Ölkəmizdə insanların məşğulluğu ilə bağlı həyata keçirilən tədbirlər, yeni iş yerlərinin yaradılması dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləyir. Məşğulluğun yüksək səviyyədə həlli üçün yeni yollardan, ehtiyat mənbələrindən istifadə olunur. Naxçıvan Muxtar Respublikasında da sosialyönümlü iqtisadi inkişafın təmin olunması ilə bağlı həyata keçirilən tədbirlər içərisində əhalinin məşğulluğunun artırılması sahəsində görülən işlər mühüm yer tutur. Səmərəli məşğulluğun inkişafına yönəldilən siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əsasında məşğulluq sahəsində prioritet istiqamətlərin həyata keçirilməsi əhalinin rifahının yüksəldilməsində mütərəqqi əhəmiyyətə malikdir. Görülən işlərin kompleks xarakter almasında icra edilən Dövlət proqramlarının xüsusi rolu vardır.
Ötən dövrdə Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2007-2010-cu və əhalinin məşğulluğunun artırılması üzrə 2014-2015-ci illəri əhatə edən Dövlət proqramlarının icrası yeni açılan iş yerlərinin sayının artmasına, cəmiyyətin müxtəlif sosial kateqoriyalarına məxsus şəxslərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası isə görülən işlərin əhatə dairəsinin genişlənməsinə səbəb olmuşdur.
Proqramın 5 il ərzində uğurla icra olunması muxtar respublikada 12 min 479 yeni iş yerinin açılmasına, əhalinin səmərəli məşğulluğunun inkişafına, əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılmasına, işaxtaranlar üçün özünüməşğulluq imkanlarının artırılmasına gətirib çıxarmışdır. Həmin dövrdə əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üzrə tədbirlərin reallaşdırılması da diqqət mərkəzində olmuşdur. Bu məqsədlə 2016-cı ildə 163, 2017-ci ildə 167, 2018-ci ildə 336, 2019-cu ildə 226, 2020-ci ildə 178 müəssisədə sorğu keçirilmişdir. Keçirilən sorğular nəticəsində əmək bazarında müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi təmin olunmuşdur.
Dövlət proqramının icrası muxtar respublikamızın sosial əmək potensialından səmərəli istifadəni təmin etmiş, işaxtaranların vakant iş yerlərinə göndərilməsi intensiv xarakter almışdır. Belə ki, 2016-2020-ci illərdə məşğulluq orqanları tərəfindən 14 min 699 nəfər vakant iş yerlərinə göndərilmişdir. İşə göndərilənlərin 4 min 815-ni gənclər, 3 min 502-ni qadınlar, 446-nı sağlamlıq imkanı məhdud şəxslər təşkil etmişdir. İşaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun təmin edilməsi diqqət mərkəzində olmuş, 1284 işaxtaran sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb edilmişdir. Bunlardan 341-i qadınlar, 273-ü gənclər, 183-ü isə sağlamlıq imkanları məhdud şəxslər olmuşdur. Dövlət proqramının icrasına uyğun olaraq 2016-2020-ci illərdə tətil günlərində işləmək istəyən 206 tələbə mövsümi işlərə cəlb edilmiş, hərbi xidmətdən yeni tərxis olunan 159 nəfər işlə təmin olunmuşdur.
Muxtar respublikamızda həyata keçirilən abadlıq-quruculuq tədbirləri şəhər və kəndlərimizin simasını bütövlükdə dəyişməklə yanaşı, müxtəlif fəaliyyət sahələri üzrə müasir iş şəraitinin yaradılmasına da xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə muxtar respublikanın kəndlərində sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi yeni iş yerlərinin açılmasına və əhalinin səmərəli məşğulluğunun təmin olunmasına imkan yaradır. Dövlət proqramının icrasına uyğun olaraq 2016-2020-ci illərdə kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbərxana, qadın gözəllik salonu və dərzi sexlərində 363 nəfərin işlə təmin edilməsi Naxçıvanda sosial-iqtisadi fəaliyyətin bütün sahələrində effektiv məşğulluğun təmin olunmasına göstərilən diqqətin mühüm təzahürüdür.
Proqramın icrası məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri də vaxtaşırı əmək yarmarkalarının təşkil edilməsidir. Bu istiqamətdə ötən 5 ildə keçirilən əmək yarmarkalarında 2 min 439, təhsil yarmarkalarında 519, səhiyyə işçiləri üçün təşkil olunan yarmarkalarda 197 olmaqla, ümumilikdə, 3 min 155 nəfər işlə təmin edilmişdir. Bu yarmarkaların səciyyəvi xüsusiyyəti işaxtaranların malik olduqları ixtisasa uyğun iş seçməsi üçün geniş imkanların mövcudluğu, eləcə də müxtəlif sahələr üzrə fəaliyyət göstərən müəssisə və təşkilatların bacarıqlı kadrlarla təmin edilməsidir.
Aktiv məşğulluq tədbirləri içərisində yeni iş yerlərinin yaradılması məqsədilə sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi xüsusi önəm kəsb edir. Bu tədbirlər bir tərəfdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və genişləndirilməsi üçün stimullaşdırıcı xarakter daşıyır, digər tərəfdən müxtəlif təyinatlı müəssisələrdə yeni iş yerlərinin açılması ilə nəticələnir. Proqramın icrasına uyğun olaraq 2016-2020-ci illərdə kiçik və orta sahibkarlığın inkişafı, həmçinin yeni iş yerlərinin yaradılması məqsədilə 332 layihənin maliyyələşdirilməsinə 48 milyon 477 min 442 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Sahibkarlığın inkişafını şərtləndirən tədbirlər içərisində dövlət maliyyə dəstəyinin göstərilməsi ilə yanaşı, bu fəaliyyətə yeni başlamaq istəyənlər üçün müvafiq kursların təşkili də başlıca rol oynayan amillərdəndir. Çünki düzgün istiqamətləndirmə və uğurlu plan əsasında qurulan iqtisadi fəaliyyətin nəticəsi də effektiv olur. Dövlət proqramında da bu məqsədlə müxtəlif tədbirlərin təşkilini nəzərdə tutan tapşırıq müəyyən edilmişdir. 2016-2020-ci illərdə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sahibkarlığa yeni başlamaq istəyən şəxslər üçün 5 kurs, 4 seminar, 3 təlim keçirilmiş, 280 halda şifahi konsaltinq xidməti göstərilmişdir. Görülən işlər müasir dövrün iqtisadi reallıqlarına uyğun səmərəli fəaliyyətin təşkili üçün hərəkətverici qüvvəyə çevrilmişdir.
Muxtar respublikamızın təhsil sistemində peşə hazırlığına prioritet məsələlərdən biri kimi üstünlük verilir, sosial-iqtisadi inkişaf tempinin tələbinə uyğun ixtisaslı peşə sahiblərinin yetişdirilməsi diqqətdə saxlanılır. Dövlət proqramının icrası məqsədilə əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif ixtisaslar üzrə peşə hazırlığının təşkili peşəkar kadrların hazırlanmasına imkan yaradır. Bu istiqamətdə 2016-2020-ci illərdə Naxçıvan Regional Peşə-Tədris Mərkəzində təşkil edilmiş kursları 1797, məhkumlar üçün cəzaçəkmə müəssisələrində təşkil olunmuş kursları 133, Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrində keçirilən kursları 14 min 672 nəfər olmaqla, ümumilikdə, muxtar respublika üzrə peşə kurslarını 16 min 602 nəfər bitirmişdir. Bütün bunlarla yanaşı, muxtar respublikada fəaliyyət göstərən müəssisələr üzrə işəgötürənlərlə keçirilmiş sosial tərəfdaşlıq mövzusuna həsr edilən 5 görüşdə əcnəbi işçi qüvvəsinin cəlb edildiyi yerlərin tələbatının yerli əmək bazarından təmin edilməsinin məqsədəuyğunluğu barədə məlumat verilmişdir.
Müasir dövrün reallıqlarından biri də ondan ibarətdir ki, mövcud peşələrin kəmiyyət və keyfiyyət etibarilə kifayət qədər rəngarəng olması yeniyetmələrin peşə müxtəlifliyi qarşısında düzgün seçim etməsini çətinləşdirir. Bu faktor nəzərə alınaraq Dövlət proqramında ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə onlara tədris müddəti ərzində əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatların verilməsi ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. Ötən 5 il ərzində qeyd edilən tapşırığın icrası nəzarətdə saxlanılmış, məşğulluq xidməti orqanlarının əməkdaşları tərəfindən ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan 19 min 425 şagirdə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatların verilməsi təmin olunmuşdur.
Naxçıvanda sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlərin əsasını insan amili təşkil edir. Cəmiyyətin bütün sosial kateqoriyalarından olan şəxslər dövlət qayğısı ilə əhatə olunur, onların ehtiyaclarının təmin edilməsi üçün bütün imkanlar səfərbər edilir. Sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya olunması sahəsində görülən işlərin miqyası genişlənir, abadlıq-quruculuq tədbirləri, sosial infrastrukturun yaradılması zamanı bu şəxslərin rahatlığının təmin olunması ön planda tutulur. Sosial qayğıya ehtiyacı olan şəxslərə diqqətin digər göstəricisi isə onların məşğulluğunun təmin olunması ilə bağlı reallaşdırılan layihələrdir. Dövlət proqramında bu istiqamətdə nəzərdə tutulan tapşırıqların yüksək peşəkarlıqla icra edilməsi sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası sahəsində yeni nailiyyətlərin əldə olunması ilə nəticələnmişdir. 2016-2020-ci illərdə muxtar respublikanın şəhər və rayonlarında dövlət və özəl müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olanların və işə düzəlməkdə çətinlik çəkənlərin işlə təmin olunması üçün kvota yerləri müəyyən edilmişdir. Ümumilikdə, bu kateqoriyadan olan və işə düzəlməkdə çətinlik çəkən 76 nəfər kvota yerlərinə işə göndərilmişdir. Eyni zamanda müvafiq peşə təhsilinə malik sağlamlıq imkanları məhdud şəxslərdən 446-sı iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuş, bu kateqoriyadan olan 132 nəfər peşə təhsilinə cəlb edilmişdir. Sağlamlıq imkanları məhdud və evdar qadınların müvəqqəti məşğulluqlarının təmin edilməsi diqqətdə saxlanılmış, onlarla bağlanmış müqavilələr əsasında 4 min 293 səməni haqqı ödənilərək alınmış, yundan hazırlanan 15 min 407 cüt corab, 2 min 434 şərf və 2 min 900 boyunluq toxunaraq hərbi hissələrə təhvil verilmişdir. Həmçinin bu dövrdə sağlamlıq imkanları məhdud şəxslərin hazırladıqları 7 min 892 adda müxtəlif əl işlərinin satışının həyata keçirilməsi onların özünüməşğulluğunun təmin edilməsinə şərait yaratmışdır.
Naxçıvanda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, onların aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi, bununla da fəal həyat mövqeyinin formalaşması daim diqqətdə saxlanılır. Bu istiqamətdə görülən işlər həmin ailələrin gəlirlərinin artırılmasına, ailə sahibkarlığının inkişafına gətirib çıxarır. 2016-2020-ci illərdə muxtar respublikada 595 aztəminatlı ailənin özünüməşğulluğunun təmin olunmasına, fərdi təsərrüfatının yaradılmasına və inkişaf etdirilməsinə köməklik göstərilmişdir. Bu ailələrdə 157 sağlamlıq imkanları məhdud, 24 müharibə veteranı, 89 ailə başçısını itirən, 57 nikahı pozulan, 17 cəzaçəkmə müəssisələrindən azad edilən, 7 həyat yoldaşı məhkum olunmuş sosial statuslu üzvlər vardır. Əvvəlki dövrlərdə özünüməşğulluq proqramına cəlb edilmiş 19 nəfərə əlavə kənd təsərrüfatı avadanlığının verilməsi isə bu sahədə həyata keçirilən tədbirlərin davamlı xarakter daşıdığını deməyə əsas verir.
Dövlət proqramında əməyin mühafizəsi məqsədilə nəzərdə tutulan tədbirlərin mühüm sosial əhəmiyyəti vardır. Bu istiqamətdə görülən işlər işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsinə, işçilərin əmək hüquqlarının müdafiəsinin təmin olunmasına şərait yaratmaqdadır. Onu da qeyd etmək lazımdır ki, işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılması məqsədilə həyata keçirilən tədbirlər muxtar respublikamızda insan sağlamlığının qorunması ilə bağlı görülən işlərin tərkib hissəsini təşkil edir. Bu istiqamətdə mütərəqqi əhəmiyyət kəsb edən digər mühüm tədbir isə işçilərlə bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə müqavilələrin bağlanmasıdır. Qeyd edilən tədbirlərin uğurla reallaşdırılması Dövlət proqramının icrası nəticəsində əldə edilən nailiyyətlərin sayını daha da artırmışdır. 2016-2020-ci illərdə qeyri-formal məşğulluğun qarşısının alınması və işə götürülən şəxslərlə əmək müqavilələrinin bağlanmasına nəzarət edilməsi məqsədilə 2 min 60 sahibkarlıq obyektində monitorinqlər aparılmışdır. Proqramın icra müddəti ərzində yeni əmək fəaliyyətinə başlayan 14 min 356 sığortaolunana elektron qaydada sosial sığorta şəhadətnaməsi sifariş edilmişdir. Həmçinin 385 obyektdə aparılan nəzarət zamanı fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 831 işçi həmin vasitələrlə yerində təmin edilmiş, 405 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılmışdır. Bu dövrdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 181 min 677 nəfərlə sığorta müqaviləsi bağlanmışdır.
Müəssisələrdə əməyin mühafizəsi və kadrlar üzrə mütəxəssislərin biliklərinin artırılması məqsədilə Naxçıvan Regional Peşə-Tədris Mərkəzində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” və “İş yerində əməyin mühafizəsi qaydalarına əməl edilməsi” mövzularında təşkil edilmiş 8 kursa 79 müəssisənin, 56 seminara isə 990 müəssisənin mütəxəssisləri cəlb olunmuşdur. 2019-cu ildə muxtar respublikada ilk dəfə olaraq “Əməyin mühafizəsi” adlı rüblük elektron jurnalın istifadəyə verilməsi bu sahədə geniş təbliğat işinin aparılması üçün yeni imkanlar yaratmışdır.
Proqramda nəzərdə tutulan həvəsləndirmə xarakterli tapşırıqların icrası isə işəgötürənlərin yeni iş yerlərinin yaradılması ilə bağlı fəallığının artırılmasına səbəb olmuşdur. Belə ki, işəgötürən sahibkarların həvəsləndirilməsi üçün “Ən fəal işəgötürən” nominasiyası üzrə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində 22 yanvar 2016-cı il və 25 aprel 2017-ci il tarixlərdə tədbirlər keçirilmiş, müsabiqə qalibləri mükafatlandırılmışdır.
Proqramın icra olunduğu müddət ərzində maarifləndirici xarakter daşıyan tədbirlərin həyata keçirilməsi də diqqətdə saxlanılmış, məşğulluq sahəsində görülmüş işlərə dair Naxçıvan Dövlət Televiziyasında 112 veriliş hazırlanmış, “Şərq qapısı” qəzetində 63 yazı dərc olunmuşdur.
2016-2020-ci illərdə icrası uğurla həyata keçirilən Dövlət proqramının məntiqi davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur. Yeni Dövlət proqramı bu sahənin muxtar respublikada yeni mərhələdə inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Proqramda da qeyd olunduğu kimi: “2021-2025-ci illəri əhatə edəcək yeni proqram da muxtar respublikada əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını təmin edəcəkdir”.
“Şərq qapısı”