Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına bayram sovqatı aparıb.
Əsgər və zabitlərlə keçirilən səmimi görüşdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, həmçinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 15-ci və Mülki Müdafiə Alayının yaradılmasının 14-cü ildönümü münasibətilə əsgər və zabitləri təbrik edib. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dekabrın 29-da imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikasında fövqəladə halların qarşısının alınması sahəsində səmərəli fəaliyyətlərinə görə nazirliyin bir qrup əməkdaşı “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.
Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyadakı bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır.
Səbuhi Məmmədov Fövqəladə Hallar Nazirliyinə göstərilən qayğıdan bəhs edib. Vurğulanıb ki, yaradılan şəraitin nəticəsində nazirliyin bütün struktur təşkilatları üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.
Muxtar respublikanın Baş naziri qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşmən işğalından azad etdi. Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini necə uca tutduğunu, onlarla fəxr etdiyini nümayiş etdirdi. Şəhidlərimiz də, yaralılarımız da bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrildi.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev və Mülki Müdafiə Alayının kollektivi göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra gətirilən bayram sovqatı əsgərlərə təqdim olunub.