Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi! Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu sözləri Naxçıvan Dövlət Universitetində keçirilən “Qələbədən 100 gün sonra” adlı tədbirdə səsləndirilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra şanlı qələbənin 100-cü gününə həsr olunmuş videoçarx nümayiş olunub. Universitetin rektoru Elbrus İsayev tədbiri giriş sözüylə açaraq 44 Günlük vətən müharibəsinində qazandığımız qələbənin Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, müzəffər Azərbaycan ordusunun qəhrəmanlğı və xalqın güc birliyi sayəsində əldə olunduğunu xüsusi fəxr hissi ilə vurğulayıb. Rektor diqqətə çatdırıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimiz heç vaxt unudulmayacaq, onların əməlləri gələcək nəsillərə nümunə göstəriləcək.
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, II Vətən müharibəsi iştirakçısı Səid Əhmədov, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, II Vətən müharibəsi iştirakçıları olmuş Təbriz Zeynalov və Elnur Şirinov, Naxçıvan Dövlət Universiteti “Məşqçilik” ixtisası üzrə I kurs qiyabi tələbəsi, II Vətən müharibəsi iştirakçısı Fəxri Qazıbəyov qalib ölkənin ordusunda döyüşməkdən fəxr duyduqlarını dilə gətiriblər. Çıxışlarda qeyd olunub ki, bizi qələbəyə daha da inamlı edən Ali Baş Komandanın maddi və mənəvi dəstəyi, xalqımızın ruh yüksəkliyi oldu. Əgər bunlar olmasaydı biz bir addım belə irəli gedə bilməzdik- deyən zabitlər xalqla ordunun birliyindən güc aldıqlarını bildiriblər. Şəhidlərin qanı hesabına qazanılmış böyük qələbə müasir tariximizin şanlı qəhrəmanlıq dastanı kimi heç zaman unudulmamalı və gələcək nəsillərimiz üçün örnək olmalıdır- deyən II Vətən müharibəsi iştirakçıları qeyd edib ki, ixtisasından və peşəsindən asılı olmayaraq hər bir gənc vətənpərvər olmalı və bu amal uğrunda mübarizə aparmalıdır.
Tələbələrin sualları cavablandırıldıqdan sonra qələbənin 100-cü günü münasibətilə universitet tərəfindən əsgər və zabitlərə plaket təqdim edilib, xatirə şəkli çəkilib.
Səadət Əliyeva NDU-nun Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr
bölməsinin müdiri