22 Dekabr 2024, Bazar

Muxtar respublikada ilk dəfə olaraq məktəblilər arasında keçirilən “Mental Aritmetika” müsabiqəsinə yekun vurulub. Ümumilikdə, 2 mərhələdə keçirilən müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqənin əsas məqsədi şagirdlərdə yaddaş, qavrama, xəyal gücünü, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını və zehni aritmetika əməliyyatlarını doğru şəkildə icra etmələrini inkişaf etdirməkdən ibarət olub.    

 Müsabiqədə Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində yaradılan innovativ dərnəklər sırasında şagirdlərin zehni bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynayan Mental-Aritmetika dərnəyinə şagirdlərin marağı daha çox olmuş, qısa müddət ərzində 200-dən çox şagird həmin dərnəklərə cəlb olunmuşdur.                                                                

Qeyd edilib ki, məktəbdənkənar təhsil müəssisələrində yaradılan “Mental-Aritmetika” dərnəyi üzrə müəllimlər üçün təlimlər təşkil edilmiş, təlimlərdə muxtar respublika üzrə 30-dan çox müəllim iştirak etmişdir.                            

Müsabiqənin şəhər və rayon mərhələsi 2 turda keçirilib. Bu mərhələdə iştirakçılara 20-si Anzan proqramında, 10-u isə abaküsdə olmaqla, ümumilikdə, 30 sual təqdim olunub. İştirakçılara suallar elektron lövhədə səsli musiqi, melodiya və abaküs hesablama aləti ilə təqdim olunub. Müsabiqənin şərtlərinə görə elektron lövhədə tək və cüt rəqəmli zehni toplama və çıxma əməllərini ən azı 3, ən çoxu 10 say ilə yerinə yetirərək düzgün cavablandıran, abaküsdə iki əl ilə say və vahidlərdən istifadə edərək, riyazi əməliyyatlar apararaq cavablandıran iştirakçı ən yüksək xal toplayaraq qalib olub. Müsabiqədə qaliblərin seçilməsi üçün münsiflər heyəti yaradılmış, düzgün cavablar 3, 5, 10 bal sistemi ilə qiymətləndirilmişdir.                                                                                      

I mərhələdə 6-9 yaş kateqoriyası üzrə 1-ci turda 80, 10-14 yaş kateqoriyası üzrə 2-ci turda isə 120 olmaqla, ümumilikdə 200 şagird iştirak edib. İştirakçılardan hər iki yaş kateqoriyası üzrə ən yüksək xal toplayan 30 şagird muxtar respublika mərhələsində yarışmaq hüququ qazanıb.         

Yekun nəticələrə görə 6-9 yaş kateqoriyası üzrə Ordubad rayon 3 nömrəli tam orta məktəbin dördüncü sinif şagirdi Əsma Ağayeva I, Hacıvar kənd tam orta məktəbin ikinci sinif şagirdi Mövlan Cəfərli II, həmin məktəbin üçüncü sinif şagirdi Əzim Hacıyev III, 10-14 yaş kateqoriyası üzrə isə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin altıncı sinif şagirdi Vüsalə Cəfərli I, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin beşinci sinif şagirdi Nəsrin Kərimova II, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin yeddinci sinif şagirdi Mirməhəmməd Seyidov isə III yerin qalibi olub.

Müsabiqənin sonunda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr   şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR