23 Dekabr 2024, Bazar ertəsi

Çıxış yolu işləməkdədir


Son iki ildir ki, dəmiryolu işləmir. Təchizat işi pozulmuş, ərzaq və yanacaq ehtiyatı tükənmişdir. Nəqliyyatın hərəkəti dayandığından  son günlər unun qurtarması, çörək qıtlığı daha çox narahatlıq doğurmuşdur. Bahalıqdan, qıtlıqdan çox danışırıq. Belə ki gedir, hələ çox danışacağıq. Sovetlər dönəmində dövlət hər şeyi qarmalayıb əlinin altında yığdığından, əhalinin təminatını “öz öhdəsinə götürdüyündən” hamıda pis bir vərdiş yaranıb. Hər şeyin hazırını almaq. Bəs vəziyyətdən çıxış yolunu nədə axtarmalıyıq. Yeganə ümid yolumuz buna qalıb ki, ellikcə işləyək, məhsul istehsalını artıraq. Allaha şükür torpaqlarımız hər şey yetirir. Sitrus bitkilərindən tutmuş, meşə almasınadək, sənaye əhəmiyyətli təbii ehtiyatlarımız da bizə bəs edəsi qədərdir.  Kəndli kəndliliyini unudub, o da gözünü dükan-bazara dikib ki, nə vaxt mağazalara un gələcək. Bu yaxınlarda bir sürücü tanışım mənə bir sual verdi: “Torpaqlar camaata paylansa hökumət daha bizə un verməyəcək?”

 Çoxumuz təsəvvür edə bilmirik ki, kəndli dən, un, yağ, pendir və digər kənd təsərrüfatı mallarının istehsalçısı olmalıdır, istehlakçısı yox. Daha doğrusu kəndli bu deyilənləri satmalıdır. Bəs bu gün vəziyyət necədir? Kəndlərə gedən avtobuslara nəzər salsaq bunu aydın görərik. Çörəkdən tutmuş yumurtaya, ətə qədər (tapılanda) hamı hərdən alıb kəndə aparır. Doğrudur, muxtar respublika rəhbərinin gördüyü operativ tədbirlər nəticəsində muxtar respublikaya  xeyli miqdarda un və başqa qida məhsulları gətirilmiş, problem nizama salınmışdır. Ancaq qonşu payı ilə qarın doymaz, – demişlər. Axı, deyirlər ki, aclıq müharibədən də qorxulu  və təhlükəli bəladır. Ulu babalarımızın dediyi kimi təknədə çörəyi olanın düşməndən qorxusu olmaz. Dədə-babadan qızılı yox, anbarlarında taxılı çox olan məmləkət daha varlı sayılıb. Unutmamalıyıq ki, bolluq nağıllarımızın sonunda göydən düşən üç alma deyil ki, biri sənə, biri mənə, biri də əgər insaflı olsaq o birinə çata.

Pis günün ömrü az olar, deyiblər. Amma gəlin ümidimizi üzməyək, qarşıda bizi yaxşı günlər gözləyir.

“Şərq qapısı” qəzeti

1992-ci il

Çəkilən zəhmət bəhrəsini verir


Bu sətirlər 28 il bundan öncə çətinliklərlə üzləşdiyimiz bir dövrdə ürək yanğısı ilə qələmə alınıb. O vaxtlarda ki həmin illərdə Naxçıvan bir tərəfdən xain qonşularımızın hücumlarına məruz qalır, təkbaşına ona inadla müqavimət göstərir, torpaqlarımız igid oğulların şücaəti, canı-qanı bahasına qorunurdu. Digər tərəfdən isə qədim yurdumuzun blokadaya salınması ilə bağlı yaranmış çox ciddi problemlərlə mübarizə aparmalı olurdu. Buna, əslində ölüm-dirim mübarizəsi də deyə bilərik. Nə mavi yanacaq var idi, nə işıq. Sərhədimizə amansız hücumlar edilir, başımıza yağdırılan bombalar yurdumuzu xarabaya çevirir, əzizlərimiz gözlərimizin önündə qurban gedirdi. Həmin illər çox çətin sınaqla müharibə və ondan da betər olan aclıqla üzləşmişdi naxçıvanlılar...

Bütün bunlara baxmayaraq qazandığımız müstəqilliyi itirməməyə səy göstərir, torpağımızı qoruyur, bir addım belə, geri çəkilmirdik.Yurdumuzun sakinləri bir olduqca çiyin-çiyinə verdikcə, sanki bəlalar bizdən qorxub geri çəkilirdi.  Qıtlıq çox çətin olsa da  naxçıvanlılar yardımlaşma duyğusunu, əzmkarlıq, dəyanət hissini heç vaxt itirmədilər. Yadımdadı məhləmizdə bir başsız ailə var idi.  Ana işsiz qalmışdı üç körpəsi ilə. Qonşular talonla aldıqları çörəkdən, çətinliklə, od qiymətinə tapdıqları ərzaqdan onlara pay verirdi. Bunu adətən, gün batanda edirdilər ki, heç kim görməsin.   Həmin çətin günlərdə nənəm deyərdi ki, İkinci Dünya müharibəsində də neçə illər aclığa, qıtlığa dözdük. İndi də dözərik, taki torpağımıza düşmən ayağı dəyməsin...

Həmin illərdə bu məqalənin dərc olunması onu göstərirdi ki, görkəmli dövlət xadimi Heydər Əliyevin ətrafında sıx birləşən muxtar respublika sakinləri gələcəyə böyük ümidlə baxır, qaldırılan bütün məsələlərin öz həllini tapacağına inanırlar. Bu inam da əbəs deyildi. Ona görə ki, ulu öndərimiz Naxçıvana gəldikdən sonrakı dövrdə bizim üçün xəyal kimi görünən bir çox problemi qısa zamanda həll etmişdi.

Hər qaranlıq gecənin bir işıqlı sabahı var,- deyirlər.  Bizim nurlu sabahımız isə  dahi rəhbərin  gəlişi ilə açıldı. Bəli, ulu öndərimizin yurduna qayıtması hamıda, səngərdə döyüşən əsgərdə də, çörək növbəsində dayanan sakinlərdə də böyük ruh yüksəkliyi yaratdı. Bol bəhrəli günlərə isə çətin zəhmətli saatlardan sonra gəldik. Naxçıvan sakinləri ilə bərabər qazsız, işıqsız, soyuq, şaxtalı günlərdə çıraq işığında yaşayıb gərgin əmək sərf edərək böyük nəaliyyətlərin təməlini atdı yurdumuzun dahi oğlu. Dərin zəkası, uzaqgörənliyi tükənməz enerjisi və təhlil bacarığı görkəmli dövlət xadiminə imkan verirdi ki, ən çətin və çıxılmaz vəziyyətlərdə öz xalqı və Vətəni üçün mümkün variantın ən düzgününü seçib gərginliyi aradan qaldırsın. İlk olaraq düşmən hücumlarının qarşısı alındı, 70 ildir ayrı düşdüyümüz əzəli qaradaşımız Türkiyə dövləti ilə danışıqlara başlanıldı. Araz çayı üzərində tikintisinə başlanan Ümid körpüsü sözün həqiqi mənasında ümid oldu. Oradan ərzaq məhsulları və ən önəmli qida, un tədarük edildi.  Torpaq islahatı aparıldı. O çətin vaxtlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli liderimiz  Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edildi. Həmin il Culfa rayonunun Şurud və Gal kəndlərindəki torpaqlar kəndlilərə verildi və beləliklə, uğurlu yolun ən əhəmiyyətli mərhələsinə başlanıldı. Çünki uzaqgörən insanlar bilirdilər ki, torpağa bağlanmaq, onun qayğısını çəkmək kəndlinin xoş güzəranının təminatıdır. Taxıl əkini başlasa da yaranan problemlərin aradan qaldırılması üçün zəhmət və zaman gərək idi. 70 illik sovet dönəmində xalqımız və onun  sərvətləri amansızcasına istismar edilməsinə baxmayaraq götürü­lən mənfəətdən ölkəmizin inkişafına heç bir vəsait sərf olunmadığı üçün  doğma Azərbaycanımızın bir parçası olan qədim Naxçıvanımızın ucqar dağ kəndləri, indi sərhəd yaşayış məntəqəsi olan yurd yerləri  gözdən­uzaq, könüldən­iraq qalmışdı. Ögey münasibət, laqeydlik üzündən evlərin sırası seyrəlmiş, düzəni pozulmuş, şənliyi dağılmışdı. Ən adi məişət qayğıları məngənəsində əziyyət çəkən adamlar üzü şəhərə və nisbətən mədəni, mənəvi həyat ahəngi olan kəndlərə üz tutmuşdular. Boşalan belə yurd yerlərinin biçilməyən biçənəklərini, əkilməyən torpaqlarını fürsət gözləyən namərd qonşularımız gözaltı etmişdi.

