AMEA Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Naxçıvan Muxtar Respublikası: yeni inkişaf mərhələsində” mövzusunda interaktiv dərs keçilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə şagirdlərə ötən əsrin 90-cı illərində sovet hökumətinin dağıldığı dövrdə ölkəmizdə hökm sürən hərc-mərclik və ağır ictimai-siyasi vəziyyətlə bağlı məlumat verib, ulu öndər Heydər Əliyevin Naxçıvana gəlişi, onun rəhbərliyi ilə xalqı bəlalardan xilas etmək üçün qısa zaman ərzində görülən işlər, əldə edilən nailiyyətlərdən danışıb.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə cənab Vasif Talıbovun Ali Məclisin Sədri seçilməsindən sonra Naxçıvan inkişafın yeni mərhələsinə qədəm qoyub. 1995-ci ildən günümüzədək iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət, turizm və digər sahələrdə qazanılmış uğurlara nəzər yetirən alim qeyd edib ki, bu inkişafın əldə olunmasında ulu öndər siyasətinin sadiq davamçısı cənab Vasif Talıbovun böyük xidmətləri olmuşdur.
Akademik İsmayıl Hacıyev muxtar respublikada ərazi, enerji və ərzaq təhlükəsizliyinin tam təmin olunduğunu, bu sahədə işlərin daim yüksələn xətlə davam etdirildiyini söyləyib. O bildirib ki, Naxçıvan əsrin əvvəlində elektrik enerjisi idxal edirdisə, artıq enerji ixrac edən strateji əhəmiyyətli bir diyardır. Belə ki, keçən əsrin 90-cı illərində Naxçıvanda yalnız Araz Su Elektrik Stansiyası mövcud idisə, bu gün su, günəş, külək elektrik stansiyalarının fəaliyyəti təmin edilmiş və bu sahədə xeyli irəliləyişlər əldə olunmuşdur.
“Tarixin heç bir mərhələsində Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bugünkü qədər dayanıqlı, davamlı və hərtərəfli inkişafa sahib olmamışdır”, – deyən alim muxtar respublikada son 25 ildə əldə edilmiş irəliləyiş və nailiyyətləri, statistik göstəriciləri şagirdlərin diqqətinə çatdırıb.
İnteraktiv dərs muxtar respublikanın 200-ə yaxın ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilib.
AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti