23 Dekabr 2024, Bazar ertəsi

Bu şaxtalı günlərdə hər səhər kəndlərdən şəhərə yollanan çoxlu adam görmək olur. Onların bir hissəsi iş dalınca, əksəriyyəti isə çörək almağa gedir. Bəs kənd camaatını min bir əzabla şəhərə getməyə və çörək növbələrində saatlarla çörək növbəsi tutmağa vadar edən nədir? Məgər kəndlərə un verilmir? Yoxsa kəndli isti təndir çörəyi yemək istəmir? Bu sualla kənd camaatına müraciət edəndə belə cavab almaq olur: Kəndlərə verilən un norması tələbatı ödəmir. Adambaşına ayda 5-7 kiloqram un verirlər, aylıq unu günlərin sayına bölsək, heç 250 qram da eləmir. Əgər bu norma vaxtlı-vaxtında verilsə, yenə birtəhər ötüşmək olar.

Şəhərə çörək almağa gedənlərin dedikləri həqiqətdir. Bəzən aylarla kənd mağazalarına un gəlmir. Əllərdə dolandırılan unun bir kisəsi isə (yəni 50 kiloqramı) 3500-4000 rubla satılır. Bu, Naxçıvan şəhərinə yaxın olan kəndlərdə belədir. Uzaq kəndlərdə heç 5-6 min rubla tapmaq olmur. Kəndlərdə elə ailələr var ki, külfətin sayı 10 nəfərdən artıqdır. Belə ailələrə norma üzrə ayda bir kisə un düşür. Halbuki onları 3-4 kisə görmür. Deməli, bu ailələr ya baha qiymətə alverçidən, ya da ki şəhərin çörək mağazalarından çörək almalıdırlar. Böyük ailələrin aylıq çörək pulu orta hesabla 15 min rubldan yuxarıdır.
Kənd camaatının gəlib şəhərdən çörək almaları bəzi şəhər sakinlərini də narahat edir. Vallah kəndlini də qınamağa dəyməz. Bu şaxtalı günlərdə iqtisadi vəziyyəti ağır olan kənd camaatı heç vaxt filan qədər yolpulu verib çörək almaq üçün şəhərə gəlməz. Deməli, məcburdur. Axı hamıya çörək lazımdır.
Bizə belə gəlir ki, əgər hər ay vaxtlı-vaxtında kənd mağazalarına adambaşına 8-10 kiloqram un verilsə, heç kəs əziyyət çəkib şəhərə gəlməz və saatlarla növbələrdə dayanıb çörək gözləməz.

“Şərq qapısı” qəzeti
30 yanvar 1993-cü il

Çörək növbələrindən ərzaq təhlükəsizliyinə
Buna ötən 25 ildə gələcəyə hesablanmış düzgün iqtisadi siyasət və susuz torpaqları hektar-hektar əkin dövriyyəsinə daxil etməklə nail olunub


Müharibələr, aclıqlar, çətinliklər görmüş ağsaqqal-ağbirçəklərimiz deyirlər ki, insanlara çörək qədər vacib olan başqa bir nemət yoxdur. Çörək elin varı, elin sərvətidir. El-oba çörəyi ilə tanınar. Bəli, 30 il əvvəl Naxçıvan blokadasının ilk illərindəki çətinliklərini yaşayanlar, çörək növbələrini görənlər çörək yolu gözləməyin başqa bir duyğu olduğunu yaxşı bilirlər. Həyatımız boyu çörəksiz yaşamağın mümkünsüzlüyünün, bəlkə də, fərqində olmadığımız halda, qarın içində, günün altında mağazanın qarşısında çörək maşınını gözləmək çörəyin müqəddəsliyini o qədər dərindən anladırdı ki... Məhz bu an çörəksiz yaşamağın mümkün olmadığı dərk edilə bilərdi. Məhz o növbələrdə hər yeni gün evə, ilk növbədə, çörəyin alınmasının vacibliyini düşündükcə bəli, dünyagörmüşlərin sözləri insanın beynində təkrarlanırdı: insanlara çörək qədər vacib olan başqa bir nemət yoxdur. Lakin Naxçıvan bu müqəddəs nemətlə imtahana çəkilirdi. Çörək elin varı, sərvəti olduğu üçün onun qıtlığı naxçıvanlıların hansı şəraitdə yaşadıqlarının əlavə şərhə ehtiyac olmadan göstəricisi idi.

Naxçıvan 30 il əvvəlki Naxçıvan deyil
Gənclər, sözüm sizədir...

Hər gün evlərinizdən çıxıb bu abad yurdun küçələri ilə ali və orta məktəblərə, iş yerlərinizə, əyləncə, ticarət mərkəzləri, bazar və sair ünvanlara yollanarkən yolboyu ürəkaçan mənzərələrlə qarşılaşırsınız: abad küçələr, sıralanan bir-birindən yaraşıqlı binalar, sıx yaşıllıqlar, gülkarlıqlar, parklar, xiyabanlar... Bu günün Naxçıvanında isti, işıqlı, şəraitli evlərinizlə isti, işıqlı, şəraitli ünvanlar arasında rahat bir həyat yaşayırsınız. Düşünürsünüz ki, Naxçıvan həmişə belə olub? Xeyr, üzümü sizə tutub demək istəyirəm ki, bu heç də belə olmayıb. Gəlin hər gün Naxçıvanımızın dünəninə bir nəzər salaq. Naxçıvanın haradan haraya, hansı vəziyyətdən bu günə gəldiyini öyrənək. Çünki dünənimizi bilməklə bu günümüzün qədrini bilə, dünənimizlə bu günümüzü müqayisə etməklə gələcəyə sanballı salnamə verə bilərik. Buyurun, tanış olun. 30 illik blokadanın ilk illərindən bir anı aşağıda sizə təqdim edirəm.
“Naxçıvan blokadası” kitabının I cildindən: “Dekabrın soyuğu, sazağı ilə dostlaşan, ona qapısını açan evlərimiz artıq bizim daldalandığımız dörd divar çərçivəsindən çoxdan çıxmışdı... Bayırdan gətirdiyimiz soyuğu evdə istiyə təslim edə bilmirdik, soyuğu elə soyuq da qarşılayıb çöksüsüz bir ortam yaradırdı evlərimizdə. Artıq evə tələsmək – rahatlığa tələsmək məhfumu silinib getmişdi düşüncələrimizdən. Çünki soyuq məktəblərdən, bağçalardan, iş yerlərimizdən heç olmasa, evlərimizdəki rahatlığa doğru uzanan yolların qarşısı çoxdan maneələnmişdi. İstiliyimiz közərtidən ibarət idi. Gündə­lik tapıb sobaya qoyduğumuz çör-çöp közərtisi. Bizdə belə bir söz var: ürəyin əsməyi. Bunu kimdənsə yana darıxanda işlədərdik. Bax blokadanın o imkansız günlərində ürəyimiz bir isti ocaqdan, evdən yana əsirdi. İnsan tələbatından çox-çox uzaqlarda olan yaşamımız kədərin ən dolğun ifadəsindən başqa bir şey deyildi. Qaranlıq, soyuq, kasıbçılıq... Gənclik, yeniyetməlik, uşaqlıq... Düşündürücü deyilmi? Hər üç məfhum bir-birinə nə qədər zidd idi... Yaşlı insanlar, xəstələr, körpəuşaqlı analar, hamilə, zahı qadınlar... Bir stəkan su isitməyin imkansızlığı... uşağın bələyini açıb altını dəyişmək üçün azacıq istiliyi olmayan otaqlar... xəstənin dərdinin özünə bəs etdiyi və ətrafda həmin dərdin üstünə qoyulan başqa dərdlər...

Kiminsə istəkləri naminə blokada vəziyyətinə salınan muxtar respublikanın yüzlərlə gənci blokadanın bir-birinə calanan və bitmək bilməyən dəhşətli günlərinin qaranlıq gecələrində gəncliyini itirir, soyuq küçələrdə yüzlərlə uşağın arzuları buzlaşır, bir daha yazın gəlib bu buzu əritməyəcəyi ümidsizliyində yox olurdu. Ən dəhşətlisi isə bu idi ki, naxçıvanlıların səsinə səs verən yox idi. Bunu dərk edənlər isə yaranmış vəziyyətin hələ çox uzaqlarda çıxış nöqtəsini görə də bilirdilər, görməyə də”.
Bütün bunların fonunda isə yüzlərlə gəncin, azyaşlı uşaqların çörək növbələrində açılan sabahları, bu növbələrdə ilişib qalan gələcəkləri, məhv olan arzuları var idi. Bəli, ötən illərdə Naxçıvanda ümummilli liderimizin başladığı işlərin ardıcıl, böyük məsuliyyət hissi və bacarıqla həyata keçirilməsi nəticəsində biz bugünkü Naxçıvanın sahibləriyik.

Torpağın varsa, çörəyin var, ərzağın var

Ümummilli liderimiz Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən böyük uzaqgörənliklə ilk dəfə olaraq muxtar respublikada aqrar islahatların həyata keçirilməsinə başlamışdır. 1992-ci il aprelin 6-da Ali Məclis tərəfindən qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında”, eləcə də “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar aqrar sahənin inkişafı ilə yanaşı, etibarlı ərzaq təminatının yaradılmasına da öz təsirini göstərmişdir. Muxtar respublikada torpaq islahatının uğurla başa çatdırılması, torpaqların əsl sahibinə verilməsi yeni emal müəssisələrinin yaradılması, ərzaq məhsullarının istehsalının əhəmiyyətli dərəcədə artması, eyni zamanda yeni iş yerlərinin açılması, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. Ulu öndərin 2001-ci il 2 mart tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” isə ölkəmizdə ərzaq təhlükəsizliyinin bazasını təşkil edən mühüm dövlət sənədidir. Ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaqla təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ölkəmizdə aqrar bölmənin maddi-texniki bazası, ümumilikdə, inkişaf istiqamətləri müəyyən edilmişdir. Bunun ardınca Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Naxçıvan üçün mühüm əhəmiyyətə malik olmuşdur. Hələ bundan əvvəl kənd təsərrüfatının kompleks inkişafı üçün muxtar respublikada 2005-2010-cu illəri əhatə edən kartofçuluğun, 2012-2015-ci və 2016-2020-ci illəri əhatə edən meyvəçiliyin və tərəvəzçiliyin, 2017-2022-ci illəri əhatə edən arıçılığın inkişafı üzrə Dövlət proqramları qəbul olunmaqla konkret inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.

Muxtar respublikada ötən illərdə aqrar sektorun inkişafı istiqamətində məhsul istehsalçılarına dövlət maliyyə yardımlarının göstərilməsi, meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi, gübrələrin güzəştlə çatdırılması, səmərəli kreditləşdirmə mexanizminin formalaşdırılması, lizinqin inkişafının dəstəklənməsi, lazımi texnikaların sayının tələbata uyğun artırılması, yeni satış bazarlarının təşviqi, yeni emal müəssisələrinin, istixanaların, toxumçuluq təsərrüfatının, soyuducu anbarların yaradılması kənd təsərrüfatı sahəsində iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə artırmışdır. Bütün bunlar ərzaq təhlükəsizliyinə gedilən yolda məsələnin bir tərəfidirsə, kənd adamları ilə görüşlər, onların əkinə-biçinə, ailə təsərrüfatlarını, fermer təsərrüfatlarını yaratmağa ruhlandırılması, məhsullarını realizə etmələrinə hərtərəfli şəraitin yaradılması isə məsələnin digər, həm də əsas tərəfi olmuşdur. Beləliklə, zəhmətkeş insanlarda torpağın varsa, çörəyin var, məhsulun var deyimi fonunda inam formalaşmış, bu inamla 90-cı illərin çörək qıtlığı öz yerini çeşidli kənd təsərrüfatı istehsalına vermiş, muxtar respublikada ərzaq təhlükəsizliyi təmin olunmaqla yanaşı, həm də ixrac potensialı formalaşmışdır.

Su əkinəyararlı torpaqdır, torpaq isə məhsuldur

Su anbarları, qapalı suvarma şəbəkələri, nasos stansiyaları, kəhrizlər...

Muxtar respublikada kənd təsərrüfatının ildən-ilə inkişafı, zəhmət adamlarının torpağı öz iş yerlərinə, dolanışıq mənbələrinə çevirmələri, üstəlik, blokadanın ilk illərində iş üçün qonşu dövlətlərə üz tutanların qayıtması və torpağı özlərinə iş yeri seçmələri ilə yeni torpaq sahələrinə ehtiyac yaranmağa başladı. Çünki labüd əkinəyararlı torpaqlar azlıq təşkil edirdi. İllərlə el içində deyildiyi kimi, “ağzı günə yatan” yararsız torpaqları əkin üçün yararlı vəziyyətə gətirib onları zəhmət adamlarına vermək düşünülürdü. Bu isə yalnız su ilə mümkün ola bilərdi. Beləliklə, ilkin mərhələdə, 2003-cü ildə ötən əsrin 80-ci illərindən tikintisinə başlanılmış, lakin məlum səbəblər üzündən sona çatdırılmamış Vayxır Su Anbarının tikintisinə yenidən başlanılmış və muxtar respublika rəhbərinin səyi nəticəsində 2005-ci ilin dekabr ayında başa çatdırılmışdır. Su anbarına ümummilli liderimiz Heydər Əliyevin adı verilmişdir. Həcmi 100 milyon kubmetr olan anbar istifadəyə verildikdən sonra 6919 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmış, ümumilikdə isə 16830 hektar sahənin suvarma suyu ilə təmin edilməsi mümkün olmuşdur. Bundan əlavə, 2008-ci ildə Arpaçay Su Anbarı əsaslı təmir olunmuş, 2014-cü ildə Uzunoba Su Anbarı yenidən qurulmuşdur. 2014-cü ildə Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Tə-zəkənd və Böyükdüz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından qidalanan su xəttinin çəkilişi başa çatdırılmışdır.

Meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi istiqamətində ötən illər ərzində Kəngərli rayonunda 2326, Babək rayonunda 1170, Culfa rayonunda 1050, Şahbuz rayonunda isə 618 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir. Beləliklə, indiyədək, ümumilikdə, 5200-dək hektar sahədə qapalı suvarma şəbəkəsi yaradılmışdır. Həmçinin Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 339 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılmışdır. Şahbuz rayonunun Külüs kəndi ərazisində yeni nasos stansiyasının tikintisi və təzyiqli boru xəttinin quraşdırılması işləri davam etdirilmiş, nasos stansiyası vasitəsilə suvarılacaq 400 hektar sahə əkin üçün yararlı hala salınmışdır.
Hazırda muxtar respublikada 30-dan artıq su anbarı və sututarları mövcuddur ki, bunlara da Araz Su Anbarı istisna olmaqla, ümumilikdə, 300 milyon kubmetrdən artıq su ehtiyatı toplamaq mümkündür.
Ötən dövr ərzində muxtar respublikada torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkələri, açıq və qapalı drenaj xətləri çəkilmişdir ki, bu da min hektarlarla torpaq sahələrinin meliorativ cəhətdən yaxşılaşdırılmasına səbəb olmuşdur. Muxtar respublikada öz axını ilə suvarma şəbəkələri ilə yanaşı, mexaniki suvarma sistemlərinin də böyük əhəmiyyəti vardır. Belə ki, Araz çayı və digər su mənbələri üzərində qurulmuş nasos stansiyaları və ərazidəki sub­artezian quyuları su təminatında mühüm rol oynayır. Ötən dövr ərzində muxtar respublikada 50-yə yaxın yeni nasos stansiyası tikilərək istismara verilmişdir. Hazırda 102 nasos stansiyası istismar olunur. Əkin sahələrinin və əhalinin suya olan tələbatının ödənilməsində mühüm rolu olan subartezian quyuları və kəhrizlərin istismarına da diqqət artırılmışdır. Ötən müddət ərzində 450-dək subartezian quyusu qazılmış, hər il yüzlərlə quyunun təmiri həyata keçirilir. Kəhrizlər İdarəsi tərəfindən qeydiyyata alınan 388 kəhrizdən 337-si istismar olunur, onlardan 150-dən çoxu yenidən bərpa edilərək əhalinin istifadəsinə verilmişdir. Muxtar respublikada yeraltı sulardan həm suvarma, həm də içməli su kimi istifadə olunmaqdadır. Beləliklə, su ilə yeni həyat verilən torpaq sahələri insanların iş yerinə, dolanışıq mənbəyinə çevrilməklə, bazarlarımızın bolluğuna, ilin bütün fəsillərində istənilən tərəvəz məhsullarını almağa imkan verməklə yanaşı, eyni zamanda heyvandarlığın inkişafına da böyük stimul yaradır ki, bu da muxtar respublikada, ümumilikdə, kənd təsərrüfatının inkişafı ilə nəticələnir.

Bol çörəkli, bol nemətli Naxçıvan

Dünyanın harası olursa-olsun, ən kiçik əyalətlərdən tutmuş böyük şəhərlərədək, harada rəhbər insan amilini, rifahını bütün məsələlərdən öndə saxlayırsa, orada inkişaf, tərəqqi də olur, əhali-rəhbər birliyi, həmrəyliyi də. Ötən illərdə bunu Naxçıvanda əyani şəkildə gördüyümüz üçün bu fikri belə əminliklə söyləyə bilirik. Budur, Naxçıvan göz qarşısındadır: dünəni və bu günü ilə. O dünəni görənlərlə və bu günü yaşayanlarla... Fərq o qədərdir ki, günlərlə, aylarla müqayisə mövzusudur bu gün Naxçıvan. Ən əsası isə o illərin acınacaqlı çörək qıtlığını hələ uzun illər öncədən çörək bolluğu ilə əvəz edəndir Naxçıvan. Bu gün Naxçıvan çörəkli, qonaqlı-qaralı, açıq süfrəli, bol nemətli bir diyardır. 30 il əvvəlin acınacaqlı blokadasına, sərhədlərinin təhlükəli vəziyyətinə, miskin görüntülərinə, yoxluğuna, qıtlığına, qaranlığına, soyuğuna yenə də blokada fonunda inkişafı, ən ucqar kəndlərindən şəhərlərinədək əhatə edən hərtərəfli quruculuq işləri, istehsal etdiyi elektrik enerjisi, bol, çeşid-çeşid, həm də ixrac məhsulları ilə meydan oxuyur Naxçıvan. 30 ilin əvvəlində çörək qıtlığı ilə üzləşən insanlar isə bu gün ərzaq təhlükəsizliyi təmin olunan qədim diyarda bu səbəbdən sağlam, təhlükəsiz, bolluq içində həyat sürürlər.

Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR