23 Dekabr 2024, Bazar ertəsi

Son 25 ildəki misligörünməmiş inkişafa nəzər salmaq üçün təkcə ötən ilin
son ayının ümumi siyasi mənzərəsini təhlil etmək kifayətdir

Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində erməni vandallarının 30 ilə yaxın bir müddətdə zəbt etdikləri tarixi Azərbaycan ərazilərinin işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması – Azərbaycanın parlaq qələbəsi ilə tarixə həkk oldu. 2020-ci il noyabr ayının 10-da Ermənistanın hərbi kapitulyasiyasını təsdiqləyən üçtərəfli Bəyanatın imzalanması, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yolları vasitəsilə birləşdirmək istiqamətində, Naxçıvanın gələcək inkişafı və təhlükəsizliyi baxımından da mühüm tarixi addım oldu. Çünki Bəyannaməyə əsasən artıq Naxçıvanın Azərbaycanın digər bölgələri ilə yeni kommunikasiyaları yaranacaq, “Şərqin qapısı” sayılan muxtar diyarımızın Türkiyə və bütövlükdə, Türk dünyası üçün tranzit əhəmiyyətliliyi daha geniş müstəvidə aktuallaşacaq, diyarımız daha böyük iqtisadi-siyasi dəyər və nüfuza sahiblənəcək.

Tarixə nəzər saldıqda görərik ki, Naxçıvan ötən əsrin 90-cı illərinin əvvəllərində bu gün artıq müstəqil Azərbaycanın, Azərbaycançılıq ideologiyasının əbədilik rəmzinə çevrilən ulu öndər Heydər Əliyevin qətiyyətli siyasi fəaliyyəti nəticəsində erməni qəsbkarlarının işğalından xilas ola bildi. Ümummilli liderin diyarımızı məhv olmaq təhlükəsindən xilas etmək üçün göstərdiyi misilsiz xidmətlərindən biri də o idi ki, dahi şəxsiyyət hələ sağlığında Naxçıvanla bağlı arzularının ideal gerçəkləşməsinin, quruculuq xəttinin sonrakı dövrlərdə də uğurlu davamının əsasını qoydu. Zaman sübut etdi ki, ulu öndərin 16 dekabr 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında muxtar dövlətin başçısı seçilən cənab Vasif Talıbova böyük siyasi uzaqgörənliklə yüksək etimad göstərməsi, Naxçıvan kimi mühüm geostrateji əhəmiyyətli bir diyarı gələcəyin görkəmli siyasi xadimi kimi məhz ona etibar etməsi Heydər Əliyev siyasətinin təntənəsidir. Naxçıvan son 25 ildə blokada məngənəsindən muxtar respublika rəhbərinin gərgin fəaliyyəti, düşünülmüş qətiyyətli siyasi addımları, inkişaf, tərəqqi strategiyası nəticəsində xilas ola bildi. Qədim diyarımızın Azərbaycandan ərazi etibarilə ayrı düşməklə yaranan çoxsaylı problemlərinin unikal həlli, muxtar respublikamızın hərtərəfli sosial-iqtisadi inkişafına nail olunması, diyarımızın geo­strateji əhəmiyyətliliyinin qorunması və beynəlxalq nüfuzunun artırılması bu gün dövlətçilik tariximizdə Heydər Əliyev ideyalarına siyasi sadiqlik əzmi, inkişafın Naxçıvan modeli, Azərbaycan dövlətçiliyinə xidmət nümunəsi kimi dəyərləndirilən mühüm tarixi mərhələni təşkil edir. Naxçıvanın son 25 ildəki misligörünməmiş inkişafı, ictimai-siyasi, sosial-iqtisadi həyatında qazanılan uğurlar haqqında ilkin qənaət formalaşdırmaq üçün təkcə ötən ilin son ayının ümumi siyasi mənzərəsini təhlil etmək belə, kifayətdir. 

Dekabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdür. Ali Məclisin Sədri Azərbaycan-İran əlaqələrindən, eləcə də Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əməkdaşlıqdan bəhs etmiş, ikitərəfli münasibətlərin perspektivlərini diqqətə çatdırmışdır. Söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Son onilliklərdə muxtar respublikada əldə edilmiş sosial-iqtisadi inkişaf rabitə və yeni texnologiyalar sahəsini də əhatə etmişdir. Əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə müasir rabitə sistemi yaradılmış, ən ucqar dağ kənd­lərində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilmişdir. Hazırda muxtar respublikada montaj tutumu 95 min 128 abunə yerlik avtomat telefon stansiyalarından 70 min 585 abonent istifadə edir. Bunlarla yanaşı, istismar olunan 214 avtomat telefon stansiyasından 195-i və yaxud 91 faizi yeni nəsil texnologiyalara əsaslanır. 39 min 203 abonent isə genişzolaqlı internet istifadəçisidir. Bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Naxçıvanın beynəlxalq trans-Avrasiya fiber-optik magistrallarına ikitərəfli çıxışı təmin edilmişdir. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı da təmin olunmuş, bütün yaşayış məntəqələrinin genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətlərindən istifadəsi reallaşdırılmışdır. Bu sahədə həyata keçirilən çoxsaylı tədbirlərin davamı kimi dekabrın 8-də Kəngərli rayonunda telekommunikasiya sistemi və yeni Rabitə Evi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Muxtar respublika rəhbəri çıxış edərək rabitə və poçt xidmətlərinin təşkilinin bölgənin ümumi inkişafının əsas göstəricilərindən olduğunu vurğu­lamış, 33 minə yaxın əhalisi olan, 1 qəsəbə, 10 kənddən ibarət Kəngərli rayonunda Rabitə Evi üçün yeni binanın istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirmişdir. Çıxışda əhalinin bütün təbəqələrinin həm stasionar, həm də mobil telefon xidməti ilə təmin edilməsinin əhəmiyyətindən bəhs olunmuşdur. Ötən dövrdə rayonda rabitə və poçt xidmətləri üzrə 52 mütəxəssis yetişdiyini diqqətə çatdıran Ali Məclisin Sədri muxtar respublikada optik kabellərin çəkilməsi və birləşdirilməsi, müasir rabitə sistemlərinin qurulması, yeni texnologiyaların tətbiqinin yerli mütəxəssislər tərəfindən həyata keçirilməsini işin keyfiyyətliliyi, kadr potensialının formalaşdırılması baxımından uğurlu nailiyyət kimi qiymətləndirmişdir.
Muxtar respublika rəhbəri kollektivə fəaliyyətində uğurlar arzulamış, rabitə və poçt xidmətlərinin nümunəvi təşkili, yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar vermişdir. Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olmuş, Kəngərli rayon telekommunikasiya sistemini işə salmışdır. Bildirilmişdir ki, rayon ərazisində 4550-yə yaxın nömrə tutumu olan 12 avtomat telefon stansiyası quraşdırılmış və bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır. Yeni inşa olunan Rabitə Evində yerləşən 352 nömrəlik mərkəzi avtomat telefon stansiyası vasitəsilə 167 abonentə rabitə xidməti, 78 abonentə isə genişzolaqlı internet xidməti göstəriləcəkdir. Həmçinin Kəngərli rayonunda 4-cü nəsil “Naxtel”in və digər mobil operatorların baza stansiyaları mövcuddur. “Naxçıvanpoçt” publik hüquqi şəxsin Kəngərli rayon filialının müasirtipli binalarla təmin olunmuş 12 poçt bölməsində sakinlərə nümunəvi xidmət üçün hərtərəfli şərait yaradılmışdır.
Müasir çoxcəhətli inkişafı ilə dünyada tanınan müstəqil Azərbaycan Heydər Əliyev dühasının şah əsəridir. Zaman bizi bu böyük dühadan cismən uzaqlaşdırdıqca, ümummilli liderimizin zəngin siyasi irsi və dövlətçilik fəaliyyəti dərindən öyrənildikcə Onun müstəqil dövlətimizin yaranması və çoxcəhətli inkişaf yolundakı misilsiz xidmətləri daha aydın və şüurlu şəkildə dərk edilir. Dahi rəhbərin ötən əsrin 90-cı illərinin əvvəllərindən ulu diyarımız Naxçıvandan başladığı şərəfli xilaskarlıq və quruculuq missiyası Azərbaycançılıq, vətənpərvərlik örnəyi, öyrənildikcə tükənməyən milli və bəşəri siyasi xəzinədir.
Azərbaycan məhz bu fenomenal şəxsiyyətin müdrik siyasəti, qətiyyəti, uzaqgörənliyi nəticəsində müstəqil, demokratik, hüquqi və dünyəvi dövlətçilik yoluna qədəm qoyaraq inkişaf etməyə başladı. Bütün şüurlu ömrünü, məqsədyönlü siyasi fəaliyyətini müstəqil və qüdrətli Azərbaycan dövlətinin yaranmasına, ölkə­mizin dünyanın inkişaf etmiş dövlətlər sırasında bərqərar olmasına həsr etməklə milli yaddaşımızda əbədiyyət rəmzinə çevrildi. Bu gün ümummilli liderimizin siyasi kursunun qətiyyət və əzmkarlıqla davam etdirilməsi nəticəsində qazanılan möhtəşəm uğurlara görə ölkə­miz məhz müstəqil Azərbaycan dövlətinin qurucusu və memarına mənən borcludur. Heydər Əliyev ideyalarının əzmkarlıqla gerçəkləşdirilməsi nəticəsində 30 ilədək işğal altında olan torpaqlarımız 44 gün ərzində müzəffər Ordumuz tərəfindən düşmən tapdağından azad edildi, ərazi bütövlüyümüz təmin edildi, Azərbaycan qüdrətli, qalib ölkə kimi dünya siyasətini nizamlayacaq dərəcədə söz və nüfuz sahibinə çevrildi. Bu il dahi şəxsiyyətin ruhunu görkəmli dövlət xadiminin işğal olunmuş torpaqlarımızı nəyin bahasına olursa-olsun azad etmək, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməklə bağlı vəsiyyətinə əməl olunmasının sevinci ilə, ikiqat qürur və ehtiramla yad edirik. Eyni zamanda Heydər Əliyev siyasi məktəbinin layiqli varisi olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə, Heydər Əliyev siyasi xəttinə sədaqət nəticəsində əsl inkişaf və intibah dövrünü yaşamasına görə də ulu öndərimizin ruhunu dərin minnətdarlıq hissi ilə anırıq. Ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında inkişaf, milli birlik və həmrəylik, güclü dövlət və müstəqilliyin bəhrələrini gördükcə, Azərbaycan əbədi var olduqca, dahi şəxsiyyət, Böyük Azərbaycanlı Heydər Əliyevin əziz və müqəddəs xatirəsi, işıqlı ideyaları da əbədi yaşayacaq.
Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri də ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər. Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də ümummilli liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
Son 25 ildə muxtar respublikanı dinamik inkişaf və tərəqqi yoluna çıxaran uzaqgörən, düşünülmüş siyasət nəticəsində digər bölgələrimiz kimi, Babək rayonunun da siması inanılmaz dərəcədə dəyişmişdir. Aparılan kompleks quruculuq tədbirləri, yaradılan infrastruktur, istifadəyə verilən müasir sosial obyektlər sakinlərə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, əhali rifahına və məskunlaşmaya da müsbət təsir göstərmiş, rayon mərkəzi və kəndlər böyümüşdür. Bu il Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilmişdir. Artıq aqrar sənaye rayonuna çevrilməkdə olan, hazırda 62 adda sənaye məhsulunun istehsal edildiyi rayonda sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının sayının artması istehsal olunan məhsulların satışını da zərurətə çevirmiş, Babək şəhərində müasir bazar kompleksi tikilmişdir. Dekabrın 17-də həmin kompleks istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışında bildirmişdir ki, hazırda Babək rayonunda 5 min 900-ə yaxın sahibkarlıq subyekti fəaliyyət göstərir. Yeni bazar kompleksi sahibkarlıq müəssisələrinin, ailə təsərrüfatlarının istehsal etdikləri məhsulları satmalarına, kənd təsərrüfatı məhsulları yarmarkalarının keçirilməsinə, sakinlərin gündəlik tələbatlarını ödəyə bilmələrinə hərtərəfli şərait yaradacaq, bununla yanaşı, yeni iş yerlərinin açılması ilə əhalinin məşğulluğunun təmin olunmasına da töhfə verəcəkdir.
Ali Məclisin Sədri kompleksin qurulmasında əməyi olanlara təşəkkür etmişdir. Sonra kompleksə baxış olmuş, muxtar respublika rəhbəri bazarda ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi, əhalinin tələbatının nəzərə alınması, yarmarkaların təşkili və təmizliyə riayət olunması barədə tapşırıqlar vermişdir.
Ötən il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, dövlət-xalq-ordu birliyi sayəsində dövlət müstəqilliyimizin əsas zəmanəti, qayəsi olan ərazi bütövlüyümüz bərpa edildi, işğal olunmuş torpaqlarımız azad edilməklə Azərbaycan tarixinin şanlı zəfər salnaməsi yazıldı. Qürurvericidir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri də Qarabağda gedən hərbi əməliyyatlarda böyük şücaət göstərmiş, torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş, qazi olmuşlar. Onlar göstərdikləri rəşadətə görə Ali Baş Komandan tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülmüş, orden və medallarla təltif olunmuşlar. Xalqımızın igid və mərd oğulları bu Böyük Zəfəri tariximizə öz qızıl qanları ilə yazdı, yüzlərlə şəhid verdik. Dekabrın 7-də, 14-də, 22-də, 28-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimləri olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin tədbirlərdə iştirak etmişdir. Şəhid olan hərbi qulluqçularımızın üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilmiş, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılmış, sonra “Qurani-Kərim”dən ayələr oxunmuş, şəhid cənazələrinin önündən keçilmiş, şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salınmışdır. Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı vermişdir. Cəsur və qəhrəman oğullarımız vətənpərvərlik, torpaq sevgisi, birlik, həmrəylik rəmzi kimi qəlbimizdə əbədi yaşayacaqlar.
Muxtar respublikada şəhidlərimizə, onların ailələrinə böyük hörmət və ehtiram, qayğı göstərilməklə yanaşı, Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərin müalicəsi, onların sağlamlıqlarının bərpası da diqqətdə saxlanılır. Dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Vətən müharibəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbçilərlə görüşmüş, onların səhhəti və qidalanması ilə maraqlanmış, onlarla söhbət etmiş, Vətən müharibəsində göstərdikləri şücaətin qürurverici olduğunu bildirmişdir. Yaralı hərbi qulluqçu, “Azərbaycan bayrağı” ordenli mayor Təbriz Zeynalov göstərilən hərtərəfli dövlət qayğısına görə minnətdarlıq etmiş, hospitalda müalicə alan yaralı hərbi qulluqçulara hədiyyələr təqdim olunmuş, aparılan şirniyyatlar mətbəxə verilmişdir.
Son 30 ilə yaxın bir dövr ərzində muxtar respublikada əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin də uğurla davam etdirilməsinin real bəhrələrini görürük. Gənclərə göstərilən hərtərəfli dövlət qayğısı, onların mənzil şəraitinin yaxşılaşdırılması və işlə təmin olunması, güzəştli ipoteka kreditlərinin verilməsi sahəsində həyata keçirilən tədbirlər insan amilinə verilən qiymətin bariz nümunəsidir. Görülən işlər, eyni zamanda intellektual potensiallı, qeyri-adi istedada malik gənclərin muxtar respublikamızın inkişafı naminə daha böyük ruh yüksəkliyi, əzmkarlıq və səylə çalışmalarına böyük stimul olur. Son illər təkcə Naxçıvan şəhərində ümumi mənzil sayı 900-ə yaxın olan 21 yaşayış binası tikilib istifadəyə verilmiş, gənclərin ipoteka kreditləri ilə mənzil sahibi olmalarına şərait yaradılmışdır. Dekabrın 29-da Naxçıvan şəhərində yeni “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin tədbirdə iştirak etmiş, bu münasibətlə sakinləri təbrik edərək gənclərin sosial tələbatlarının ödənilməsi, mənzil problemlərinin həll olunması istiqamətində görülən tədbirləri dövlətin vətəndaşına, gələcəyi olan gənclərə göstərdiyi qayğının, eyni zamanda dövlət-xalq birliyinin nümunəsi kimi dəyərləndirmişdir. Ali Məclisin Sədri demişdir: “Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi öz bəhrələrini verir. Bu gün istifadəyə verilən yaşayış kompleksi də ölkəmizdəki inkişaf, sabitlik və firavan həyat tərzinin göstəricisidir. Bunlar mühüm amillərdir. Çünki elə ölkələr vardır ki, orada gənclərin mənzil sahibi olması üçün heç bir tədbir görülmür. Buna görə də hər bir gənc göstərilən qayğıya cavab olaraq işlədiyi sahədə fəaliyyətini düzgün qurmalı, ölkəmizin davamlı inkişafına töhfə verməlidir”.
Muxtar respublika rəhbəri kompleksin tikilməsində əməyi olanlara və təşkilatçılara təşəkkürünü bildirmiş, yaşayış kompleksində “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin kreditləri hesabına mənzil almış gənclərə orderləri təqdim etmiş, onlara rahat və firavan həyat arzulamışdır. Sonra kompleksin tikintisində əməyi olanlara hədiyyələr təqdim edilmişdir.
Sonra ümumi sahəsi 28 min 752 kvadratmetr olan , ümumilikdə, 132 mənzil mənzildən ibarət 6 binanın yerləşdiyi yeni yaşayış kompleksinə baxış olmuşdur. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan şəhərində yeni tikiləcək “Gənclər Yaşayış Kompleksi”nin layihəsinə baxmış, 7 doqquzmərtəbəli binadan ibarət olacaq yaşayış kompleksinin təməlini atmış, tikintinin keyfiyyətlə aparılması və mənzillərin sərfəli ipoteka şərtləri ilə gənc ailələrə satışı barədə tapşırıqlar vermişdir.
Yola saldığımız 2020-ci il bəşəriyyət üçün qlobal iqtisadi və humanitar problemlərlə, pandemiyanın dünya ölkələri üçün yaratdığı qaçılmaz çətinliklərlə tarixə yazılsa da, ümummilli liderimiz Heydər Əliyevin siyasi strategiyasına əsaslanmanın nəticəsidir ki, Azərbaycanda bəşəri bəla olan pandemiya və işğalçı düşmənlə müharibə şəraitində belə sosial-iqtisadi inkişaf dinamikası qorunub saxlanılmışdır. Ötən ilin ümumi siyasi-iqtisadi mənzərəsi deməyə əsas verir ki, muxtar respublikamızda da əhalinin rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunması sahəsində görülən sistemli tədbirlər real bəhrələrini vermişdir. Belə ki, ötən il muxtar respublikada bütün parametrlər üzrə iqtisadi sabitlik və davamlı inkişaf təmin edilmiş, mövcud resurslardan səmərəli istifadə nəticəsində makroiqtisadi göstəricilərdə artım müşahidə edilmişdir. Daxili potensialdan düzgün istifadə, yeni istehsal müəssisələrinin işə salınması sosial-iqtisadi sahələr üzrə çoxşaxəli inkişafı təmin etmiş, məşğulluq səviyyəsinin yüksəldilməsinə, sosial layihələrin uğurla həyata keçirilməsinə şərait yaratmışdır.
2020-ci ildə muxtar respublikada əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi 1,1 faiz artaraq 2 milyard 908 milyon manata yaxın olmuşdur. Diyarımızın inkişafının mühüm faktorlarından biri kimi sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və rəqabətqabiliyyətliliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri də mühüm əhəmiyyət kəsb etmişdir.
Sənayenin, aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, elm, təhsil, səhiyyənin inkişafı, maddi-mədəni irsin qorunması və təbliği istiqamətində mühüm işlər görülmüşdür. Əsas kapitala vəsait qoyuluşlarının həcminin ilbəil artması cari ildə də muxtar respublikanın quruculuq xəritəsini xeyli genişləndirmiş, yeni istehsal müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün müasir binalar, hərbi təyinatlı obyektlər tikilərək istifadəyə verilmişdir. Görülən işlər əhalinin məşğulluq səviyyəsini artırmış, cari ilin ötən dövründə muxtar respublika üzrə 943 yeni iş yeri açılmışdır.
Geridə qoyduğumuz 2020-ci ilin ötən dövründə muxtar respublikanın xarici ticarət dövriyyəsi 450 milyon 839 min Amerika Birləşmiş Ştatları dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 86 faizi, yaxud 387 milyon 540 min Amerika Birləşmiş Ştatları dolları ixracın payına düşmüş, 324 milyon 240 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dekabrın 30-da keçirilən dördüncü sessiyasında səslənən bu siyasi fikir və təhlillər, müqayisəli iqtisadi göstəricilər belə deməyə əsas verir ki, muxtar respublikamız ötən il də dinamik inkişaf, tərəqqi yolu ilə inamla irəliləmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sessiyada 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə etmişdir.
Sessiyanın gündəliyində duran digər məsələlərlə bağlı məruzələr dinlənilmiş, “Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu, “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul olunmuşdur. Sessiyada “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 22-ci maddəsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Vəzifəli Şəxsinin Mərkəzi Seçki Komissiyasının üzvləri haqqında təklifinə baxılaraq təsdiq edilmişdir.
Əsası ulu öndərimiz tərəfindən Naxçıvanda qoyulan həmrəylik və ordu quruculuğu siyasəti bu gün də uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında dövlət-xalq-ordu birliyinin təcəssümü, ordu quruculuğu siyasətinin tərkib hissəsi kimi müxtəlif əlamətdar günlərdə və bayramlarda əsgərlərlə görüşlərin keçirilməsi, sovqatların aparılması ənənə halını almışdır. Dekabrın 31-də – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov hərbi hissədə olmuşdur.
Ali Məclisin Sədri əsgərləri salamlamış, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etmiş, çıxışında bu əlamətdar günün yaranma tarixini siyasi təhlil etmişdir. Muxtar respublika rəhbəri vurğulamışdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda əhali ümummilli liderin ətrafında birləşərək sabitlik, inkişaf yolunu seçdi, muxtar respublikanın ərazisini qorudu.1993-cü ildə ümummilli liderin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Naxçıvanda formalaşmış Heydər Əliyev-xalq birliyi, həmrəyliyi, bütövlükdə, Azərbaycanda dövlət-xalq birliyinə çevrildi. Ulu öndərin rəhbərliyi və qətiyyəti sayəsində Azərbaycanda sabitlik yarandı, müstəqilliyimiz qorundu və hərtərəfli inkişafın əsası qoyuldu.
Ali Məclisin Sədri demişdir: “Ümummilli liderin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-xalq-ordu birliyi formalaşmışdır. Bu birliyin nəticəsi İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı. Ölkə Prezidentinin bir çağırışı ilə minlərlə insan səfərbərlik xidmətlərinə müraciət edərək könüllü cəbhəyə getməyə hazır olduqlarını bildirdilər. Vətən müharibəsində xalq-ordu birliyinin nümayişi olaraq insanlar ordumuzla həmrəylik nümayiş etdirdi, öz şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsullardan ordumuza dəstək göstərdilər. 1991-ci ilin 16 dekabrından başlanan həmrəylik 44 gün davam edən Vətən müharibəsində ölkəmizə qələbə qazandırdı, Azərbaycan torpaqları işğaldan azad edildi. Bu gün ölkəmizdəki həmrəylik həm də dövlətimizin inkişafının, insanların vətənpərvərliyinin göstəricisidir. 30 il əvvəl Naxçıvanda qəbul olunan qərar dünyada yaşayan bütün azərbaycanlıların həmrəylik gününə, həmrəylik nəticəsində qazanılmış qələbə isə dünya azərbaycanlılarının qələbəsinə çevrilmişdir. Ona görə də birliyimiz, həmrəyliyimiz hər il daha da möhkəmlənməli, hər kəs harada işləməsindən, xidmət etməsindən asılı olmayaraq ölkənin inkişafı, tərəqqisi üçün səy göstərməli, müstəqilliyimizin qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir”. Ali Məclisin Sədri əsgər və zabitlərə xidməti fəaliyyətlərində uğurlar arzulamışdır.
Hərbi hissəyə Sədərək rayonundakı yeni yaşayış binasında ikiotaqlı xidməti mənzil verilmiş, Ali Məclisin Sədri yeni mənzilin açarını hərbi hissənin zabiti Amil Rəhimliyə təqdim etmişdir. Amil Rəhimli göstərilən dövlət qayğısına görə minnətdarlıq etmişdir. Sonra Ali Məclisin Sədri hərbi hissədə xidmətin təşkili, şəxsi heyətin qidalanması və döyüş hazırlığının vəziyyəti ilə maraqlanmışdır. Gətirilmiş ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilmiş, xidməti mənzillə təmin olunan ailəyə xalça hədiyyə edilmişdir.

Əsrin son dörddə birində – 1995-2020-ci illərdə doğma diyarımız bir əsrdə keçilməsi mümkün olmayan böyük tarixi inkişaf və tərəqqi dövrü yaşamışdır. Bu misligörünməmiş tərəqqi ümummilli liderin inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən uğurla həyata keçirilməsi, Heydər Əliyev ideyalarına sonsuz sədaqət, bu siyasi irsə kamil bələdçilik sayəsində mümkün olmuşdur. Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin ölkəmizin, eləcə də onun ayrılmaz hissəsi olan qədim diyarımızın inkişafına göstərdiyi diqqət və qayğının işığında müasirləşən, çiçəklənən bir diyara, bütün gözəllikləri ilə dünyanın diqqət mərkəzində olan məkanına çevrilməsinə nail olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvan Muxtar Respublikasında ən müasir infrastruktur yaradılır, sosial obyektlərin tikintisi geniş vüsət alıbdır. Bütün bunlar muxtar respublikanın iqtisadi və sənaye potensialını gücləndirir. Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Naxçıvan rəhbərliyinə və Naxçıvanın rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək istəyirəm”.

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR