23 Dekabr 2024, Bazar ertəsi

O, general rütbəsindən daha yüksək məqama ucaldı...

Tarixboyu xalq olaraq həmişə şərəfli ölümlə fəxr etmişik, hətta ömrümüz boyu belə ölümlərə can atmışıq. Sinə gərmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, yaşamaq haqqını itirməyib. Var olub. Dediyimiz bir kəlmə söz, içdiyimiz and, verdiyimiz vəd əlimizdən tutub, bizi Vətən üçün şanlı ölümə aparıb. Məhz bu qətiyyət, cəsarət, mübarizlik, Vətənə olan sonsuz sevgi sayəsində şəhidlik adlı zirvəni fəth edən oğullarımızın sayı artıb. Vətən torpağı tam olsun deyə hər an özlərinin ömür payını bu yola fəda ediblər. Qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımız dünən də olub, bu gün də var, sabah da olacaq.

 

Elə Elməddin Qəhrəmanov kimi. Digər tay-tuşları kimi Elməddinin doğulub boya-başa çatdığı Qıvraq kəndində həmişə hərbi geyimdə insanlara daha çox rast gəlirdi. Orta məktəb illərində oxuduğu dövrdə Azərbaycan xalqının başına gətirilən müsibətlər, xüsusən də qonşumuz mənfur ermənilərin Xocalı soyqırımı törətməsi balaca Elməddində faşist ermənilərinə qarşı bir nifrət oyatdı. Odur ki, qarşısına məqsəd qoydu ki, böyüyüb hökmən zabit olacaq və itirilmiş torpaqlarımızı nəyin bahasına olursa-olsun geri qaytaracaq. Bu arzular onu peşəkar hərbçi olmağa gətirib çıxardı. Düzdür onun bütün arzuları yerinə yetirildi, Vətən müharibəsi zəfərlə başa çatdı. Lakin Cənnət qoxulu şəhidimiz nə Zəfər paradında iştirak edə bildi, nə də ki nişanlısı ilə ailə qura bildi. Elməddin bütün Azərbaycan xalqının oğlu olmaqla, ən yüksək pilləyə şəhidlik zirvəsinə ucaldı. Elməddin Niyaməddin oğlu Qəhrəmanov haqqında, onun keçdiyi qısa həyat və döyüş yolu haqqında bəzi məqamları oxucularımıza da, təqdim edirik:

“Mən Elməddinəm, mən zabitəm! Lazım gəlsə, canımdan keçərəm, ancaq o murdar ermənin qabağından qaçmaram”. Bir zabitin qardaşına yazdığı bu son cümlələr, məncə, Vətən sevgisinin sözlə ifadə edilə bilməyəcək ən dərin təcəssümüdür. Bu hisslərdir bizi Böyük Qələbəyə aparan. Bu hissləri qəlbində hər şeydən öncə yaşadan qəhrəman övladlarımızdan biri idi Elməddin Qəhrəmanov.

Elməddin 26 yanvar 1997-ci il tarixdə Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olub. 2003-2011-ci illərdə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına liseydə, daha sonra isə Azərbaycan Ali Hərbi Məktəbində (2014-2018) təhsil alıb. 2018-ci ildə Leytenant hərbi rütbəsini alaraq, ilk xidmət yeri olan Ağdam rayonuna yollanıb. Əvvəlcə “N” hərbi hissəsində taqım komandiri kimi xidmətə başlayıb. Xidmət etdiyi qısa zamanda dəfələrlə ayın və ilin nümunəvi taqım komandiri kimi seçilənlərdən olub.

Zabit yoldaşları arasında ünsiyyətcil olduğu üçün çox sevilən və xüsusi hörmətə malik bir zabit idi. Həmişə çalışırdı ki, əsgərləri üçün nümunəvi bir zabit olsun və o, buna da nail oldu. 2020-ci ilin əvvəllərində ailə qurmaq üçün hazırlıq işlərinə başladı ki, sevdiyi qızla nişanlansın. 2020-ci ilin yanvar ayının 26-da nişan günü oldu. Anası deyir ki, toydan söz düşəndə niyəsə “hələ tezdir” deyərdi. Heç vaxt heç nəyə tələsməzdi. O qədər səbirliydi, Elməddin. İkinci Qarabağ savaşı, 44 günlük Vətən müharibəsi başlayan kimi Elməddin də, digər zabit dostları kimi erməni faşistləriylə yaxın məsafədən döyüşə girdi. Hər bir döyüş zamanı özündən rütbəcə böyük zabit yoldaşlarından göstərdiyi qorxmazlığına, zabit çevikliyinə görə şifahi təşəkkürnamə alırdı. Şəhid zabitimiz Azərbaycan Silahlı Qüvvələrinin 100 illik ordeni ilə və bir çox xidmətdə fərqlənmə, diplom və təşəkkürnamələri ilə təltif olunmuşdu.

“Anasına bağlı olan ikinci belə bir övlad tanımırdım. Hər yazışmasında, hər danışığımızda mənə bağlılığını ifadə edirdi. Onun şəhadəti ilə anasını sevdiyi qədər Vətənini də sevdiyini anladım”. Gözyaşı və fəxarət dolan ananın dilindən çıxan bu sözləri duyub Elməddinlə fəxr etməmək əldə deyil. Toy etmək, oğlunun mürvətini görməyə hazırlaşırdı ana. Amma Elməddin düşmənə toy tutmayınca toy etməyəcəyinə söz vermişdi. Elə sözünün ardıca da getdi. 

Elməddin, “qəhrəman olunmur, qəhrəman doğulur”, kəlməsinin həqiqətdə bir əksi idi. Sanki doğuşdan, balaca yaşlarından bəlli idi onun gələcəyi, yüksələcəyi bu uca məqam. Anası əsl məramını sonralar başa düşdüyü bir xatirəsini bölüşdükdə Elməddinin yüksələcəyi o məqamı qəlbində ən böyük amal kimi yaşatdığının şahidi oluruq: “Mənim qəhrəman oğlum özünə yeni hərbi geyim almışdı. Onu ütüləyib, səliqəyə salıb əyninə geyindirəndə, “gün o gün olsun, general forması geyinəsən” xeyir-duasını verdim. Bu zaman Elməddin dedi ki, mənim arzum general olmaq yox, daha böyük vəzifə, daha yüksək məqamdı. O zaman nəyi ifadə etdiyini anlamasam da, “inşallah”, - deyə yola saldım. Elməddinin qəlbində yaşatdığı o yüksək vəzifəni şəhadət xəbəri gələndə dərk etdim. O yüksək vəzifə Vətənə xidmət, o məqam Vətən uğrunda şəhid olmaqdır”.

Atası Niyaməddin Qəhrəmanov deyir ki, Vətən darda olanda onun qeyrətli oğulları ondan ötrü can verməli, qan tökməli, onun sipəri olmalıdır. Elməddin də belə oğullardan idi. O torpağa bağlılıq, Vətənə sədaqət ruhunda böyümüşdü.

Elə bil torpaq üçün yaranmışdı. Bəlkə də, qismət, məsləhət belə imiş. Düşmən tapdağı altında olan torpaqlarımızın azad olmasında Elməddinin də əməyi olması qürur hissi yaşadır bizə.

Qardaşı onunla bağlı xatirələrini dilə gətirdikcə daha böyük yerə sahib olur qəlbimizdə qəhrəmanımız: “Mən onun balaca qardaşıyam. Aramızdakı yaş fərqi o qədər də böyük deyildi. Buna görə onunla münasibətimiz bir dost kimi idi. Yaş fərqimiz az olsa da, mənə qayğısı bir qardaşdan daha artıq idi, bir ata qədər qayğıkeşdi, qardaşım. Hər zaman mənimlə maraqlanan, mehriban bir qardaş, ailəsinə bağlı bir övlad idi. Qayğıkeşliyini elə hərbi xidmət illərində də bəsləyib hər kəsə. Əsgərlərinin hər biri Elməddindən ürək dolusu danışır, onu özlərinə təkcə komandir yox, qardaş bilirlər”.

Emin Qəhrəmanovdan qardaşının döyüş yolunu necə dəyərləndirirsən sualını verdikdə, fəxarət dolu bu sözləri eşitdim: “Qardaşımla hər zaman fəxr etmişəm, bu gün isə bütün Azərbaycan onunla fəxr edir. İlk xidmət yeri Ağdam idi. Xidmətə başladığı ilk andan gözü də, könlü də Ağdam məscidində idi. Anamla hər danışanda deyərdi ki, bircə o məsciddə əzan oxunan günü görsəydim, kaş ki səni bircə dəfə o məsciddə namaz qılmağa apara bilsəydim, elə bilərdim ki, səni həccə aparmışam, ana. Hətta məscidin minarəsindən azan səsini özü ucaldacağına söz vermişdi. Lakin tale ona azan səsini yox, daha müqəddəs bir səsi yüksəltməyi nəsib etdi: torpaqlarımızın haqq səsini və bu yolda şəhid getməyin qürurunu.

Emin Qəhrəmanov deyir ki, general Polad Həşimov şəhid olarkən, dedi ki,  bu artıq geri dönüşü olmayan yoldur. Generalı şəhid olan bir ordu bununla barışa bilməz deyə, qardaşım qəlbində qisas və düşmənə nifrət hissini daha da alovandırmışdı. Sentyabrın 27-də müharibənin başlanmasına sevinən Elməddin qisas günü gəldi deyə cəbhəyə atılmağın həyəcanını yaşadı. “Emin, qardaş, artıq gün, o gündür. Hiss edirəm, bunun sonu qələbə olacaq”, – anamı və nişanlımı sənə əmanət edirəm, – dedi və getdi. 

Döyüş yoldaşları onun qəhrəmanlıqlarından bəhs edərkən deyirlər ki, Elməddinin komandirliyi ilə Qarabağda tarix yazdıq. Biz bu tarixlə fəxr edirik. Dəfələrlə güclü hücumlar olunsa da qəhrəmancasına qarşısını aldı, əks- hücum əmri verməklə düşmənə ağır zərbələr endirdi. Oktyabrın 4-də gedən qızğın döyüşlər isə Elməddinin qəhrəmanlıq dastanında xüsusi yer tutur. Təkbaşına cəbhəyə atılan cəsur döyüşçü ağır silahlardan istifadə edərək düşmənə sarsıdıcı zərbələr endirib, əsl cəngavər kimi düşməni yanıldaraq onlara ağır itkilər yaşadıb.

“Bu dəfə də nəsib olmadı şəhidlik” - deyərək bu ali məqamı hər cəbhəyə atıldığında açıq bəyan edirmiş. Döyüş yoldaşlarını da bu ruhda irəli səsləyən Elməddin “Burada insan özünü yox, ancaq Allah insanı qoruya bilər. Qismətimə yazılıbsa Şəhidlik, son qanımın son damlasına qədər hazıram. Çünki biz bunun üçün seçilmişik” demişdi. Cəmi 2 gün sonra oktyabrın 6-da nəhayət Elməddin arzusuna çatdı, şəhadət şərbətini içdi. Düşmən hücumunu dəf edərkən ağır artileriyadan aldığı zərbə nəticəsində Vətənə canını fəda etdi. Həmin gündən də Ağdamda Naxçıvanlı qəhrəman kimi igidliyini dillərə dastan etdi. Soy isminin, damarında daşıdığı qanın, ayaq basdığı torpağın, vətəninin ciyərlərinə çəkdiyi havasının, içdiyi hər bir damla suyunun bele son damlasına qədər haqqını verdi şəhid qardaşımız. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda “ medalı ilə təltif olunan Qəhrəmanov Elməddin Niyaməddin oğlu öz layiqli yerini aldı.

Şəhidlər can qurban verərkən yox, unudularkən ölürlər. Sən heç zaman unudulmayacaq, Qarabağda dastan yazan qəhrəmanlarımızdan biri kimi daim qəlbimizdə yaşayacaqsan. Bu gün sənin doğulduğun gündür və qəzetdə bu barədə məlumat verilib. Əziz şəhidimiz, sənin doğum günün hər birimiz üçün əziz gündür. Çünki sənin kimi igidlərin cəfakeşliyi, fədakarlığı ilə bu torpaqlarda müstəqilliyimiz əbədi olacaq və sizin kimi oğullarla xalqımız daim qürur duyacaqdır.

Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR