23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı “Şərq qapısı” qəzetində ötən ilin yekunları və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələrlə əlaqədar iclas keçirilib.

Tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxış edərək bildirib ki, hesabat dövründə qəzet fəaliyyətini Ali Məclis Sədrinin müasir jurnalistikanın inkişafı istiqamətində verdiyi tövsiyə və tapşırıqlar əsasında qurmağa çalışıb, 2020-ci il üçün müəyyən olunmuş iş planının uğurla həyata keçirilməsinə səy göstərilib. Ötən il Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə dövlət başçısının müvafiq sərəncamlarına əsasən “Şərq qapısı” qəzetinin baş redaktor müavini “Əməkdar jurnalist” fəxri adı, məsul katibin müavini isə “Tərəqqi” medalı ilə təltif ediliblər. Milli mətbuatımızın yubileyi muxtar respublikamızda da geniş qeyd olunub, iyulun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu münasibətilə tədbir keçirilib. Ali Məclisin Sədri cənab Vasif Talıbovun çıxış edərək jurnalistləri təbrik etməsi, mətbuata dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini vurğulaması kollektivdə böyük yaradıcılıq əhval-ruhiyyəsi, əzmkarlıq, stimul yaradıb.

Qeyd olunub ki, ötən il “Şərq qapısı” qəzetinin  230 nömrəsi işıq üzü görüb. Qəzetdə muxtar respublikada gedən quruculuq və abadlıq işləri, müasir infrastrukturların yaradılması, iqtisadi-sosial və humanitar sahədə görülən tədbirlərlə bağlı, etnoqrafiyamızın və milli dəyərlərimizin, tariximizin, dövlət gənclər və idman siyasətinin, turizm potensialının təbliğinə həsr olunmuş materiallar dərc olunub.              

Diqqətə çatdırılıb ki, hesabat dövründə nəzərdə tutulan ənənəvi rubrikalarla yanaşı, yanvar ayından etibarən Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan olunması,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin isə muxtar respublikada 2020-ci ilin “İxrac ili” elan etməsi, bəstəkar Məmməd Məmmədov və tanınmış həkim Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlarının icrası ilə əlaqədar müvafiq rubrikalar yaradılıb, bu rubrikalar altında materialların dərc olunması müntəzəm davam etdirilib. “İxrac ili”ndə ixrac potensialının yüksəldilməsi istiqamətində görülən işlərlə bağlı 60-a yaxın, Dövlət proqramlarının icrası ilə bağlı 50 məqalə, müxtəlif əlamətdar tarixi günlərlə bağlı 48 tematik material işıq üzü görüb. Kənar müəlliflərlə, muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri ilə səmərəli əməkdaşlıq davam etdirilib, kənar müəlliflərin 170-dən çox məqaləsi, mətbuat xidmətlərinin isə 900-ə yaxın materialı qəzetdə dərc olunub.

Qeyd edilib ki, “Naxçıvan dünən və bu gün” rubrikasında materialların,  “Oxucu məktubları” rubrikası altında redaksiyaya ünvanlanan yeni oxucu məktublarının dərci diqqətdə saxlanılıb, qəzet əməkdaşlarının tarixi əhəmiyyətli tədqiqatları, jurnalist araşdırmaları, məqalələri ölkə və xarici əhəmiyyətli kütləvi informasiya vasitələri tərəfindən də böyük maraqla qarşılanıb.                                                               

Vurğulanıb ki, ötən ilin sentyabr ayının 27-dən başlayan Vətən müharibəsi ilə əlaqədar qəzetin fəaliyyətinin müharibə zamanı kütləvi informasiya vasitələrinin fəaliyyətinə qoyulan tələblərə uyğun qurub, mövzu, ideya istiqaməti baxımından operativ dəyişiklik edib. Bu aylar ərzində hər ay vətənpərvərlik mövzusunda 30-dan çox, 40-a yaxın məqalə dərc olunub.Ötən il ərzində  www.serqqapisi.az saytında 7300-ə yaxın material yerləşdirilib, sayta 305 mindən çox baxış olub. Cari ildə qəzetdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə bağlı Naxçıvan Dövlət Universiteti ilə birgə hazırlanan Tədbirlər Planına əsasən jurnalist tələbələrin materiallarının “Estafet” rubrikasında dərci, ustad dərslərin, seminar və dəyirmi masaların təşkili və digər tədbirlərin icrası nəzərdə tutulur.

Mehriban Sultanova çıxışının sonunda muxtar respublikada jurnalistikanın, xüsusilə də mətbuatın inkişafına yaradılan hərtərəfli şəraitə, göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə kollektiv adından minnətdarlığını bildirib.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxış edərək diqqətə çatdırıb ki, ötən il muxtar respublikamız, eləcə də  bütün Azərbaycanüçün yaddaqalan bir olub. Qısa müddət ərzində əldə etdiyimiz böyük Qələbə tariximizə qızıl hərflərlə yazılıb. Naxçıvanda fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrində bütün sahələrlə yanaşı, ordu quruculuğu, qəhrəman oğullarımız, qazilərimiz, şəhidlərimiz haqqında çox əhəmiyyətli materiallar dərc edilib. Ali Məclis Sədrinin “Şərq qapısı” qəzetində “Dünən və bu gün” rubrikasında dərc olunan yazıları yüksək qiymətləndirməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi yaradıcılıq birinci yeri tutanları təbrik edərək “Siyasi varislik əzmi” məqaləsi və “Naxçıvanın publisistik xəritəsi” kitabının peşəkarlıqla işlənildiyini qeyd etməsi gənc jurnalistlərə mövzu, ideya, janr baxımından peşəkarlaşmaq baxımından verilən tövsiyə kimi də  mühüm əhəmiyyət daşıyır.

Qeyd edilib ki, mətbuat orqanlarına qayğının, yaradılan şəraitin, nəticəsidir ki, ötən il muxtar respublikamızın kütləvi informasiya vasitələri vətəndaşların informasiyaya olan tələbatının ödənilməsində fəal iştirak ediblər. 

Sonra “Şərq qapısı” qəzetinin əməkdaşları Muxtar Məmmədov, Nail Əsgərov, Türkan Hüseynli məruzə ətrafında çıxış ediblər. Çıxışlarda muxtar respublikada jurnalistikanın inkişafına yaradılan hərətrəfli şəraitdən, mövcud nöqsanlardan, yeni yaradıcılıq planlarından və qarşıda duran vəzifələrdən bəhs olunub.

Güntac ŞAHMƏMMƏDLİ

  

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR