20 Aprel 2024, Şənbə

Son illərdə muxtar respublikamızda həyata keçirilən inkişaf strategiyasının əsas prioritetlərindən biri də yaşayış məntəqələrində kiçik və orta sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin olunmasıdır. Ucqar ərazilərdə, sərhəd bölgələrimizdə də bu yolla daha çox iş imkanlarının yaradılması isə dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir. Daxili bazarda yerli istehsalın xüsusi çəkisinin gündən-günə artması da bununla bağlıdır. Bu uğurların qazanılmasında yeni və mütərəqqi təsərrüfat forması olan ailə təsərrüfatlarının da böyük rolu var. Naxçıvanda bu təsərrüfat forması ilə məşğul olan insanlara hər cür köməklik göstərilir. Görülən işlərin nəticəsidir ki, belə təsərrüfatların sayı ildən-ilə artır. Bu qayğıdan qadınlarımıza da pay düşüb. 

 

Şərur rayonunda hazırda qadın ailə təsərrüfatı başçısı çoxdur. Onlardan biri də rayonun Cəlilkənd sakini, ölkə başçısının müvafiq Sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilən Familə Mirzəyevadır. Onu nəinki kənddə, hətta bütün Şərurda fəal torpaq mülkiyyətçisi kimi tanıyırlar. Əkib-becərmək zəhmət tələb edən iş olsa da, bu çətinliklər onu qorxutmayıb, əksinə, torpağa daha möhkəm tellərlə bağlanıb. Elə ötən günlərdə onunla söhbətimiz də torpağa sahiblənməyin qadınlarımız üçün üstünlükləri barədə oldu.

Familə Mirzəyeva dedi ki, 1999-cu ildən təsərrüfat qurmağa başlayıb. Dövlətimizin diqqət və qayğısı sayəsində bütün çətinliklərə sinə gərə bilib: – Əvvəllər bu işə başlayarkən bir çox insanlar buna gücümün yetməyəcəyini deyirdilər. Ancaq heç bir maneəyə görə ruhdan düşmədim, addım-addım da olsa, uğura gedən yolda bərkidim, istədiyimə nail ola bildim.
Familə xanımın sözlərinə görə, torpaq onun qədrini bilənin, ona min bir zəhmətlə qulluq göstərənin əziyyətinin əvəzini birə-beş qaytarır. Atalarımızın “Torpaq deyər öldür məni, dirildim səni” məsəli həmişə özünü doğruldub. Ailəmizin firavan dolanışığı torpaqla, əkin-biçinlə təmin olunur.
Müsahibim onu da deyir ki, muxtar respublikada həyata keçirilən tədbirlər ailə təsərrüfatçılarını daha geniş fəaliyyətə ruhlandırır, onlar ilbəil məhsullarının çeşidini artırırlar. 20 arı ailəsi var, 1 hektar sahədə sarımsaq əkib. Gələcəkdə 3 hektarda taxıl əkməyi nəzərdə tutub. Şərur Sənaye Məhəlləsinin istifadəyə verilməsini gözləyən ailə təsərrüfatı başçısı orada yeni sahə olacaq qarğıdalı yağı istehsalına öz töhfəsini vermək üçün gələcəkdə qarğıdalı əkməyi də planlaşdırır.

Sədərək rayonunun Sədərək kənd sakini, Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adına layiq görülən Mehparə Hüseynova da muxtar respublikada tanınan qadın ailə təsərrüfatı başçılarından biridir. Onun sözləri:
– Dövlətimiz bir çox sahələrdə bizə dəstək verir ki, bunlardan biri də istehsal etdiyimiz məhsulların yarmarkalarda satışının təşkilidir. Belə tədbirlər həm şəhərdə yaşayan insanlara, həm də bizə yaxından kömək edir. Biz yay, payız boyu hazırladığımız məhsulları satıb illik ruzimizi qazanır, onlar isə şəhərdə hazırlaya bilməyəcəkləri məhsulları alıb süfrələrinə aparır. Mehparə xanım onu da deyir ki, 2018-ci ildə keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında üçüncü, 2019-cu ildəki “Kətə” festivalında ikinci, 2019-cu ilin “Ailə təsərrüfatı məhsulları” festivalında isə birinci yerə layiq görülüb.
Torpağa qəlbən bağlanan Mehparə muxtar respublikada həyata keçirilən tədbirləri yüksək dəyərləndirir: – Dövlətimizin məqsədi odur ki, hər bir kəndli ona düşən torpaq payını boş saxlamasın. Buna görə də kənd adamlarına güzəştli kreditlər verilir, istehsal olunan məhsulun satışı təşkil edilir. Satış yarmarkalarında bir torpaq adamı, məhsul istehsalçısı kimi sevinirəm ki, mən də iqtisadiyyatımıza az da olsa, töhfə verirəm.
Gələcək planlarından söhbət açan müsahibim onu da bildirir ki, dövlət maliyyə dəstəyi ilə kənd qadınları ilə birgə yeni təsərrüfat sahəsi yaratmaq istəyir. Ona görə də gələn mövsümdə daha çox tərəvəz əkib-becərməyi planlaşdırır. Mehparə xanım onu da deyir ki, təsərrüfatını genişləndirərək qış üçün azuqələrin – meyvə şirələrinin, mürəbbələrin, cemlərin, müxtəlif yeməklərin hazırlanıb qablaşdırılması üçün şərait yaratmağı da planlaşdırır. Burada on qadına yeni iş imkanı açılacaq.
Kəngərli rayonunun Qarabağlar kənd sakini Pakizə İsmayılova kəndin qoçaq qadınlarındandır. O öz həyətyanı torpağını əkib-becərir, maldarlıqla məşğul olur. Deyir ki, bu torpağın hər qarışı ruzi mənbəyidir. Bir əkən, min biçir. Alın tərin torpağa qarışdısa, deməli, o torpaq bərəkətlənəcək. Yaz olanda Qarabağlar dağlarını kəklikotunun ətri bürüyür. Başqa dərman bitkiləri də var. Onları toplayıb həm şəxsi istifadəmiz, həm də yarmarkalarda satışa çıxarmaq üçün qablaşdırırıq. Heyvandarlıqla da məşğuluq. Bərəkətli torpaqlarda bitən bitkilərlə qidalanan mal-qaranın südü də bol olur. Ağartı məhsullarının istehsalına üstünlük verirəm. Hazırladığım pendir, şor-kərə yaxşı alıcı toplayıb. Yayda həyət-bacada yetişən meyvə-tərəvəzlərdən müxtəlif mürəbbələr hazırlayır, turşular qoyuruq. Dövlətimizin qayğıkeş əli isə həmişə çiynimizdədir. Sərmayə kapitalından tutmuş kreditə və müxtəlif sahələrdə köməkliyə kimi hər cür qayğı görürük. Məhsullarımızı hər həftənin şənbə günü keçirilən yarmarkalara, eləcə də festivallara çıxartmaqla yaxşı alıcı toplayırıq. Qədim diyarımızda bizim üçün o qədər gözəl şərait yaradılıb ki, kim işləsə, yaxşı dolana bilər.
Həmsöhbət olduğumuz ailə təsərrüfatçılarının səy və təlaşla bu gün keçiriləcək “Ailə təsərrüfatı məhsulları”nın satış-yarmarkasına hazırlaşdıqlarını müşahidə etdik, onlara uğurlar arzuladıq.
Əziz oxucular! Siz də diyarımızın keyfiyyətli, dadlı-tamlı, min bir dərdə dərman nemətlərindən hazırlanan ailə təsərrüfatı məhsullarından almaq istəyirsinizsə, hər birinizi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən satış-yarmarkaya dəvət edirik.

Ramiyyə ƏKBƏROVA

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR