Şuşa şəhərinin su təchizatının bərpası ilə bağlı işlər davam etdirilir.
Bu barədə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, artıq Zarıslı və Kiçik Kirsdən gələn su mənbələri bərpa olunub: "Hazırda istismar işləri davam edir. Şuşa şəhərinin daxilində hərbçilərin yerləşdiyi binalar və yaşayış olmayan binaların hər biri təftiş olunur. Eyni zamanda, "Azərsu" Şuşa şəhərinə içməli suya olan təminatı yaxşılaşdırmaq üçün bir su maşını da təhkim edib. Ehtiyac olan yerlərə həmin maşın vasitəsilə içməli su çatdırılır, hazırda şəhər ərazisində istismar işlərinin davam etdirilməsi üçün 24 saatlıq iş rejimi tətbiq olunub".
A.Cəbrayıllı bildirib ki, Şuşa şəhərinin içməli su ilə təchizatı üçün anbar zonasında zərərsizləşdirici qurğu da quraşdırılıb.