AMEA Naxçıvan Bölməsinin müasir dizaynda yaradılmış rəsmi internet saytının (ameanb.az) təqdimatı keçirilib.
Tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, texnologiyanın yüksək inkişaf etdiyi dövrdə internet resurslarının istifadə imkanlarının artırılması və təkmilləşdirilməsi qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Saytların informasiya təminatı baxımından əhəmiyyətinə diqqətçəkən akademik bildirib ki, yeni təqdim olunan sayt bölmənin uğurlarını daha geniş səpkidə ifadəetmə imkanına malikdir.
Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin mütəxəssisi Səkinə Cümşüdova bildirib ki, yeni internet saytı dizaynına, quruluşuna və funksionallığına görə müasir standartlara uyğun şəkildə hazırlanıb. Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən sayt 7 bölmə və 17 altbölmədən ibarətdir.
“Ana səhifə”də saytın əhatə etdiyi bütün istiqamətlər əks olunmuş, istifadəçilərin rahatlığı nəzərə alınmaqla əsas məlumatlara keçidlər təmin edilmişdir. Bölmənin ümumi fəaliyyətini əhatə etməklə yanaşı, burada, həmçinin ərsəyə gələn müxtəlif elmi nəşrlərin ümumi sayını göstərən sayğac yaradılmış, elmi dərəcəsi olan əməkdaşlar haqqında məlumatlar qeyd olunmuşdur.
“Haqqımızda” bölməsində Naxçıvan Bölməsinin yaranma tarixi, fəaliyyət istiqamətləri ilə bağlı məlumat almaq mümkündür.
Qeyd olunub ki, saytın “Struktur” adlı bölməsində Naxçıvan Bölməsinin elmi-tədqiqat institutları və tabe qurumlarının, şöbə və laboratoriyalarının fəaliyyətləri haqqında məlumat verilmiş, bölmənin nəzdində fəaliyyət göstərən Nəbatat bağı, eləcə də Gənc Alim və Mütəxəssislər Şurası haqqında informasiya əks olunmuşdur.
Yeni təqdim olunan saytın “Əməkdaşlıqlar” və “Layihələr” bölmələrində Naxçıvan Bölməsinin respublika və beynəlxalq əhəmiyyətli əlaqələri, bölmə əməkdaşlarının qalibi olduqları qrant layihələr və patentlər haqqında məlumatlar təqdim edilir.
Saytın “Xəbərlər” bölməsində son yeniliklər və elanlardan xəbərdar olmaq mümkündür. Burada müraciətçilərin, başqa müəssisə əməkdaşlarının bölmə ilə əlaqəsini asanlaşdırmaq məqsədilə elektron müraciət forması yaradılmış və məlumatların daha əlçatan olması üçün “Axtarışlar” bölməsi hazırlanmışdır. Mobil internet istifadəçilərinin rahatlığı nəzərə alınmaqla saytın daha sadə və yığcam formalı mobil versiyası hazırlanmışdır.
Vurğulanıb ki, saytın üç dildə fəaliyyəti bölmədə baş verən yeniliklərin, nəinki ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda da izlənilməsinə şərait yaradacaqdır.
AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti