Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın zəngin hərb tarixi vardır. Ona görə də mən həmişə boş vaxtlarımda Naxçıvan şəhərində olan muzeylərimizə gedir, hərb tariximizlə bağlı məlumatlar əldə etməyə çalışıram. Çox maraqlandığım məsələlərdən biri doğma Naxçıvanımızın 1918-1920-ci illərdə erməni daşnaklarından necə müdafiə edilməsidir.
Qəzetlərdə də bu haqda olan məqalələri həvəslə oxuyuram. Televiziya verlişlərinə baxıram. Çünki bizim babalarımız qəhrəmanlıq və cəsurluqla doğma Naxçıvanı yağılardan – quldur erməni daşnaklarından qoruyublar.
Həmin qəhrəmanlardan biri də general-mayor III Kalbalı xan Naxçıvanskidir. Öyrənmişəm ki, general-mayor III Kalbalı xan Naxçıvanski-Kəngərli 20 oktyabr 1891-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Onun atası məşhur hərbçi Cəfərqulu xan Naxçıvanski oğlanlarının hərbi təhsil almasına çox ciddi fikir verirdi. Çünki onun ulu babaları hələ Səfəvi dövləti zamanında Şərqin ən məşhur sərkərdələri kimi tanınmışlar. Buna görə də oğlu Kalbalı xanı hərbi təhsil almaq üçün Tiflisə gətirir. Kalbalı xan zadəgan balaları üçün təsis edilmiş hərbi məktəbə – kadet korpusuna qəbul olunur. Hərbi məktəbi uğurla bitirən Kalbalı xan 19 sentyabr 1909-cu ildə Nikolayevsk Qafqaz Hərbi Məktəbinin eskadron qoşunlarına yunker kimi qeydə alınır.
6 avqust 1911-ci ildə tam kurs bitirir və gənc zabit-kornet kimi Varşavada (Polşada) hərbi xidmətə başlayır. Varşavaya gələn kimi 5-ci eskadronun kiçik zabiti kimi saray qvardiyasında xidmətə başlayır. O, Birinci Dünya müharibəsində iştirak edir. 30 iyul 1915-ci ildə poruçik, 5 avqust 1916-cı ildə ştabs-rotmistr hərbi rütbələrini alır. Kalbalı xanın müharibədə göstərdiyi qəhrəmanlıq çar Rusiyası tərəfindən yüksək qiymətləndirilir. O, çoxlu hərbi ordenlərə layiq görülüb. 3-cü dərəcəli “Müqəddəs Stanislav” ordeni (1915, qılınclarla), üzərində “İgidliyə görə” yazısı olan 4-cü dərəcəli “Müqəddəs Anna” (1914), 1915-ci ildə həmin ordenin 3-cü dərəcəsini (qılınclarla və barutla) və 2-ci dərəcəsini (qılınclarla) alan gənc sərkərdə həm də Rusiyanın ən ali hərbi mükafatlarından biri – qızıl Georgi silahı ilə (2 may 1915-ci ildə) təltif edilib.
Birinci Dünya müharibəsində yaralanmasına baxmayaraq, 1918-ci ilin əvvəlində Naxçıvana gəlmiş və müdafiə işlərinə rəhbərlik etmişdir. Çünki o, hərb sənətinin mahir bilicisi və əla süvari döyüşçü idi.
Onun haqqında yazılan məqalələrdən öyrənirik ki, 1918-1920-ci illərdə Kalbalı xan öz taboru ilə qəddar düşmənlərlə – erməni quldurları ilə qəhrəmanlıqla vuruşub. Həmin çətin illərdə Naxçıvan qoşunlarının hərbi naziri vəzifəsini də daşıyıb. Hətta 1918-ci ilin dekabrından – 1919-cu ilin martına kimi fəaliyyət göstərən Naxçıvan Araz-Türk Cümhuriyyətinin cəsur hərbçilərindən biri olub.
Onun apardığı döyüşlər biz məktəblilərdə qürur hissi doğurur. Bu cəsur sərkərdənin doğulduğu evdə yaradılan Naxçıvanskilər Muzeyi zəngin eksponatları ilə diqqəti çəkir. Dəfələrlə bu muzeydə də olmuşam. Burada öyrənmişəm ki, 1920-ci il iyulun 28-də Naxçıvanda sovet hökuməti qurulduqdan sonra Kalbalı xan İrana müraciət etmiş və 1934-cü ildə şah xəfiyyəsi tərəfindən öldürülmüşdür.
Bunu da demək istəyirəm ki, biz məktəblilərə hərtərəfli təhsil almaq üçün böyük qayğı göstərilir. Belə qayğının ən bariz nümunələrindən biri də məktəbli tədqiqatçıların hazırlanması məsələsidir. Mən də tədqiqatçılığa maraq göstərirəm. Buna görə hər həftə AMEA Naxçıvan Bölməsinə gedirəm. Hazırda bölmədə qəhrəman sərkərdəmiz general-mayor III Kalbalı xan Naxçıvanskinin döyüş fəaliyyətini göstərən xəritə maketini işləyirəm.
Nadir İSMAYILOV
Naxçıvan şəhər 4 №-li tam orta məktəbin X sinif şagirdi