın bütövlüyünün əldə edilməsində məntiqli olduğunu təsdiqləmişdir...
Sənətkarın bədii irsində xüsusi yer tutan ornamental xalçalar da özünəməxsus bədii xüsusiyyətlərə malikdirlər. Bu sahədə yeni söz deməyin nə qədər çətin olduğunu bilməsinə baxmayaraq, Kamil Əliyev zaman-zaman təxəyyülündə canlandırdığı, bir çox hallarda isə yaradıcı münasibət bildirdiyi ornament toplusuna bədii stilizələrlə yeni forma-biçim və məna-məzmun daşıyıcılığı verə bilmişdir. Onun məşhur “Buta” ornamentinə göstərdiyi münasibət buna əyani nümunə ola bilər. Rəssamın ərsəyə gətirdiyi “Qızılı buta” (1982), “Türünc”(1982), “Ornamental”(1984), “Butalı xalça” (1985), “Hindistan”(1987) və “Butalı” (2004) xalçaları bu qəbildəndir. İncəliyi onsuz da duyulan bu ornamentə fərqli münasibəti sayəsində tətbiq olunduqları kompozisiyalara özünəməxsusluq bəxş edən rəssam, ornamentçi-rəssam kimi həm də fərdi yaradıcı potensialının genişliyini sərgiləyə bilmişdir.
Kamil Əliyevin bədii irsində müşahidə olunan müsbət məziyyətlərdən biri də onun zaman-zaman klassik irsə, məlum xalça kompozisiyalarına yaradıcı münasibət göstərməsi, bunun nəticəsində milli bədii irs saxlancımızı yeni estetikalı əsərlərlə zənginləşdirməsidir. Onun müxtəlif illərdə ərsəyə gətirdiyi “Quşlu”, “Butalı”, “Türünc”, “Tirmə”, “Nazənin” və sair kompozisiyalarında ənənə ilə müasirliyin uğurlu vəhdətini görmək mümkündür.

Bütün həyatını qədim xalça sənəti ənənələrinin yaşadılmasına və inkişafına həsr etmiş Kamil Əliyevin yaradıcılığı Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinin sənətsevərlərinə də yaxşı tanışdır. Bu onun həmin ölkələrdə (Türkiyə, Nepal, Hindistan, İran, İngiltərə və sair) fərdi sərgilərinin təşkili sayəsində gerçəkləşmişdir. O, Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafına verdiyi töhfələrə görə “Azərbaycanın Əməkdar rəssamı” və “Azərbaycanın Xalq rəssamı” fəxri adlarına layiq görülmüş, “İstiqlal” və “Şərəf nişanı” ordenləri ilə təltif olunmuşdur. Bakıda onun ev-muzeyi fəaliyyət göstərir. Kamil Əliyev sənətinin həmişəyaşarlılığı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2021-ci il 12 oktyabr tarixli Sərəncamı, bu Sərəncama uyğun olaraq ölkəmizdə, eləcə də muxtar respublikamızda yubileyin dövlət səviyyəsində qeyd olunması ilə bir daha öz tədiqini tapır. Bu, böyük sənətkarın irsinə, eləcə də milli dəyərlərimizə verilən yüksək ehtiramın ifadəsi, incəsənət tariximizə yazılacaq mədəniyyət hadisəsidir.

Cavid İSMAYILOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan
Dövlət Universitetinin dosenti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR