23 Dekabr 2024, Bazar ertəsi

Hələ də əllərinin izləri yaşayan həyət evlərinin küçə qapısını döyürəm. Uşaq səsi eşidirəm:
– Ay baba, qapı döyülür. Gedim açımmı?
Bir azdan qapı açılır. Bu, uzaqdan-uzağa tanıdığım Əsəd Ələkbərovdur, Bağırın atası. Şəhid Bağırın. Salamlaşırıq. Ürəyimdən keçənləri ifadə etməyə çalışıram. Duyuram ki, mənim də daxilən düşdüyüm vəziyyəti, hansı hissləri keçirdiyimi başa düşür. Gözümdən qaçmır ki, çöhrəsində oğul itkisinin faciəsi aydınca əks olunub. Ancaq söhbəti bu məğrur atanın daxili aləmini ilk anda ortaya qoyur:

– Mən də onlarla şəhidimizdən birinin atası. Ruhu şad olsun ki, başımızı uca etdi. Bu müharibə hər xatırlandıqca ərazi bütövlüyümüzü təmin edənlər minnətdarlıqla yad ediləcək, qazandığımız qələbədə qazi olanlar, şəhidliyə yüksələnlər məhəbbətlə anılacaq. Bağır da onlardan biri kimi.
Dünənə qədər yaşadığı otağa keçirik.
Otağın divarlarında şəkilləri, hərbi mundiri asılıb. Bu anda 3 yaşlı oğlu içəri girir, əlini şəkillərə uzadaraq:
– Atamdır, əsgərliyə gedib, o gələndə mən məktəbə gedəcəyəm, – deyir. Mən isə düşünürəm ki, bu uşaq “atasının əsgərlikdən qayıtmasını” nə qədər gözləyəcək? O anda da fikrimdən keçir ki, həyatın belə cavabsız sualları nə qədərdir görəsən?
... 1995-ci ildə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində hərbçi ailəsində dünyaya göz açmışdı. Onu da deyim ki, şəhidimizin əmisi, dayısı oğlu da hərbçidirlər. Bağır ibtidai təhsilini Naxçıvan şəhər 705 nömrəli tam orta məktəbdə almış, atasının xidməti ilə əlaqədar Culfa şəhərinə köçdüklərindən orta təhsilini şəhər 3 nömrəli tam orta məktəbdə başa vurmuşdu.
2013-cü ildə Xüsusi Təyinatlı Qüvvələrdə snayperçi kimi hərbi xidmətə başlamışdı. Xidmətini qurtarmağa 3 ay qalmış nizam-intizamını, qabiliyyətini nəzərə alaraq ona gizir rütbəsi verilmiş, valideynlərinə təşəkkür məktubu göndərilmiş, döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə fəxri fərmanla təltif edilmişdi.
İxtisasını təkmilləşdirmək üçün Türkiyəyə göndərilmiş, burada Özəl qüvvət kəskin nişançı, sonra isə Özəl qüvvət uzman nişançı kurslarını uğurla başa vuraraq sertifikat almışdı. Bağır həm də gözəl idmançı idi. İdmanın bir neçə sahəsi ilə məşğul olurdu. Əlbəyaxa döyüş növünü isə daha çox sevirmiş. Bu idman növü üzrə keçirilən yarışlarda həmişə qalib gəlir, mükafatlandırılırmış.
Qardaşı Ayxan Bağırın aldığı fəxri fərmanları, təşəkkür məktublarını, təltifləri göstərir. Düşünürəm ki, yaşasaydı Azərbaycan Ordusunun yüksək rütbəli zabitlərindən biri olacaqdı Bağır. Həmin təltiflərdən birinə baxıram. 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasına qarşı ermənilərin növbəti təxribatı Əlahiddə Ümumqoşun Ordunu əks-həmlə əməliyyatı keçirməyə gətirib çıxarır. Xüsusi təyinatlı qüvvələrin tərkibində olan Bağır Şərur rayonunun Günnüt kəndinin, Ağbulaq yüksəkliyinin, Qızılqaya, Qaraqaya dağlarının azad olunmasında, Dərələyəz mahalının Arpa kəndinin Azərbaycan Ordusunun nəzarəti altına keçməsi üçün gedən döyüşlərdə fəallıq göstərir, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən pul və qol saatı ilə mükafatlandırılır.
Bir qədər sonra Bağır yenə də ixtisasının sirlərinə daha dərindən yiyələnmək üçün xüsusi snayper tapşırıqlarının yerinə yetirilməsi kursunu bitirir, beynəlxalq təlimdə iştirak edir, xüsusi fəallıq və bacarığı yüksək dəyərləndirilir.
2019-cu ildə Bağır Ələkbərov “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilir.
... İkinci Qarabağ müharibəsində iştirak edən hərbçilər sırasında naxçıvanlılar da az deyildi. Bunu ölkə Prezidenti də bir neçə dəfə vurğulayıb: “Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində bütün digər bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Böyük qəhrəmanlıq göstəriblər. Və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər. Şəhidlər veriblər”.
Bu yazını hazırlayarkən Bağırla birlikdə döyüşən yoldaşlarından bir neçəsi ilə əlaqə saxladım. Onların söhbətlərindən hiss etdim ki, igid şəhidimiz yoldaşlarının qəlbində cəsur, qorxmaz, ölümün gözünə dik baxan bir qəhrəman kimi yaşayır. Bunu da xüsusi vurğuladılar ki, o, mənsub olduğu xalqı, vətəndaşı olduğu dövləti hər şeydən uca tuturdu.
Yağı üzərinə qorxmadan, çəkinmədən getməyi də onun qanındakı vətənpərvərlik duyğularının alovlanması idi. Nə qədər düşmən texnikasını sıradan çıxarmışdı, snayperi ilə yüzlərlə erməni vandalının əsassız iddialarını ürəklərində qoymuşdu.
Bağır Ələkbərov bu gün təkcə cəbhə dostlarının deyil, bütün xalqımızın qəlbində yaşayır. Ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən Bağırın qəhrəmanlığı mənə adını unutduğum bir filosofun sözlərini xatırlatdı: Xalqı yolunda canından keçənlər əbədi yaşamaq hüququ qazananlardır.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR