29 Mart 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimiz müalicəyə cəlb olunur, onlara yüksək səviyyədə səhiyyə xidməti göstərilir. Növbəti humanitar tibbi aksiyaya yanvarın 14-də Naxçıvan Diaqnostika Müalicə Mərkəzində start verilib.

Aksiyada şəhidlərin ailə üzvləri, Vətən müharibəsində iştirak edən və yaralanan qazilərimiz və onların ailə üzvləri heç bir kassa ödənişi etmədən, tibbi sığorta göndərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçirilib, zərurət yarandıqda ambulator müalicə, kiçik və böyük ölçülü cərrahi əməliyyatlara cəlb olunublar. Uroloji, terapevtik, kardioloji, rentgenoloji, laborator müayinələrdən keçənlərə müvafiq tibbi yardım göstərilib, təyinat və məsləhətlər verilib.
Aksiyada iştirak edən Vətən müharibəsi qazisi Elşad Heydərov bildirib ki, onun cərrahi müdaxiləyə ehtiyacı var idi. Sosial şəbəkələrdə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində belə bir aksiya keçiriləcəyindən xəbər tutub. Aksiyanın yüksək səviyyədə təşkili onun da kiçikölçülü göz əməliyyatına imkan verib və aparılan əməliyyatdan sonra özünü yaxşı hiss edir.
Müayinə və müalicələrlə əhatə edilən Səyyad İbrahimov, Yaqub Cəfərov, Zərəfşan Bağırova, Nüsrət Əhədov və başqaları da onlara göstərilən bu xidməti dövlətimizin şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə diqqət və qayğısının parlaq ifadəsi kimi dəyərləndirərək belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlıqlarını bildiriblər.
Əhalinin dərin rəğbətini qazanan bu tədbir iki gün davam edəcəkdir.

* * *

Naxçıvan Muxtar Respublika Xəstəxanasının və Doğum Mərkəzinin həkim və tibb işçiləri də yanvarın 14-də Şərur rayonunda humanitar tibbi aksiya keçiriblər. Aksiyada müxtəlif ixtisas həkimləri iştirak ediblər.
Aksiya müddətində 54 qadın ambulator müayinələrlə əhatə olunub. Naxçıvan Muxtar Respublika Xəstəxanasının 35 nəfərlik həkim briqadası 3 nəfər üzərində cərrahi müdaxilə aparıb.
Aksiyada iştirak edən muxtar respublika sakin­ləri onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR