23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir.
Azərbaycan xalqının multikultural ənənələrini yüksək qiymətləndirərək “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi Vətənidir”, – deyən ulu öndər Heydər Əliyev Azərbaycan xalqının əsrlərboyu təşəkkül tapmış multikulturalizm dəyərlərinə hüquqi-siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb, məhz bunun nəticəsində də multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib. Bir sözlə, ulu öndərin müəllifi olduğu Azərbaycançılıq ideologiyasının mərkəzində Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır.

Görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən həyata keçirilən siyasi xətt hazır­da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Siyasi kursun başlıca istiqamətlərindən biri, Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilmiş, 2014-cü il 15 may tarixli Sərəncamı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilmişdir.
Naxçıvan Muxtar Respublikasında da tarixi köklərə bağlı olan multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar təşkilat komitəsinin yaranması haqqında” Sərəncamından irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən məscid, ziyarətgah, imamzadə və türbə komplekslərində bir sıra mühüm təmir və bərpa işləri aparılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin hazırlanması haqqında Sərəncamı ilə mükəmməl bir loqotip ərsəyə gəlmiş, videoçarxlar, suvenirlər hazır­lanmış, zərf və poçt markaları buraxılmış, “İslam filmləri həftəsi” təşkil olunmuş, habelə elmi-kütləvi, mədəni və idman tədbirləri keçirilmişdir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2012-ci ili Naxçıvan Muxtar Respublikasında “Milli-mənəvi dəyərlər ili” elan etməsi milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, tədqiqi və təbliği sahəsində əvəzsiz addım kimi qədim diyarın tarixinə yazılmışdır.
Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovşağında yerləşməsidir. Bu istiqamətdə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası da tarixboyu Şərq və Qərb arasında müxtəlif sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu region kimi tanınıb, özünün multikultural ənənələrinə görə də diqqəti cəlb edib.
Qeyd olunmalıdır ki, 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır.
Azərbaycanda olan tolerant və multikultural reallığın təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir.
Bunlardan əlavə, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır.
Multikulturalizmlə yanaşı, ölkəmizdə dini tolerantlıqda da yüksək nailiyyətlər əldə olunmuşdur. Görkəmli dövlət xadiminin ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənmiş, bu sahə də dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də eyni funksiyanı uğurla yerinə yetirir. Bunun ən bariz nümunələrindən biri də muxtar respublikanın Ordubad şəhərində yerləşən məbəddir. Məbəd 1829-cu ildə inşa olunub. Uzun müddət rus pravoslav kilsəsi kimi fəaliyyət göstərib. Məbəd şəhərin ən yüksək məkanlarından birində inşa edildiyinə görə ətraf ərazi buradan yaxşı görünür. Bu gün həmin abidə tam bərpa olunaraq qorunur. Məbədin bu günədək qorunub saxlanılması xalqımızın multikulturalizm, tolerantlıq dəyərlərini özünün yaşam tərzinə çevirməsinin ən bariz nümunələrindən biridir.
Dini məbədlərlə bağlı ölkəmizdə yalnız məscid və kilsələr deyil, eyni zamanda bir çox yəhudi, xristian dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə, nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir.
Bu gün muxtar respublikamızda siyasi, ideoloji, dini atmosfer aydın və şəffafdır. Milli-mənəvi dəyərlərə malik olan əhali tolerantlığı, dözümlülüyü özünün həyat tərzinə çevirib. Elə bu səbəbdəndir ki, muxtar respublikada ömrünü Naxçıvanla bağlayan, burada daimi yaşamağa qərar verən başqa millətlərin nümayəndələri də az deyil.
Heydər Əliyev İslam dininin və Azərbaycan xalqının bu xarakterik keyfiyyətini çox gözəl ifadə etmişdir: “Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”.
Bu gün Prezident cənab İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayrı-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə müraciətlər edir, dini və milli bayramlarda insanlar arasında olur, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrasına nəzarət edir.
Eyni zamanda Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib.
Bunlardan əlavə, Azərbaycan tolerant­lıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən BMT, UNESCO, İSESCO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir.
Qeyd etmək yerinə düşər ki, ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda “Beynəlxalq Tolerantlıq günü” də təsis edilib.

Azərbaycan dövlətinin multikulturalizm və tolerantlıq siyasəti haqqında fikirlərimi ulu öndər Heydər Əliyevin sözlərini xatırladaraq yekunlaşdırmaq istərdim: “Biz, Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bu torpaqlarda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar”. Bunun ən bariz nümunəsini isə Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri 44 günlük Vətən müharibəsində ölkəmizin ərazilərinin mənfur erməni işğalçılarından azad olunmasında, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində azərbaycanlılarla yanaşı, böyük qəhrəmanlıq və şücaətlə vuruşmaları, bəzilərinin isə şəhidlik məqamına yüksəlmələri ilə bir daha göstərdilər.

Elvin Qurbani
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR