19 Aprel 2024, Cümə

Məqaləyə ölkəmizdə 2003-cü ilin prezident seçkiləri ərəfəsində ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqına tarixi müraciətində cənab İlham Əliyevi xarakterizə etdiyi bu fikirlərlə başlamaq istəyirəm: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ötən bu müddət ərzində həm tarix, həm də cənab İlham Əliyev sübut etdi ki, ulu öndərin sözlərində nə qədər böyük həqiqət var.
Görkəmli dövlət xadimi Heydər Əliyevin dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənən siyasi kursunu uğurla davam etdirən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olan cənab İlham Əliyev özünün idarəetmə siyasətində, bütövlükdə, ölkənin maraqlarını əsas götürür. Yəni ucqar regionlarımız, ən kiçik yaşayış məntəqələrimiz dövlət başçısının eyni səviyyədə diqqət mərkəzindədir. Prezidentin fəaliyyəti dövründə ölkənin müxtəlif regionlarına səfərləri, bölgələrdə ayrı-ayrı sahələrin inkişafı ilə bağlı imzaladığı sərəncamlar, verilən tapşırıqların icrasının şəxsən dövlət başçısının nəzarətində olması da bunu təsdiq edir.
Strateji ərazidə yerləşən, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayan Naxçıvan Muxtar Respublikası, burada yaşayan hər bir Azərbaycan vətəndaşı dövlət başçımızın bu qədim yurd yerinə də qayğısını hər addımda görür. 18 il ərzində 14 dəfə Naxçıvana səfərə gələn, 135-dən çox müxtəliftəyinatlı obyektin açılışında iştirak edən ölkə başçısının görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirməsi tarix üçün qısa zaman kəsiyində Naxçıvanda da böyük uğurlara yol açıb. Bunun ifadəsidir ki, Naxçıvan bu gün böyük quruculuq layihələrinin əzmlə həyata keçirildiyi diyara çevrilib. Bu isə müstəqil Azərbaycan dövlətinin tarixi nailiyyətlərindən biri, müasir inkişaf modelinin real təzahürüdür. Prezident cənab İlham Əliyev 2019-cu il noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu qəbul edərkən bir daha muxtar respublikanın belə inkişafını yüksək qiymətləndirərək deyib: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”.
Bunu 2020-ci ilin qısa statistikasında da görmək olar. Ötən il pandemiyanın yaratdığı mənfi təsirlərə baxmayaraq, muxtar respublikada əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi 1,1 faiz artaraq 2 milyard 908 milyon manata yaxın olub. Onun bir nəfərə düşən həcmi 6 min 310 manat təşkil edib. Bu, 2019-cu ildəki göstəricidən 1,8 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu istehsalın payına düşüb. Qeyd olunmalıdır ki, bu rəqəmlər kiçik rəqəmlər deyil. Buna nail olmaq da asan başa gəlməyib, yollar axtarılıb, mövcud potensialdan səmərəli istifadə olunması diqqətdə saxlanılıb, elmi əsaslara söykənilib. Əldə olunan nailiyyətlər blokada şəraitində yaşayan diyarımızda insanların maddi-rifah halının xeyli yüksəlməsini təmin edib.
Sosial-iqtisadi inkişafda mühüm rola malik olan sahibkarlıq subyektlərinin, daha dəqiq desək, müxtəlif istehsal müəssisələrinin ilbəil artması muxtar respublikada bu sahəyə göstərilən qayğının ifadəsidir. 2020-ci ildə sahibkar­lara 30 milyon 909 min manat kredit verilib, 119 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, 34 hüquqi və 2 min 220 fiziki şəxs dövlət qeydiyyatına alınıb. Sahibkarlığın hazırkı inkişaf səviyyəsinin nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.
Hər bir ölkənin inkişafında sənaye sahəsi üstün rola malikdir. Ona görə də muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlərin həcmi və coğrafiyası ildən-ilə genişlənir, yeni istehsal sahələri yaradılır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2020-ci ildə muxtar respublikada istehsal edilən sənaye məhsulunun həcmi artaraq 1 milyard 40 milyon 475 min manat olub. Sənayenin dövlət sektorunda 68 milyon 245 min manatlıq, qeyri-dövlət sektorunda 972 milyon 230 min manatlıq məhsul istehsal edilib.
Tarixən aqrar region kimi tanınan diyarımızda bu sahənin inkişafına bu gün də ciddi önəm verilir. Bu da onunla bağlıdır ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır. Odur ki, insanların məşğulluğunun təmin edilməsində, sənayenin xammal bazasının gücləndirilməsində aqrar sahə mühüm rola malikdir. Həyata keçirilən tədbirlər sırasında meliorasiya-irriqasiya işlərinin davam etdirilməsi, muxtar respublikaya yeni kənd təsərrüfatı texnikalarının gətirilməsi, torpaq mülkiyyətçilərinə kreditlərin verilməsi, soyuducu anbarların fəaliyyətinin genişləndirilməsi xüsusi qeyd olunmalıdır. Təbii ki, bu istiqamətdə görülən işlər bəhrəsiz qalmayıb. Belə ki, muxtar respublikada keçən illə müqayisədə 4,6 faiz çox olmaqla, 537 milyon manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal edilib.
İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərir ki, qarşılıqlı iqtisadi əlaqələr saxlayan dövlətlər bu vasitə ilə öz iqtisadiyyatlarını gücləndirə, əhalisinin yaşayış səviyyəsini yüksəldə, iqtisadi asılılıqdan azad ola bilər. Bunun üçün istehsal edilən məhsulların keyfiyyəti rəqabətədavamlı və ixracyönümlü olmalıdır. Son illərdə muxtar respublikada bu amil üstün istiqamət təşkil edib. Xarici ticarət əlaqələrinin genişləndirilməsi, ixrac potensialının gücləndirilməsi, qarşıya çıxan problemlərin həll edilməsi bu istiqamətdə qazanılan uğurlara stimul olub. 2020-ci ilin muxtar respublikada “İxrac ili” elan edilməsi və “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması istehsal edilən məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaradıb. Həmçinin sistemli tədbirlərin həyata keçirilməsi sahibkarlıq subyektlərinin ixracyönümlü məhsul istehsalını da stimullaşdırıb. 2020-ci ilin ötən dövründə muxtar respublikanın xarici ticarət dövriyyəsi 450 milyon 839 min Amerika Birləşmiş Ştatları dolları təşkil edib. Ticarət əməliyyatlarının 86 faizi, yaxud 387 milyon 540 min Amerika Birləşmiş Ştatları dolları ixracın payına düşüb, müsbət saldo yaranıb.
Yuxarıda sadaladıqlarımız ölkə başçısının dediklərini bir daha təsdiq edir: “...Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır”. Və belə də oldu. Bu qədim yurd yerinə gələn siyasət xadimləri, turistlər də bunu gördülər. Naxçıvanlılar isə bu sürətli inkişafı öz həyatlarında yaşayırlar.
Bu gün ölkəmiz Heydər Əliyev məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Artıq Azərbaycan dünyada söz sahibi olan, güclü iqtisadiyyata və qüdrətli orduya malik bir dövlətdir. Bu qüdrətli dövlətin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da ulu öndərimizin və onun layiqli davamçısının ideyalarının dönmədən həyata keçirilməsi nəticəsində əsl inkişafa qovuşub. Dünya tarixinə yazılan müxtəlif hadisələrin mənfi təsirlərinin qarşısı qabaqlayıcı tədbirlərlə alınıb. Neçə illərdir ki, təmin olunmuş ictimai-siyasi sabitlik qorunub saxlanılıb. İctimai-siyasi sabitlik isə qaynar həyat ritminin davam etdirilməsində başlıca rol oynayıb.
Ötən il noyabr ayının 10-da Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması nəticəsində imzalanan üçtərəfli Bəyanatda Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yolları vasitəsilə birləşdirmək məsələsi ilə də bağlı müddəa öz əksinin tampışdır. Bu, Naxçıvanın gələcək inkişafı və təhlükəsizliyi baxımından böyük tarixi əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə bu məsələyə yenidən münasibət bildirərək deyib: “Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək”.
Dövlət başçısı çıxışında bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İranın istifadə edəcəyini bildərərək bunun əhəmiyyətini belə vurğulamışdır: “Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəf-müqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir”.
Bütün bunlar bir daha təsdiq edir ki, 2021-ci ildə muxtar respublikada inkişafın yeni mərhələsinin təməli qoyulub. Ölkə başçısının dediyi kimi: “...Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.
O da xüsusi qeyd olunmalıdır ki, 30 illik blokadanın hökm sürdüyü bir vaxtda bu şəkildə tərəqqiyə nail olmaq təcrübəsinə indiyədək dünyanın heç bir yerində rast gəlinməyib. Belə tərəqqiyyə, inkişafa nail olmaq üçün gərək insanlarda yüksək vətənpərvərlik ruhu, Vətən sevgisi, yurda bağlılıq, xalqa məhəbbət, dövlətə, dövlətçiliyə sədaqət hissləri olsun. Naxçıvanda bütün bunlar var.

 Muxtar MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR