Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti insanların daha çox sosial şəbəkələrdən informasiya mənbəyi kimi istifadəsini nəzərə alaraq onların rahatlığını və məmnuniyyətini təmin etmək, müraciətlərini operativ cavablandırmaq, habelə xidmətə müraciətetmə imkanlarını genişləndirmək məqsədilə həm “Facebook” (Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti), həm də “Instagram” (nmr_miqrasiya_xidmeti) səhifələrini ictimaiyyətin istifadəsinə verib.
Səhifələrin yaradılmasında əsas məqsəd sosial şəbəkələrin imkanlarından istifadə etməklə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə məlumatlandırma və maarifləndirilmə işini təşkil etmək, ictimaiyyətin xidmətin fəaliyyəti ilə əlaqədar istədiyi məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada əldə olunmasını təmin etmək, habelə ölkə vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin suallarını operativ cavablandırmaq və müraciətlərini qəbul etməkdir.
Qeyd edək ki, həm “Facebook”, həm də “Instagram” sosial şəbəkəsindən xidmətin rəsmi internet səhifəsi olan miqrasiya.nakhchivan.az saytına keçid də təmin edilmişdir. Sosial şəbəkə istifadəçiləri vaxt itkisinə yol vermədən Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə əlaqədar operativ olaraq müraciətlər göndərməklə yanaşı, görülən işlərlə, hüquqi maarifləndirmə mövzularında məlumatlarla da daha yaxından tanış ola bilərlər.
Əminliklə deyə bilərik ki, bu gün Dövlət Miqrasiya Xidmətinin elektron xidmətləri bütün sahələr üzrə tam gücü ilə fəaliyyət göstərir. Elektron xidmətlərin göstərilməsində “202 – Miqrasiya Məlumat Mərkəzi”nin də xüsusi rolu vardır. Ölkə vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “202 – Miqrasiya Məlumat Mərkəzi”nə zəng edərək miqrasiya sahəsini əhatə edən istənilən sualı rahatlıqla ünvanlaya bilərlər.
Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti