22 Dekabr 2024, Bazar

Qədim inanc sistemində dünyanın yaranmasında iştirak edən dörd ünsür – su, torpaq, yel, od ünsürlərinin özünəməxsus və maraq cəlb edən yeri var. Bu ünsürlərin insan və təbiət üçün əsas həyati əhəmiyyət daşıması məqamı şifahi yaradıcılıq örnəklərinin çoxunda öz əksini tapmaqdadır. Odur ki, mərasim folklorunda da bu dörd müqəddəs ünsür xalq təsəvvürünə uyğun olaraq təzahür edir. Dünyanın yaranmasında iştirak edən su, torpaq, yel, od mifizmi xalq təfəkküründə dərin iz salaraq ilaxır çərşənbələrin də xüsusiləşməsini şərtləndirir.
Novruzqabağı çərşənbələr bu çərşənbələrdə keçirilən ayin-rituallarla zəngindir. Hər çərşənbədə bu zaman oyanan ünsürə uyğun olaraq rituallar keçirilir. Lakin su ilə bağlı rituallar Nov­r­uzöncəsi və Novruzsonrası mərasimlərin əsasını təşkil etməkdədir.

Su – dünyanın ilkin yaradılış stixiyasıdır. Su həm də dünya mifoloji düşüncəsində yaradıcı başlanğıcdır. Elə mifoloji düşüncələrə əsaslanaraq demək olar ki, su möcüzəsi dünyanın yaranmasında Yaradanın həmkarı kimi iştirak edir. Yunan mifologiyasına görə, su – ölü və diri su funksiyasını daşıyır. Bəzi təsəvvürlərdə su, torpağı “doğmağa” məcbur edən canlıdır. Su struktursuzdur, hara gəldi axır, göydən yağır, yerdən çıxır, beləliklə də, geniş məkanı tutur. Buna görə də əski düşüncə onu ilkin yaradılış çağı, xaosun bir stixiyası kimi təsəvvür etmişdir.
Azərbaycan folklorunda, o cümlədən nağıllarında da su ilə bağlı inanclara və onları təmsil edən obrazlara tez-tez rast gəlinir. Özünün çoxsaylı araşdırmalarında su ünsürünün türk mifologiyasında oynadığı rola xüsusi diqqət yetirən professor Mirəli Seyidov yazır: “Suya və bitkiyə (ağaca) inam türk xalqlarının əski inamlar aləmi ilə bağlıdır. Su da, ağac da (dünya ağacı) ilkindir. İnsan və həyat onlardan yaranmışdır. Su və dünya ağacı insanlara can, ruh verir. Bu mifoloji baxış ibtidai insanın həyat tərzindən, yaşayışından, dünyanı dərk etməsindən yaranmışdır. Əski insan üçün su və ağac (bitki) onun həyatı, yaşayışı üçün əsas idi. Buna görə də onlar bir çox xalqlarda mifikləşmişdir. Bu səbəbdən də insan suda, bitkidə əbədilik, ölməzlik axtarmışdır.
Əvvəldə söylədiyimiz kimi, dünyanın yaranmasında ilkin başlanğıc hesab edilən su ilə bağlı düşüncələr mövsüm mərasimlərinə də öz təsirini göstərmişdir. Qışı çillələrə bölən etnos “Boz ay” adlanan sonuncu mövsümü də çərşənbələrə ayırır. Və bu çərşənbələrin birincisi ilkin yaradılış başlanğıcı olan suyun adı ilə bağlanır. Elə həmin zamanlardan “Su çərşənbəsi” adlanan ilk ilaxır çərşənbə xalq arasında Baharın ilk başlanğıcı hesab edilərək qeyd olunur.
Su çərşənbəsi xalq arasında “sular Novruzu”, “gözəl çərşənbə” adları ilə də tanınmaqdadır. Su çərşənbəsində Azərbaycanın müxtəlif regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində su ilə bağlı bir çox ayinlər icra olunur. Naxçıvanın bəzi regionlarında su çərşənbəsində bir sıra ayinlərin icrasını mütləq sayırlar ki, bu da bir çox mifoloji inamların əsasını təşkil edir. Xoşagəlməz yuxuların suya danışılması, su ilə qorxunun bədəndən çıxarılması, pal-paltara, ev-eşiyə təzə su çilənməsi qədim türklərin suya inamı ilə əlaqəlidir. Bunu xalq yaradıcılığı örnəkləri içərisində yaranmış arxaik janr nümunələri sübut edir: “Yuxuda su görmək aydınlıqdır”, “Səfərə çıxan insanın arxasınca su atarlar”, “Lal axan sudan keçməzlər”, “Suyun lal axanı, adamın yerə baxanı”, “Su səhəngi suda sınar”, “Su bir yerdə qalanda iylənər” və digər bu kimi nümunələrdə də suyun əski türk aləmində müqəddəs bilinən anlayışlar sırasında olduğu sübut edilir. Ümumən, Azərbaycan, o cümlədən muxtar respublikamızın ərazilərinin folklor yaddaşında su çərşənbəsi ilə əlaqəli inanc və sınama nümunələri də diqqətçəkəndir:
İlk çərşənbədən başlayaraq qonşuya axşamçağı ələk, maya, kibrit verilməz. Zərurət olduqda, diləyə gələn qadındırsa, başından örpəyini, kişidirsə, papağını götürüb, istədiyini verərlər. Su çərşənbəsində evə süpürgə çəkmək yaxşı sayılmaz. Əks halda, bu, ev sahibinə “xoş gəlməz”. Su çərşənbəsində övlad həsrətində olan qadının başına su qırxlamaq ayini icra olunur. Bu ayindən sonra həmin qadının övladı olacağına inam yaranır. Canında qorxuluğu olan, qorxan insanın başına su çərşənbəsində su qırxlamaq məqbul sayılır.
Su çərşənbəsində qadınların sevərək icra etdikləri ayinlərdən biri də axar su üzərinə getməkdir. Səhər tezdən durub axar su üzərinə gedən insan danışıb-dinmədən, qəlbində arzu tutaraq həmin sudan içərsə, arzuları çin olar. Su çərşənbəsində axar su üzərindən tullanmaq, keçmək də məqbul sayılar. Bu ayinlər hazırda da Azərbaycanın müxtəlif regionlarında, o cümlədən muxtar respublikamızın ərazisində ənənəvi şəkildə icra olunmaqdadır. Su çərşənbəsinin saf qədəmi uğurlu olsun! Elə bu məqamda Dədəmiz Qorqudun su kimi duru alqışı da yada düşür: “Qamən axan görglü suyunuz qurumasın!”

Aytən Cəfərova
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR