07 Dekabr 2024, Şənbə

Bəlkə də, adı çəkiləndə mənim kimi yüzlərlə Ələsgərsevərin qulaqlarında ilk çığnayan aşığın “Çərşənbə günündə, çeşmə başında, gözüm bir alagöz xanıma düşdü” sevdalı misraları olur. O sevda ki, az sonra həmin gözəl xanımın “nişanlıyam, özgə malıyam” deməsi ilə Ələsgərin qol-qanadının sınıb yanına düşməsi, xəyallarının çeşmə sularında qərq olması bir olur. Şair üçün bu bir təsadüf, yoxsa bəxtsizlikmidir, bilmirəm, bizim üçün hələ məktəb illərindən əzbərlədiyimiz ən gözəl qoşma idi. Lakin sonralar öyrənəndə ki, Ələsgər 40 yaşında ailə qurub, onda anladım ki, bəli, “Güllü”, “Gülpəri”, “Güləndam”, “Telli”, “Ceyran”, “Xurşid”, “Müşkinaz”, “Maral”ın hər səfası xoş olsa da, onun ağlını başından alsalar da, “Səni gördüm, əl götürdüm dünyadan”, – deyən aşığın qisməti, alın yazısı olmayıblar.

Bəlkə, elə buna görə “Gözü yaşlı, еy füqəra Ələsgər, işi əysik, baxtı qara Ələsgər, olmadı dərdinə çara, Ələsgər, həsrət əlin o dildara yеtmədi”, – deyib gileyləndi həyata... Bəlkə, elə buna görə divanəyə çevrildi, aşiq aşığı oldu, sözü cilalayıb, düzüb-qoşub qoşma, dodaqdəyməz, cığalı, müstəzad təcnis, müxəmməs, divani, gəraylı, bağlama, həcv və hərbə-zorba, deyişmə, qəzəl, mərsiyə, dastan-rəvayət adlı lələ çevirib bir xəzinə yaratdı Aşıq Ələsgər. Bütün bunlar bəs etməyəndə isə el-el gəzdi, sazını sinəsinə sıxıb həyatının mənasını söyləmələrində, deyişmələrində, bağlamalarında tapdı. Bu yolda müdrikləşdi, aqilləşdi, ağsaqqallaşdı, hər kəsin həsəd, eyni zamanda hörmət etdiyi insan oldu. Məclislər, toylar bəzəyinə çevrildi. Sorağı Azərbaycana, hətta ölkəmizdən kənara yayıldı. Onu görmək, tanımaq, dinləmək üçün insanlar məqam axtarmağa başladılar. Bu da hər kəsə nəsib olmayan bir qismət idi ki, Aşıq Ələsgərlə bir məclisdə ola, onu dinləyə, qarşısındakı aşıqların əlindən sazını almasını izləyə. Çünki Aşıq Ələsgər sıradan aşıqlardan deyildi, “Aşıq olub, diyar-diyar gəzənin, əvvəl başda pür kamalı gərəkdi, oturub-durmaqla ədəbin bilə, mərifət еlmində dolu gərəkdi” mərifətlərinə malik, “Danışdığı sözün qiymətin bilə, kəlməsindən ləli-gövhər süzülə, məcazi danışa, məcazi gülə, tamam sözü müəmmalı gərəkdi”, – dəyərinə qadir aşıqdı. Haqq aşiqi və haqq aşığı olduğu üçün özü haqqında dediyi “Ələsgər haqq sözün isbatın vеrə, əməlin mələklər yaza dəftərə, hər yanı istəsə, baxanda görə, təriqətdə bu sеvdalı gərəkdi” sözlərini tamamilə haqq edirdi.
Özünəməxsus təbii gözəllikləri ilə seçilən, qədim yurd yerlərimizdən olan Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açmışdı. Bu gözəlliklər məskəni, bəlkə, Ələsgəri Ələsgər etmişdi? Dağından-dərəsindən, yaylasından-düzündən, çayından-bulağından, gülündən-çiçəyindən ilham alıb, bəlkə, aşıq olmuşdu Ələsgər?.. Sözsüz...

Adım Ələsgərdir, Göyçə mahalım,
Dolanım başına, mən dərdin alım,
Hüsnün şöləsinə xəstə xəyalım
Pərvanədi, şəmistanlar dolanır.

Göyçə Ələsgəri bir təbiət sevdalısı, vurğunu etmişdi. “Bahar fəsli, yaz ayları gələndə, süsənli-sünbüllü, lalalı dağlar”, “Gözəllər seyrangahısan, görüm səni var ol, yaylaq!”, “Yazın bir ayıdır – çox yaxşı çağın, kəsilməz çeşməndən gözəl yığnağın”, “Köçər ellər, düşər səndən aralı, firqətindən gül-nərgizin saralır” deyir, vəsf edirdi ana yurdunu şair. Bu təbiətə məxsus hər şey Ələsgər üçün qiymətli, əvəzolunmaz idi. Mahalının təbiəti qədər oradakı bütün varlıqlar da onun üçün dəyərli idi. Elə buna görə də “Gedirdim güzarım düşdü bulağa, ovçu bərəsində maralı gördüm, yatır, inildəyir, durub boylanır, bir neçə yerindən yaralı gördüm”, – deyən şairin insanpərvərliyi belə misralanır:

Təbib olsam, yaraların bağlaram,
Sinəm üstün düyünlərəm, dağlaram,
Ələsgərəm, o səbəbdən ağlaram,
Ananı baladan aralı gördüm.

Ələsgərin Aşıq Ələsgər olmasında söz yox ki, İlahidən gələn istedadla, Göyçədən aldığı ilhamla bərabər, müəllimi aşıqlar aşığı Aşıq Alının da əvəzsiz xidmətləri danılmazdır. Onun yanında şəyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə yanaşı, ədəb və mərifət qaydalarını da öyrənmişdir. Aşıq Alı Ələsgəri ürəyincə yetişdirəndən sonra günlərin birində toy məclisində şəyirdinin şöhrətini qaldırmaq, onu el içində ucaltmaq üçün özünü qəsdən məğlub edərək sazını qalib tərəfə – Ələsgərə təslim etmişdir. Ələsgər isə böyük təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtiramını vicdanının səsi olaraq bədahətən belə ifadə etmişdir:

Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar.

Elə bu məqamda Aşıq Ələsgərin ustadına verdiyi cavab onun şəyirdi Nağı ilə birlikdə Naxçıvan səfərini xatırlatdı mənə. Öncə vurğulayım ki, Ələsgər şəyirdlik dövrünü başa vurduqdan sonra şöhrəti qısa zamanda qonşu mahallara yayılmış, əvvəlcə Göyçədə aşıqlıq etmiş, ağır toy məclisləri aparmış, daha sonra gözəl bir sənətkar kimi İrəvana, Naxçıvana, Qazağa, Qarabağa, Cavanşir ellərinə, Gəncəyə, Kəlbəcərə çağırılmış, harada olmuşsa, orada ədəbi, gözəl səsi, bənzərsiz ifası ilə hər kəsi heyran qoymuşdur. Bəli, Aşıq Ələsgər Naxçıvana da tez-tez gələr, burada məclislərdə iştirak edər, məharəti ilə insanları heyran edərmiş. Ələsgərin yaddaqalan Naxçıvan səfərlərindən biri şəyirdi Nağı ilə birlikdə olur. Məncə, bu hadisə onun Naxçıvana yenicə gəlməyə başladığı dövrlərdə baş vermişdir. Beləliklə, keçək mətləbə: Ətrafdakı insanların qızışdırıcı “tərifləri” ilə ustadının üzünə ağ olan və ondan üstün olduğunu söyləyərək ayrılıb el-el gəzən Nağı günlərin bir günü gəlib Naxçıvana çıxır. Burada özünü aşıq kimi qələmə verir. Bir bəyin məclisində söz ona veriləndə biabırçı vəziyyətə düşür və əlindən sazı alınır. Onun aşıq yox, hələ kiminsə şəyirdi olduğu açıqlanır. Nağıya vaxt verilir ki, getsin ustadını gətirsin, yoxsa vəziyyəti heç də yaxşı olmayacaq. Hələ ona rişxənd də olunur ki, sən beləsənsə, gör ustadın nə gündədir. Nağı səhvini başa düşür, qayıdır, Aşıq Ələsgəri tapır, yalvarır, üzr istəyir, onunla Naxçıvana getməsini xahiş edir. Onlar yola çıxırlar. Yolboyu maraqlı əhvalatlarla dolu günlər yaşayaraq gəlib çıxırlar Naxçıvana. Lakin Ələsgər Nağıya qəti tapşırıq verir ki, onu, sadəcə, yaşlı, ağıldankəm qoca kimi qələmə versin, kim olduğunu deməsin, adını da Solaxqəy deyə təqdim etsin (qeyd edim ki, Aşıq Ələsgər sazı sol əli ilə ifa edirmiş). Beləliklə, gəlib çatırlar, burada yenə məclis qurulur, aşıqlar sazlarını sinələrinə alıb meydana çıxırlar, oxuyurlar, deyişirlər. Məclisə daxil olarkən aşıqlar Nağıya “Ay abırsız, səni bağlayıb, özünün də sazını almışıq, özün nə bilirdin ki, indi də gedib bunu gətirmisən, hələ bir bəyi xərcə saldığın da bəs deyil?!” deyəndə Ələsgər onlara: “Ustalar, siz deyişirsiniz, ya döyüşürsünüz?”, – deyir. Aşıqlar “deyişirik”, – deməklə meydan qızışır. Cəfərullah və Əsədullah adlı aşıqlar haradan deyirlərsə, Aşıq Ələsgər onları bağlayır. Aralarında pıçıldaşırlar ki, bəlkə, göyçəli Aşıq Ələsgərin bağlı bəndini bu qocaya deyələr, bununla qocanı bağlaya bilələr.

Usta Əsədullah deyir:
– Cəfərullah, götür o sözü de!
Cəfərullah başlayır:
Altı gündə dünya neçə don geydi,
Nə üstə əyləşdi bərqərar oldu?
Əzəl kimlər oldu Turun bənnası,
Ulduzlar nə təhər yerbəyer oldu?
Solaxqəy (Aşıq Ələsgər) deyir:
– Oğul, o söz ki, deyirsən, bə demirsən birdən söz sahibi böyürdən çıxar, onda neynərsən?
Cəfərullah:
– Nəhlət sənə şeytan, tərs ki, tərs. Nə tərsinə aşığımış. A qoca, fikrin var bunu da açasan? Sazı bəri ver!
Solaxqəy dedi:
– Qulaq as, oğul!
Altı gündə dünya iki don geydi,
Gavi-mah üstündə bərqərar oldu.
Haqq özü olubdu Turun bənnası,
Ulduzlar göy üstə yerbəyer oldu.
Aldı Cəfərullah:
De, neçədi müqərrəyin mələyi,
Onların içində hansıdı bəyi?
Nə canlı, nə cansız, ərşin dirəyi
Nə ilə çalındı, mötəbər oldu?
Aldı Solaxqəy:
On altıdı müqərrəyin mələyi,
Hümisədi onun içinin bəyi,
Nə canlı, nə cansız, ərşin dirəyi
Salavat çalındı, mötəbər oldu.
Beləliklə, deyişmə xeyli davam edir. Aşıq Ələsgər usta Cəfərullahla Əsədullahın aciz qaldığını görəndə deyir:
Saxla dilin, özün üçün yağıdı,
Aşıq Ələsgərin odlu çağıdı,
Alar caynağına, səni dağıdı,
Göydən yerə parça-para düşərsən!

Sonda Solaxqəyin Aşıq Ələsgər olduğu, həm də heç də yaşlı olmadığı bilinir, bütün məclis əhli onu alqışlayır. Ustadlar isə sazlarını yerə qoyub məclisi tərk edirlər.
Üzqarası, qonşuluqdan kənar qonşumuz ermənilərin insanlıqdan bixəbər xislətləri bu gözəl el sənətkarının da həyatını alt-üst edir. 1918-1919-cu illərdə daşnakların türklərə törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanır, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olur. İki ilə qədər Yanşaqda yaşayan aşıq-şair sonra Tərtərə köçür, bir neçə ay da orada qalır. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. Qəlbi tez-tez qubarlanır, gözünü açıb gördüyü doğma yerlər – Sarınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı. Ürəyinin dağını-düyününü “Hanı mən gördüyüm qurğu-büsatlar!? Dərdməndlər görsə, tez bağrı çatlar; Mələşmir sürülər, kişnəşmir atlar, niyə pərişandı halların, dağlar!?”, “Hanı bu yaylaqda yaylayan ellər!?”, “Hanı mərd iyidlər, boş qalıb yurdu!?”, “Gözəllər çeşməndən götürmür abı” kimi misralara çevirib sonda bu acıları, sanki öz canından çıxararaq deyirdi:

Həsənnənə, Həsənbaba qoşadı,
Xaşbulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!

Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınan aşıq, nəhayət, 1921-ci ildə Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Lakin Ələsgər özündə əvvəlki güc-qüvvəti daha hiss etmirdi. Şəxsi həyatında baş verən bəzi problemlər, yurd həsrəti bu söz sərrafının gücünü əlindən almışdı zaman-zaman. Ona görə də, sanki özünü günahlandırır, ittiham edirdi:

Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.

Lakin həyat belədir ki, insana onun arzuladıqlarını deyil, özünün rəva bildiklərini nəsib edir. Aşıq Ələsgər də ömrünün 80-90-cı illərində özünə məzardaşını həmdəm bilsə də, hələ onun qarşıda yaşayacağı neçə-neçə illər var imiş. O, bir əsrdən artıq yaşadı. Torpaq onu zamanı çatanda aldı qoynuna. Sinəsində əbədi bir Aşıq Ələsgər abidəsi ucaltdı. İllərdir ki, bu abidə leytmotivini vətənpərvərlik, yurd sevgisi, nadanlığa hayqırtı, məhəbbətin tərənnümü, gözəllərin tərifi, təbiətin təsviri, əxlaqi-tərbiyəvi fikirlərin təbliği, ictimai eyiblərin tənqidi tutan şair-aşığın dəyərli irsi, folklorşünaslığa qiymətli töhfə olan əsərləri xalqımız tərəfindən göz bəbəyi kimi qorunur. Aşığın vəfatından sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya almış və nəşr etmişlər. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunmuş, bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanmış və çap edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında” 2021-ci il 18 fevral tarixli Sərəncamı ilə bu il görkəmli söz ustadının yubileyi ölkəmizdə təntənəli şəkildə qeyd olunacaqdır. Sərəncamda deyilir: “Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir... Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz ulu öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir”. Aşıq Ələsgərin 200 illik yubileyinin Naxçıvanda da geniş şəkildə qeyd olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmişdir ki, bu da görkəmli söz ustadının ədəbi irsinin təbliği istiqamətində böyük əhəmiyyətə malikdir.
Bəli, xalqımızın müqəddəs hesab etdiyi çərşənbə günü yaradıcılığında əsas xəttə çevrilən Aşıq Ələsgərin vaxtilə bir çərşənbə günündə çeşmə başında ərsəyə gələn qoşması zaman-zaman milyonlarla insanın ən sevimli poeziya nümunəsi oldu, sözlərinə nəğmə qoşulan onlarla şeiri kimi, Azərbaycanın və türk xalqlarının məşhur mahnısına da çevrildi. Adama elə gəlir ki, sanki Aşıq Ələsgər yaradıcılığı bu qoşma ilə başlanır, deyilmi? Çünki o çərşənbə, o çeşmə, o su bir aydınlıq gətirdi aşığın yaradıcılığına. O çeşmə başında “Ələsgərəm, hər elmdən halıyam” söyləyən şair-aşığın bu deyimi bütün ömrü və fəaliyyəti boyu hər an özünü təsdiqlədi və onu su ömürlü, su istəkli etdi...

Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR