Dünən Heydər Əliyev Muzeyinin yaradılmasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev qeyd edib ki, muxtar respublikamızda yaradılan muzeylər içərisində Heydər Əliyev Muzeyi xüsusi əhəmiyyət kəsb edir. Görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının şəriksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 1999-cu il 18 fevral tarixdə imzaladığı Sərəncam əsasında Naxçıvan şəhərində yaradılıb.
Heydər Əliyev Muzeyi 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. 2005-2006-cı illərdə əsaslı olaraq yenidən qurulan muzeyin açılışı 20 dekabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə olub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Heydər Əliyev Muzeyinin 22 illik fəaliyyəti dövründə muzeyə və muzey kollektivinə göstərdiyi diqqət və qayğı sayəsində ulu öndərin həyat və fəaliyyətini, ölkəmizin tarixi taleyində oynadığı misilsiz rolu və əvəzsiz xidmətlərini özündə ehtiva edən muzey respublikamızda analoqu olmayan bir məbədgaha çevrilmişdir. Muzey ulu öndərimizin dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik ideyalarını təbliğ edərək, gəncləri ümummilli lider kimi xalqa, vətənə və dövlətə sədaqətli olmağa ruhlandırır.
Tədbirdə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, sənətşünas Fizzə Quliyeva “Heydər Əliyev və muzeylərimiz”, Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və kitabxanaşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Məmməd Əliyev “Naxçıvan Muxtar Respublikasında muzey işinin təşkili və gənc kadrların hazırlanması” mövzularında çıxış ediblər.
Sonda Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanışlıq olub.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti