İnsan həyatında, təsərrüfatında mühüm rol oynayan torpağın əsas xassəsi onun münbitliyidir. Münbitlik torpaqda bitkinin normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. Torpağın tərkibində su çox olduqda bataqlığa çevrilir, mineral duzlar çox olduqda isə şoranlaşır, əkin üçün yararsız olur. Torpaqdan düzgün istifadə edilməsinin və onun mühafizə olunmasının böyük əhəmiyyəti vardır. Bütün sərvətlər tükənə bilər. Amma torpaq ən qiymətli sərvət olaraq böyük iqtisadi əhəmiyyətini hər zaman göstərir. Torpaq ona düzgün qulluq edildikdə daha böyük gəlir verir.
Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının vacib şərtlərindən biri də bütün mülkiyyət növləri üzrə, o cümlədən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən səmərəli və məqsədyönlü istifadə edilməsidir. Məhz bu səbəbdən torpaqlardan səmərəli istifadə edilməsi, torpaqların kənd təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli təbii antropogen təsirlərdən qorunması, habelə torpaqların münbitliyinin bərpası və artırılması məqsədilə torpaqların mühafizəsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənibdir. Bu sahədə ölkəmizdə zəruri hüquqi baza yaradılmış, 1999-cu il 30 dekabr tarixdə “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Həmin qanun dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların münbitliyinin bərpasının, artırılmasının və mühafizəsinin hüquqi əsaslarını müəyyən etmişdir.
Bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsiplərindən biri də torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunmasıdır. Bələdiyyə torpaqlarından səmərəli istifadə olunması və onların mühafizəsi sahəsində əsas vəzifə icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və torpaqların münbitliyinin artırılması sahəsində qanunvericiliyin tələblərinə əməl etməkdir. Qeyd edək ki, torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində idarəetmə sisteminə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri daxildir. Qeyd edilən qanunla torpaqların münbitliyinin təmin olunması sahəsində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələri müəyyən edilmiş, bələdiyyələrin də üzərinə mühüm vəzifələr qoyulmuşdur.
“Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, həmçinin bələdiyyə mülkiyyətində olan torpaqların da münbitliyinin bərpasının, artırılmasının və mühafizəsinin hüquqi əsasları müəyyən edilmişdir. Belə ki, həmin qanuna görə bələdiyyələr torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində proqramlar hazırlamalı və icrasına nəzarət etməli, torpaqların münbitliyinin təmin olunması sahəsində üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər.
Muxtar respublikada torpaqların münbitliyinin artırılması ilə bağlı məsələlər də, xüsusilə diqqətdə saxlanılır və bununla bağlı tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilmişdir. Torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, torpaqların əkin dövriyyəsinə qatılması muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir.
Torpaqların münbitliyinin təmini istiqamətində əsas məsələlərdən biri də əkin yerlərinin mühafizəsidir. Əkinəyararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi sahəsində işin gücləndirilməsi üçün Torpaq Məcəlləsinə və “Torpaqların münbitliyi haqqında” Qanuna əkin yerlərinin yandırılmasının qadağan edilməsi ilə bağlı yeni norma əlavə olunmuşdur. Eyni zamanda İnzibati Xətalar Məcəlləsində bu tələbin pozulması ilə bağlı fiziki və hüquqi şəxslər, habelə vəzifəli şəxslər üçün inzibati məsuliyyət müəyyən edilmişdir.
Taxılçılıq təsərrüfatlarında biçin işləri başa çatdıqdan sonra kövşənin (taxıl əkilmiş yer, zəmi) yandırılması kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına, yaxınlıqda yerləşən digər sahələrdə, yaşayış məntəqələrində və meşə ərazilərində yanğın təhlükəsinin yaranmasına, mühəndis-kommunikasiya sistemlərinin sıradan çıxmasına, habelə hüquqi və fiziki şəxslərə məxsus əmlakın məhv olmasına şərait yaradır.
Əkin yerlərinin mühafizəsinin ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyəti nəzərə alınaraq bununla bağlı qanunvericilikdə müəyyənləşdirilmiş vəzifələrin öyrənilərək tətbiq edilməsini bələdiyyələr həyata keçirməlidirlər. Bununla əlaqədar əhali arasında torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən olunmuş rejimə uyğun istifadə edilməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması, habelə torpağın münbit qatının korlanmasına yol verilməməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlər də bələdiyyələr qarşısında mühüm vəzifələr qoyur.
Xəyal EYVAZOV
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin əməkdaşı