Yetmiş illik hakimiyyəti dövründə hər şeyi qarmalayıb əlinin altında yığan əhalinin təminatını “öz öhdəsinə götürən” imperiya bunu heç də xalqımızı sevdiyi üçün etmirdi, onların bir məqsədi var idi -- o da əsarət zincirini daha da sıxlaşdırıb bərkitmək. Sovetlər dağılanda elə bir vəziyyət yaranmışdı ki, asılı iqtisadiyyat sistemi ilə idarə edilən respublikamızda, onun ayrılmaz hissəsi olan yurdumuzda demək olar ki, bütün sənaye, istehsal müəssisələri bağlanıb iflasa uğramışdı. Çıxış yolumuz işləməkdə torpaqdan iki əlli yapışmaqda idi o zamanlar bütün problemlərin həlli üçün isə zaman, birlik,rəhbərə inam  və zəhmət lazım idi. Məqaləsinin süjet xəttinə diqqət yetirəndə bir daha görürük ki, bu məsələlər müəllifi də narahat edirdi...

Zəhmətkeş naxçıvanlılar ulu öndərin dərin siyasi uzaqgörənliyi, onun davamçılarının gərgin zəhməti, fədakarlığı sayəsində addım-addım bugünki gözəl günlərə çatdılar. Muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmini məqsədilə müxtəlif Dövlət pro­qramlarının qəbul edilməsi, qarşıya qoyulmuş vəzifələrin uğurlu icrası bu məsələnin kompleks həllinə imkan verdi.

Regionda əlverişli biznes mühitinin yaradılması, ərzaq məhsullarının istehsalı üzrə sahibkarlığın inkişaf etdirilməsi, dövlət investisiyalarının aqrar bölmənin infrastruktur təminatının yaxşılaşdırılmasına yönəldilməsi, suvarılan torpaq sahələrinin genişləndirilməsi və su ehtiyatlarından səmərəli istifadə, yeni kənd təsərrüfatı texnikalarının alınıb gətirilərək güzəştli şərtlərlə torpaq mülkiyyətçilərinə verilməsi bu baxımdan çox əhəmiyyətlidir. Sevindirici haldır ki, bu gün ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə ciddi nəzarət, ərzaq məhsullarının satış-tədarük bazalarının və satış mərkəzlərinin, taxıl və soyuducu anbarların, qablaşdırma müəssisələrinin yaradılmasının dəstəklənməsi istiqamətində görülmüş genişmiqyaslı işlər artıq öz nəticəsini verməkdədir. Hazırda Naxçıvan bütün növ əsas ərzaq məhsulları ilə daxili tələbatını ödəyir.

Muxtar respublikamızda strateji sahə olan taxılçılığa ciddi diqqət yetirilir. Yeni suvarma şəbəkələrinin qurulması və meliorativ tədbirlərin görülməsi hesabına taxıl əkini sahələri genişləndirilib.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Naxçıvan Muxtar Respublikasında əhalinin 70 faizi kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Bu səbəbdən də muxtar respublikada kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Hər il müasir meliorasiya-irriqasiya sistemləri qurulur, bu hesaba yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Kənd təsərrüfatı texnikaları torpaq mülkiyyətçilərinə verilir, kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin fəaliyyəti dəstəklənir. Aydın məsələdir ki, toxumçuluğu inkişaf etdirmədən aqrar sahədə məhsuldarlığı artırmaq mümkün deyil. Ona görə də toxumçuluq təsərrüfatlarının inkişafı diqqətdə saxlanır və əkin sahələrinin becərilməsində yeni innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir ” Ali Məclisinin Sədrinin tapşırıq və tövsiyyələri, muxtar respublikada aqrar sahəyə göstərilən dövlət dəstəyi, innovativ texnologiyaların tətbiqi və elmi əsaslara söykənən layihələrin icrası kənd təsərrüfatının bütün sahələri üzrə məhsuldarlığı artırmış, əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. Əkinçiliyin inkişafında keyfiyyətli toxum təminatı əsas diqqət yetirilən məsələlərdəndir. Güclü maddi-texniki bazaya və geniş əkinəyararlı torpaq sahəsinə malik olan “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikanın torpaq mülkiyyətçilərini məhsuldar və keyfiyyətli toxumlarla təmin edir.

Bu gün muxtar respublikamızın hər rayonunda dəyirmanlar fəaliyyət göstərir. Sahibkarlara bu sahədə dövlət dəstəyi də yetərincədir. Kim istəsə taxıl əkir öz dəyirmanını inşa etdirir, hətta çörək sexi açır. Beləliklə bu gün kəndli işini təkcə   taxıl  əkməklə bitmiş hesab etmir, torpaqdan süfrəyə kimi hər işi özü görür.

Məqalədəki “Çoxumuz təsəvvür edə bilmirik ki, kəndli dən, un, yağ, pendir və digər kənd təsərrüfatı mallarının istehsalçısı olmalıdır, istehlakçısı yox” fikirlərindəki problem də artıq həll edilib.

Belə ki,  ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının əsas prioritetlərindən biri də ucqar yaşayış məntəqələrində kiçik və orta sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin olunmasıdır. Məhz ucqar ərazilərdə bu yolla daha çox iş imkanlarının yaradılması dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir. Bazar iqtisadiyyatı şəraitində yeni iş yerlərinin yaradılmasında özünüməşğulluq modelindən istifadə dünya təcrübəsində geniş tətbiq olunur. Yeni təsərrüfat formalarının tətbiqi xüsusi diqqət yetirilən məsələlərdən biridir.  Bu, respublikamızın  uğurlu inkişafını təmin edən başlıca amildir, bu istiqamətdə bir çox layihələr reallaşdırılıb və nəticələrini verib.

Muxtar respublikamızda təbii ehtiyatlardan və əmək potensialından istifadə olunmaqla bu sahənin inkişaf etdirilməsi son dövrlərdə daha intensiv şəkildə həyata keçirilir. Belə ki, ailə təsərrüfatları yaratmaqla özünüməşğulluğun təmin olunması sadə idarəetmə yolu ilə konkret bir məhsul və ya xidmətin istehsalı üzrə bazar tələbatının ödənilməsi və şübhəsiz, bunun vasitəsilə də belə təsərrüfatlarda məşğul olan insanların gəlirlərinin artırılması deməkdir. Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı bu rolunu nəzərə alaraq muxtar respublikamızda da onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi davam etdirilir. Hazırda isə muxtar respublikamızda 1040-a yaxın ailə təsərrüfatı vardır ki, onların da 200-ə yaxını iri təsərrüfatçı hesab olunur. Heyvandarlıq, quşçuluq, arıçılıq məhsullarının istehsalı, bağçı­lıq və bostançılıq, istixana, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi üzrə ixtisaslaşmış və sair bu kimi sahələrdə ailə təsərrüfatları ilin bütün mövsümlərində bazara məhsul çıxarırlar. 

Belə təsərrüfatlar təkcə özünüməşğulluq vasitəsi sayılmır. Onlar həm də geniş biznes üçün ilk təcrübə deməkdir. Bu təcrübə, xüsusən ucqar yaşayış məntəqələrində yaşayan insanların iş qurması ilə məskunlaşdığı ərazilərə məxsus olan yeni biznes imkanlarının reallaşmasına səbəb olur. Bu gün ailə təsərrüfatı ilə kiçik biznesə başlayanlar sabah fiziki şəxs, sonra isə daha böyük sahibkarlar kimi mühüm biznes layihələri reallaşdırmağa başlayırlar. Bu da sahibkarlığın daha da genişləndirilməsi və iqtisadi sahələrin şaxələndirilməsi deməkdir. Muxtar respublikamızda bütün bu müsbət cəhətlər nəzərə alınaraq ailə təsərrüfatları məşğulluq probleminin həll olunmasında, əhali gəlirlərinin həcminin artmasında müsbət bir amil kimi qiymətləndirilir. Buna görə də belə təsərrüfatların yaradılmasına üstünlük verilir. Onların inkişafı üçün şərait yaradılır. Belə ki, hər həftənin şənbə və bazar günləri keçirilən yarmarkalar və Ailə təsərüfatları festivalları da bu işə öz tövhəsini verməkdədir.

Muxtar respublikamızda, demək olar ki, hər bir ailə pay torpaqlarına sahibdir. Torpaq mülkiyyətçiləri, fermerlər sərbəst təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olmaq, ailələrinin güzəranını yaxşılaşdırmaq imkanları qazanıblar. Kənd adamları torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad ediliblər. Bütün bunlar, son nəticədə, məhsul istehsalının yüksək sürətlə artması ilə nəticələnib, əhalinin rifah halı xeyli yaxşılaşıb. Kəndlərdə  yaşayan əhaliyə  qayğı ilə yanaşlır, qarşılaşdıqları problem və çatışmazlıqları yerindəcə həll edilir. Bu diqqət və qayğının nəticəsidir ki, sakinlərdə yurda, torpağa bağlılıq yaranıb. Bu qiymətli sərvətdən lazımınca  bəhrələnir torpağı özlərinə iş yeri hesab edirlər. Ruzi-bərəkətlərini ordan götürür, sağlam həyat tərzi keçirirlər. Çalışsan, əziyyət çəksən, bəhrəsini də görərsən.  Ailə təsərrüfatları yaratmaq, sahibkarlıqla məşğul olmaq üçün dövlət dəstəyi də yetərincədir.  Kim istəsə kredit götürə, lizinq yolu ilə texnika ala bilir. Yaradılan şərait insanları daha çox, həvəslə işləməyə və gəlir əldə etməyə sövq edir. Əkinçilikdə əsas olan keyfiyyətli toxum və kübrələrdən istifadə etməkdir. Bu işdə də kəndlinin  ən yaxın köməkçisi dövlətimizdi. Yaxşı toxum əldə etmək üçün  muxtar respublikamızda lazimi şərait yaradlıb bəzi toxumlar isə qardaş Türkiyə respublikasından gətiririlir.  Gömrük sərhəd keçid məntəqələrində biz kənd adamlarına yaradılan şərait isə sözün əsl mənasında alğışa layiqdi. Qardaş ölkədən alıb, gətirilən toxumlara rüsum ödənilmir.  Bu da kəndliyə böyük dayaq olur. Bir sözlə dövlətimiz torpaq əkib, becərənlərə yaxından kömək edir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na müvafiq olaraq, hər il bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qəbul edilən qərarlarla kəndliyə əkin sahəsində becərdiyi məhsullara görə subsidiyalar ödənilir.

Bu gün Naxçıvan özünün yüksəkkeyfiyyətli yerli məhsulları ilə tanınır. Bu məhsulların həcm və çeşidinin artması muxtar respublikanın istehsal və ixrac imkanlarını daha da genişləndirir. Regiondakı ailə təsərrüfatları da bu sahədə fəaliyyətlərini genişləndirməklə yaradılmış şəraitdən səmərəli istifadə edirlər.

Təsərrüfatçılığın inkişafında mühüm rol oynayan kənd yaşayış məntəqələrimizdə, hətta ən kiçik dağ kəndlərində belə, sosial problemlər öz həllini tapıb. Hər cür şəraitə malik müasirtipli təhsil ocaqları, tibb məntəqələri, mədəniyyət obyektləri ucaldılıb. Bir vaxtlar yolu, izi olmayan dağ kəndlərinə belə, geniş abad yollar salınıb, dünənə kimi qonşu kəndlərlə əlaqəsi olmayan, sərhəd yaşayış məntəqələri indi dünyanın istənilən yeri ilə rabitə əlaqəsi yarada bilir. Bütün bunlar muxtar respublikada ümummilli lider Heydər Əliyev yolunun sədaqətlə, inamla davam etdirilməsinin bəhrələridir. Bu, görkəmli dövlət xadiminin Naxçıvanla bağlı arzu və istəklərinin ideal şəkildə gerçəkləşməsi deməkdir.

Məhz görülən işlər kənd sakinlərini torpağa bağlayıb, yaradılan şərait burada təsərrüfatçılığın inkişafına şərait yaradıb. Buna görə də “Çıxış yolu işləməkdədir” sərlövhəli məqalədə ürək ağrısı ilə yazıldığı kimi, “çörəkdən tutmuş yumurtaya, ətə qədər (tapılanda) hamı hərdən alıb kəndə aparır” sözləri yalnız həmin dövrün reallığı olaraq qalıb. Bu gün reallığı isə odur ki, artıq bazarlarımız kəndlərimizdən gətirilən həmin məhsullarla dolub-daşır. Yaradılan istixanalar qış aylarında da Naxçıvanda məhsul bolluğu yaradıb. Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərlərin nəticəsi olaraq imzalanan Bəyanatın 9-cu maddəsinə əsasən muxtar respublikamızın 30 illik blokadasına son qoyulacaq, ölkəmizin digər regionları ilə Naxçıvan arasında  nəqliyyat dəhlizi yaradılacaq. Bununla da istehsalı ildən-ilə daha da artan kənd təsərrüfatı məhsullarımızı ölkəmizin digər bölgələrində də satışa çıxarmaq mümkün olacaq. İxrac artıqca bu sahəyə maraq daha da artacaq, nəticədə muxtar respublikamızda kənd təsərrüfatı yeni mərhələdə inkişaf edəcək. Zəhmət isə hər zaman öz bəhrəsini verir. Necə ki, bu gün çəkilən zəhmətin, fədakarlığın bəhrələrini görürük.

Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR