22 Dekabr 2024, Bazar

Arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli fəaliyyət sahəsi olub əhalinin səmərəli məşğulluğunun təmin edilməsi ilə yanaşı, bitkiçiliyin inkişafında da mühüm rol oynayır.
Son illər muxtar respublikada bu mühüm sahənin inkişafı daim diqqətdə saxlanılmış, sahibkarlar pulsuz dərman preparatları ilə təmin olunmuş, beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfranslar keçirilmişdir.

Sahibkarların maliyyə vasitələrinə çıxış imkanları daha da yaxşılaşdırılmış, təkcə 2020-ci ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 528 min manat məbləğində kredit verilmişdir. 2020-ci ildə 20 arıçılıq təsərrüfatının yaradılması, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 3 arıçılıq təsərrüfatının yaradılması işləri davam etdirilmişdir. Ümumilikdə, son beş ildə təsərrüfat subyektlərinə 1 milyon 857 min 200 manat kredit verilmişdir.
Arıçılara saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi, muxtar respublikanın əlverişli təbii – iqlim şəraiti, zəngin yem ehtiyatları bazası arıçılığın inkişaf etdirilməsinə, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin təsis olunması arıçılıqla məşğul olan istehsalçıların fəaliyyətinin tənzimlənməsinə geniş imkanlar yaratmışdır.
Arıçılığın inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərə nail olmaq üçün həyata keçirilən mühüm tədbirlər yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracının stimullaşdırılmasına, muxtar respublika əhalisinin arıçılıq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan yaratmaqdadır.
Muxtar respublikada son dövrlər davamlı olaraq keçirilən “Arıçılıq məhsulları – bal festivalı” arıçılıq məhsullarının istehsalının artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərmişdir.
Arıçılığın inkişafı üzrə həyata keçirilən tədbirlərin nəticəsidir ki, 1 yanvar 2021-ci il tarixə muxtar respublikada 99 min 935 arı ailəsi mövcud olmuşdur ki, bu da 2010-cu ilin sonu ilə müqayisədə 89,7 faiz çoxdur.

Arı ailələrinin sayı

2020-ci ilin sonuna ümumi arı ailələrinin 12964-ü Şərur, 14956-sı Babək, 18927-si Ordubad, 18632-si Culfa, 2194-ü Kəngərli, 26879-u Şahbuz, 901-i Sədərək rayonlarının, 4482-si isə Naxçıvan şəhərinin payına düşmüşdür.
Arı ailələrinin artımı məhsul istehsalına müsbət təsir etmiş, 2020-ci ildə muxtar respublikada 1485 ton bal istehsalı qeydə alınmışdır. Bal istehsalı 2010-cu illə müqayisədə 2,1 dəfə artmışdır.
Mühüm qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi olan arıçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamlılığı yerli istehsalın şaxələndirilməsinə və sahibkarlığın inkişafına yeni imkanlar yaratmaqdadır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR