04 Noyabr 2024, Bazar ertəsi

Azərbaycan dili dünya dilləri arasında dərin tarixi köklərə malik bir dil olmaqla, öz zənginliyi və ahəngdarlığı ilə seçilir. Doğma ana dilimiz min illərin burulğanlarından üzüağ çıxaraq dövrümüzə gəlib çatmış ən böyük sərvətimizdir. Təkcə Azərbaycan dilində “Kitabi-Dədə Qorqud” kimi mükəmməl epos kifayət edir ki, dilimizin tarixi ilə öyünək. Hər bir dilin praktik işlənməsi üçün münbit şəraitlə yanaşı, onun yad təsirlərə qarşı müqavimətli olması da böyük rol oynayır. Bu müqavimətə tab gətirməyən bir dil assimilyasiya olunur, gələcək nəsillərə gəlib çatmır. Azərbaycan dilinə qayğı göstərməkdə ziyalıların, yazıçıların, dilçilərin daşıdıqları məsuliyyət daha böyükdür. Ona görə ki, cəmiyyətin bu təbəqəsi təkcə dildən istifadə etmir, həm də onun tətbiqi işinin təkmilləşdirilməsi, inkişaf etməsinə qayğı göstərir.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir. Bu, iqtisadi və başqa nailiyyətlərin hamısından üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus zəngin dilimiz var”.

Bu gün qürur duyuruq ki, ana dilimiz müstəqil dövlətimizin rəsmi dilidir, bu, dünyada hər bir millətə, xalqa nəsib olmur. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu gün dünyanın onlarla universitetində Azərbaycan dili tədris olunur. ABŞ-ın 6 universitetinin proqramında Azərbaycan dili öyrənilir. Asiya, Avropa və digər qitə ölkələrində də dilimizə maraq artmışdır.
Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin tarixi xidmətləridir ki, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinin əsası qoyuldu, elmi-tədqiqat materialları və kitablar nəşr olundu.
Dahi rəhbərin siyasi hakimiyyətə ikinci qayıdışından sonra da milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapmışdır. Ulu öndərin qəbul etdiyi “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə ölkəmizdə latın qrafikası tətbiq olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı Azərbaycan dilinin sərbəst inkişafı və geniş tətbiqi üçün zəmin yaratdı. Ümummilli lider latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyəti tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da Fərman imzaladı. Həmin fərmanla 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildi.
Bu gün ulu öndərin bu siyasəti ölkəmizdə uğurla davam etdirilir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ana dilimizə dərin ehtiramın ifadəsidir. Ölkə Prezidentinin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları Azərbaycan dilinə göstərilən qayğının ifadəsidir.
Bu gün Naxçıvan Muxtar Respublikasında da dövlət dil siyasəti uğurla həyata keçirilir. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi dilimizə ən böyük ehtiramın ifadəsidir. Son illər muxtar respublikada dərc olunmuş “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, 3 cildlik “Naxçıvan tarixi” kitabı, xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də inkişafına mühüm töhfədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərdə mütaliə mədəniyyətini formalaşdırmaqla yanaşı, onlarda ana dilinə sevgi və hörmət hisslərini də artırır. Dövlət atributlarından biri olan dilimizə hörmətlə yanaşmalı, babalarımızın mirası olan milli sərvətimizi göz bəbəyi kimi qorumalı, gələcək nəsillərə ərməğan etməliyik.

Türkan İSMAYILLI
Naxçıvan Dövlət Universitetinin ingilis dili müəllimi

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR