23 Dekabr 2024, Bazar ertəsi

(monoloq)

       Salam olsun  şəhidim, salam olsun Vətən azadlığını  canına qurban verən  şəhidim.Qürur dolu baxışlarınla  köçüb getdin  bu dünyadan, ən uca məqama yüksəldin qardaşım. Oğul var evdən gedir, oğul var eldən gedir. İbrahim sən  eldən gedən oğullarımızdan oldun. Şəhidim eşitdim ki, sənin hərbiçi olmaq ən böyük arzularından biri olub. Hərbiçi olmaq istərkən daha böyük zirvəyə çatmısan qardaşım.Və həmin arzularını gerçəkləşdirməkdən ötrü canından, doğmalarından hər şeydən keçməyə hazır olmusan. Çünki sən ilk əvvəl Vətən deyib, sonra sevdiklərinin adını çəkirdin.

Sənin “ana” adlı nisgilin  vardı qardaşım, o nisgil ki, ana qoxsunu, ana qayğısını doyunca ala bilmədin. Ay İbrahim sənin haqqında qohumlarından, döyüş yoldaşlarından, kimdən soruşdumsa, mərdliyindən, igidliyindən, cəsurluğundan, qorxmazlığından,Vətənə olan sonsuz sevgindən, torpaqlarımızın azadlığa qovuşmağını dilə gətirməyindən, daha nələrdən elə ağızdolusu danışdılar ki... Elə Vətən müharibəsi zamanı döyüşlərə  canla-başla qatılmağın da  doğmalarının sadaladıqlarını bir daha təsdiq edirdi. Sən doğma torpaqlarımıza ayaq basdığın zaman dünyanın  ən xoşbəxt insanı olmuşdun bilirəm. Həyat yoldaşına zəng etdiyin zaman ilk cümlən bu olmuşdu: “bu torpaqların havasını ciyarlarıma çəkdiyim zaman  dünyanın ən xoşbəxt insanı oluram”. Şəhidim   sən Cəbrayıl, Füzuli, Zəngilan və Xocavənd istiqamətində gedən döyüşlərdə  bir tarix yazdın. O tarix ki, heç bir zaman silinməyəcək, o tarix ki,  adını  əbədiyyət zirvəsinə  ömürlük  həkk etdirdin. Ay İbrahim, sən döyüş meydanında nigarandın doğmalarından ötrü.  Onlardan xəbər tutan kimi yaxşısınızmı,siz yaxşı olun ki, mən də burada rahat olum deyirdin. Oktyabrın 30 idi sanki hiss etmişdin  şəhid olacağını, duymuşdun artıq ali məqama yüksələcəyini, ölümsüzlüyə qovuşmağa hazırlandığını. Gülərlə danışıb bu yolda geri dönməməkdə var əzizim, əgər mən geri qayıda bilməsəm səni ailənə və atama həvalə edirəm. Bu gün bizim daha çox duaya ehtiyacımız var. Vaxt gələr övladlarımıza atalarının keçdiyi döyüş yolundan danışarıq Gülüş, zaman o zaman olacaq ki,  sən mənimlə fəxr edəcəksən. Biz namazımızı qılıb Allahdan hər birimizə dəstək üçün dua edəcəyik:-deyib dəstəyi yerə qoymuşdun. İbrahim demək gün həmin gün idi,yarınla danışdıqdan düz yarım saat keçmişdi ki, üzərinə yağan mərmi güllələrindən canını qurtara bilmədin. Elə o andaca gözlərini əbədiyyən  yumub  şəhdilik zirvəsinə  ucaldın, bizlərinsə qəhrəmanına çevrildin.30 illik həsrətimizi, sevincimizə çevirənlərimizdən oldun.

       Qardaşım xəbərin varmı, sən şəhidlik məqamına ucalan zaman  sanki canın qədər sevdiyin Gülərinə ayan olmuşdu. Yatıb yuxuda görüb ki, qapı  döyülür, İbrahimin  şəhidlik xəbərini gətirirlər, elə bu andaca böyük təlaşla  duran  Gülər tez sənin nömrəni yığır və cavab vermədiyini görür. Gülər artıq yuxusunun gerçək olduğunu başa düşmüşdü o məqamda. 

       Dünya yıxılmışdı atanın çiyinlərinə.Atan sənin övladlarının dünyaya gələcəyi, baba adını qazanacağı günü səbirsizliklə gözləyirdi. Daşıdığı sənsizlik yükü nə qədər  ağır olsa da, bir o qədər vüqarlıydı, dağ çinarlı atan... Atan, bacın, həyat yoldaşın daha dik baxırdılar ölümün gözünə, daha əzmlə dayanmışdılar dünya pəncərəsi önündə, çünki  onlar şəhid ailəsi adını qazanmışdılar. Ay İbrahim bilirsənmi, atanın yanında  adını çəkər-çəkməz  cümlələri boğazında düyünlənib qalırdı. “Canımın parçası olan oğlumu itirsəm də, TƏKİ VƏTƏN SAĞ OLSUN. Vətənimizin sağalmayan yaralarını İbrahim kimi  mərd oğullarımız  sağaltmalıydı əlbətt”: dedi- atan.

          Şəhidim, Naxçıvan torpağına gəlişinin necə izdihamlı olduğunu gördün bilirəm.Səni tək ailən, sevdiklərin deyil, bütün Naxçıvan sakinləri  qarşıladı həmin gün. O torpaq necə xoşbəxtdir ki, sənin kimi qəhrəman oğullarımız tapşırılıb o torpağa. İbrahim ölümündən sonra  cənab Prezidentimiz İlham Əliyevin  sərəncamı ilə Vətən uğrunda  medalı ilə  təltif olunmaq müjdəsini ruhun xəbər gətirmiş olar sənə. Bu təltif Ali Baş Komandanımızın  öz əsgərinə verdiyi etimadının  göstəricisidir ay İbrahim. Xoşbəxtsən ki, həmin əsgərlərdən biri də  sən oldun şəhidim. Xoşbəxtsən ona görə ki, Qarabağ torpağının azadlığına imzasını atan igidlərimizdən oldun. Nə zaman torpaqlarımızın bütövlüyündən söz açılsa, nə zaman Qarabağımızın adı çəkilsə, bax elə o zaman sənin adın çəkiləcək İbrahim İbrahimov!

 

Nuray ƏSGƏROVA

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR