23 Dekabr 2024, Bazar ertəsi

Etüd

Qış gecəsi, soyuğun ilk əvvəl avazı gəlir, sonra mehi. Gecələr uzanır, gündüzlər qısalır. Havalar tez qaralır, sanki qaçanı var, qovanı var. Tələsir zülmətə çatmaq üçün. Hadisələr çox sürətlə baş verir. Bir göz qırpımında. Bütün hadisələrdən agah olan təbiətin sakinləri bir-birinə qışın gəlişindən xəbər göndərir. Hər il belə olur. Səs salır dağ düzə, dərə təpəyə, çay meşəyə. Qış da xəz dərisini geyinib yol alır qədim Nuh diyarının, Əcəmi yurdunun gözoxşayan, dillərə dastan olan ünvanına. Keçdiyi hər yerə misilsiz sərvətini bəxş edir. Soyuqluğunu bölə-bölə xərcləyir. Necə də səxavətlidir bu qış. Heç yerdən əsirgəmir soyuğunu, çovğununu, tufanını.  Həm də ədalətlidir. Bərabər bölür şaxtasını, buz parçalarını. Təpədən dırnağa kimi soyuqlar başlayır. Ətrafdakı ağacların gövdəsindən başlayan soyuq budaqlarına qədər gəlib çıxır.  Donan ağacların boynunu bükməsi, üzərindən əsən şaxtalı, çovğunlu meh əzablı qışın görüntüsü kimi təqdim olunsa da, təbiətin ağ örpəyinin ecazkar tablosundan bir qaleriya salonu yaradır. Əlamətlərini sərgiləyir ətrafına. Qış üçhərfli bir hecalı olsa da, məzmunca çox dərindir. Məqsədcə çox kəskindir. Sərtdir.İnamlıdır, qərarlıdır. Məqsədlidir, iddiallıdır. Necə də prinsipaldır. Heç bir hadisənin haqqını başqasıyla əvəz etməz. Ədalətli bölgüsü var,  qoynundankı balası tək təsbkeşdir. Qoruyur öz fəslinin etibarını. Amma illərdir yorğun idi. Biraz  narahat, biraz da qəmgin idi....Ta ki, bu qışa qədər...

Bu qış bir başqa qışdır. Bu qış heç bir qışa bənzəmir.Ötən qışlardan fərqlidir. Ötən qışlarda vətən torpaqlarından uzaq sıxılırdı, təbiətin ürəyi. Üşüyürdü dağları. Təhnalıqdan gün sayırdı vidaşlamaq üçün. Sırasını dostu yaza vermək üçün. Darıxırdı uzaqlara baxa-baxa. Gözləri yol çəkirdi. Vətən torpaqlarında canlanmaq üçün. Amma artıq bu qış, o qışlardan deyil. Bu qışın hökmü də bambaşqadır. Ruhu da bambaşqadır. Zəfər qışıdır bu qış. Qələbə qışıdır bu qış. Üşütmür təbiətin qəlbini. Dondurmur qonaq olduğu çöhərələri...Bu qışın nağılı da başqadır. Qəhrəmanları da. Yazılan hekayəsi də. Sıralanan səhifələri də. Elə görünən mənzərələri də. Təbiətin soyuqdan qidalanıb, istiləşən ilhamı da. Yerində qaynayan məhəbbəti, coşub-daşan duyğuları da bir başqadır. Elə pöhrələnən təbiəti də bir başqadır. Bir vaxtlar cansızlaşan qan donduran budaqları üz döndərmişdi ağacından. Küsmüşdü qəribçilikdən. İndi donan çovğunu da qucaq açıb pöhrələnib. Əsən çovğununda Vətən həsrətiylə yanan qışın, həsrətində olduğu Qarabağ torpağına üz tutub torpaqlardan güc aldığı bir qışdır. Bu qış mənzərləri də bir başqa aləmdir. Əhatəsi genişdir. Ürəyi də genişdir bu qışın. Tələsmir heç bir yana. Xoşdur bu qışın soyuğu da, çovğunu da.  Bir sözlə bu qış bir başqa qışdır.

Türkan HÜSEYNLİ

 

 

 

 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR