23 Dekabr 2024, Bazar ertəsi

2020-ci il 30 dekabr tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələrə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib. İclasda 2020-ci ildə muxtar respublika məhkəmələrinin fəaliyyətinin yekunları müzakirə olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev ölkəmizdə insan hüquqlarının təmin olunması və müasir standartlara cavab verən məhkəmə-hüquq islahatlarının aparılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasını qeyd edərək, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlardan, eləcə də muхtar rеspublikamızda hüquq institutlarının təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin daha da artırılması, ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, hüquqi maarifləndirilmə sahəsində görülmüş işlər haqqında ətraflı məlumat verib.
Ali Məhkəmənin sədri Muxtar respublikanın ixtisaslaşdırılmış və rayon (şəhər) məhkəmələri tərəfindən baxılıb nəticə verilmiş mülki və digər işlər üzrə çıxarılmış qətnamə və qərardadlardan verilmiş apelyasiya şikayətlərinin nəticələrini təhlil edib. Qeyd olunub ki, bundan sonra da ədalət mühakiməsini obyektiv, tam və qərəssiz şəkildə həyata keçirilməsi, vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
Kollegiya iclası çıxışlarla davam edib.

*   *   *

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında keçirilən yığıncağı Ombudsman Ülkər Bayramova açaraq bildirib ki, ötən il də insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılıb, aid qurumlara sorğular göndərilib və şifahi qəbul zamanı ərizəçilərə hüquqi məsləhətlər verilib. Ərizəçilər tərəfindən Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 74 müraciət daxil olub, müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılıb və daxil olan bütün müraciətlər vaxtında cavablandırılıb. Müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən, müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətlərində davam etdirib.
Vurğulanıb ki, hesabat dövrü ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 27 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 61 başçəkmə həyata keçirilib, preventiv mexanizm və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə təşkil olunan maarifləndirmə tədbirlərində 472 nəfər iştirak edib.
Ombudsman bildirib ki, ötən il beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə keçirilmiş görüşlərdə onlara muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilmiş tədbirlər, təsisatın fəaliyyəti barədə geniş məlumat verilib.
Sonra çıxışlar dinlənilib.

 *   *   *

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasını Maliyyə naziri Rafael Əliyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2020-ci ildə gəlirləri 113 milyon 200 min manat təyinata qarşı 116 milyon 718 min 58 manat və ya 103,1 faiz icra olunmaqla, büdcəyə 3 milyon 518 min 58 manat artıq vəsait daxil olub. Ötən ildə büdcə gəlirlərinin 76 faizi və ya 88 milyon 685 min 886 manatı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin, 21,4 faizi və ya 24 milyon 956 min 167 manatı Dövlət Gömrük Komitəsinin xətti ilə toplanılıb, 2,3 faizi və ya 2 milyon 740 min 408 manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 0,3 faizi və ya 335 min 597 manatı isə digər mənbələr hesabına daxil olub.
Dövlət büdcəsinin xərcləri isə 540 milyon 993 min 222 manat təyinata qarşı 538 milyon 916 min 476 manat və ya 99,6 faiz icra olunub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin gəlirləri 128 milyon 400 min manat proqnozlaşdırılır ki, bu da 2020-ci ilin büdcəsi ilə müqayisədə 15 milyon 200 min manat və ya 13,4 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri isə 506 milyon 531 min manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsində sosialyönlü xərclərin xüsusi çəkisi 71 faiz səviyyəsində və ya 359 milyon 825 min 809 manat məbləğində nəzərdə tutulur ki, bu da 2020-ci illə müqayisədə 5,8 faiz və ya 19 milyon 916 min 182 manat çoxdur.
Sonra çıxışlar dinlənilib.

*   *  *

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında nazir Vüsal Sevdimaliyev məruzə ilə çıxış edib. Bildirib ki, 2020-ci il rabitə işçiləri üçün də əhəmiyyətli dərəcədə yaddaqalan olub. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Culfa və Kəngərli rayonlarında telekommunikasiya sistemləri və rabitə evləri, Naxtel” müştəri xidmətləri, “Naxçıvanpoçt” publik hüquqi şəxsinin rayon filiallarının fəaliyyəti üçün zəruri iş şəraiti yaradılıb.
İl ərzində Naxçıvan şəhərində, muxtar respublikanın ayrı-ayrı yaşayış məntəqələrində rabitə evləri istifadəyə verilib, avtomat telefon stansiyaları yeni istifadəyə verilən rabitə evlərinə köçürülüb. “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında yeni təşkil olunan taksi xidməti üçün üç rəqəmli prefiks ayrılıb. Fiber-optik kabel şəbəkəsinin genişləndirilməsi işi davam etdirilib, 49 mənzilə fiber-optik xətt çəkilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” 2020-ci il 14 dekabr tarixli Sərəncamı muxtar respublikada texnologiyanın inkişafına əsaslı zəmin yaradıb.
Məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR