İllər öncə hər dəfə doğma diyara gələndə burada yaşayan qohum, tanışlar oradan ət məhsulları – əsasən də kolbasa gətirməyimi istəyirdilər. Amma bir neçə ildir ki, heç kim bunu istəmir. Bu hal mənə çox maraqlı gəldi və tanışlardan soruşanda ki, niyə heç biriniz ət məhsulları istəmirsiz, aldığım cavab, sözün düzü, marağıma səbəb oldu. Naxçıvana növbəti gəlişimdə burada istehsal olunan ət məhsullarının dadına baxdım. Doğrudan da, çox ləzzətli idi. Ət məhsulları kompleksi də istehsal və xidmət baxımından yüksək şəraitə malik bir müəssisədir. Artıq hər dəfə doğma diyarıma qonaq gələndə bu müəssisədə istehsal olunan müxtəlif çeşiddə keyfiyyətli ət və ət məhsullarından Bakıda yaşayan dost-tanışa sovqat aparıram. Bu sözləri Bakı şəhərində yaşayan və Naxçıvana qonaq gələn həmyerlimiz Əli Məmmədovdan eşidəndə bir anlıq keçmişə qayıdaram. Kolxoz, sovxoz vaxtlarına. Hansı ki çox işləsək də, südün qaymağını sovetlərin xəzinədarları, üzsüz hissəsini isə zəhmətkeşlər yeyirdi. Kolxozun əkin sahələri, tövlələri var-dövlətlə dolub-daşırdı. Amma insanlar o fermalardakı inəklərin nə ətindən, nə də ki südündən yetərincə faydalana bilirdi. Ümid qışa qalırdı ki, bəlkə, buz tutmuş yolda inəyin biri yıxılıb ayağını sındıra və kolxoz məcbur qalıb o inəyi kəsə və kənd sakinləri arasında bölə. Kolxozların tövlələri mal-qara ilə dolu olsa da, muxtar respublikamızda bir dənə belə olsa, ət məhsulları müəssisəsi yox idi. Bunun bir səbəbi var idi – asılılıq yaratmaq. Müstəqillik qazandığımız illərdən sonra hər sahədə olduğu kimi, bu istiqamətdə də xeyli iş gördülər. Həmin illərdə kimsə xeyir iş görəndə bir neçə gün əvvəldən Bakıya kolbasa sifarişi verməli olurdu. Bu gün isə tamam başqa bir mənzərə ilə qarşılaşırıq. Muxtar respublikamızda sahibkarlıq mühitinin formalaşması, iş adamları üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsində əhalinin ərzaq təhlükəsizliyi təmin olunub. İllər öncə ət məhsullarına olan tələbatımızı ödəmək, dadlı-tamlı bir məhsul əldə etmək üçün muxtar respublikadan kənara çıxırdıqsa, indi bunun tamam əksini görürük. Daxili bazarda yüksəkkeyfiyyətli ət məhsulları istehsal edilir. Bu gün Naxçıvanda istehsal olunan ət məhsulları respublikamızda və qonşu ölkələrdə adla deyilir. Artıq Naxçıvan brendlərinin arasında qovurma ilə yanaşı, burada istehsal edilən kolbasanın da adı çəkilir. Belə müəssisələrdən biri, “Gəmiqaya Ət Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti də dövlət qаyğısındаn bəhrələnmişdir. Babək rayonunun Qoşadizə kəndi ərazisində istеhsаl müəssisəsi üçün tоrpаq sаhəsi аyrılmış, 2012-ci ilin iyun ayından burаdа müasir layihə əsasında yеni ət məhsulları kompleksinin tikintisinə başlanılmış və 2013-cü ilin may ayında istifadəyə verilmişdir.