Prezident cənab İlham Əliyev tərəfindən 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi” ili elan olunub. Bu, ümumilikdə, ədəbiyyatımıza, onun inkişafına, görkəmli söz və qələm adamlarına verilən böyük diqqət və qayğının ifadəsidir. Qeyd olunmalıdır ki, bu istiqamətdə görülən tədbirlər davamlı xarakter alıb. Hələ ulu öndər Heydər Əliyevin ölkəmizə hər iki rəhbərliyi dövründə belə, Azərbaycan mədəniyyətində, incəsənətində və digər sahələrdə böyük xidmətlər göstərən sənət adamlarının yubileylərinin keçirilməsi, onlara dövlət təltiflərinin verilməsi, heykəllərinin qoyulması, ev-muzeylərinin açılması və digər tədbirlər milli irsimizin qorunmasında, gələcək nəsillərə ötürülməsində yüksək dəyərləndirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən 2017-ci il avqustun 28-də “Oxunması zəruri olan kitabların Siyahısı”na Nizami Gəncəvinin də əsərlərinin salınması bir daha onu göstərir ki, Azərbaycanın zaman-zaman dünyaya söz sənəti xəzinəsini nadir incilərlə zənginləşdirən böyük sənətkarları sırasında Nizami Gəncəvi yaradıcılığı möhtəşəmliyi, müdrikliyi və həyatiliyi ilə seçilir. Bəli, Nizami o sənətkarlardandır ki, dərin fəlsəfi məzmunu yüksək poetik dillə, aydın, anlaşıqlı bir tərzdə oxucularına çatdıra bilmişdir. Elə bu səbəbdəndir ki, yazıldıqları dövrdən illər keçməsinə baxmayaraq, onun əsərləri öz bədii dəyərini bu gün də saxlayır.
Dahi sənətkar bədii fikir tarixini insan səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət kimi əhəmiyyətini heç vaxt itirməyən ölməz ideyalarla zənginləşdirmişdir. Nizami sənəti özünün humanist ruhu, xalq arzu və istəklərinin aydın, təsirli ifadəsi ilə seçilir. Buna görədir ki, bu zəngin irs bütün dövrlərdə müasir səslənmiş, təqdir olunaraq izlənilmişdir. Nizaminin bütün yaradıcılığından qırmızı xətt kimi keçən dərin humanizm və sosial ədalət motivləri onun lirikasında da özünü qabarıq şəkildə göstərməkdədir. Nizaminin ədalətli insan cəmiyyəti haqqında siyasi-ictimai-əxlaqi fikir və düşüncələri, epik-lirik janrda ilk qələm təcrübəsi olan “Sirlər xəzinəsi” hər biri ayrı-ayrılıqda bitkin bir sənət əsəri olan iyirmi məqalə və müqəddimədən ibarətdir. Nizami özünün ədalətli insan cəmiyyəti haqqında arzularında ideal şah və hökmdar obrazlarının təsvirinə böyük yer verirdi. Şairə görə, şah xalqın dərdinə şərik olan, xalqı üçün çalışan, zülmü məhv edən olmalıdır. Özü əziyyət çəksə belə, rəiyyətinin əziyyətinə razı olmamalıdır. Şair bu fikirlərini “Sirlər xəzinəsi”ndə “Sultan Səncər və qarı” hekayəsində oxucuya təqdim edir. Sultan Səncər Səlcuqlular sülaləsindən olan, Nizamidən bir neçə il əvvəl vəfat etmiş, eyş-işrətə başı qarışan, ölkənin idarəsini öz yaxın adamlarına tapşırmış zülmkar şahdır. Ona vergi verən bir tayfaya ədalətsizlik edib, onlardan alınan vergini artırdığı üçün həmin tayfa tərəfindən əsir edilir, bunun nəticəsində şahlıq əlindən çıxır, əsirlikdən qaçdıqdan sonra isə ölkəsinin qarət və talan edildiyini görərək çox yaşaya bilməyib ölür. Nizami Sultan Səncəri öz müasirlərinə ibrət olsun deyə təqdim edir. Nizami görürdü ki, onun dövründə insanlar əzab-əziyyət çəkir və çalışırdı ki, insanların əzabını yüngülləşdirmək yollarını axtarıb tapsın. Bu yollardan biri isə tarixi şəxsiyyətlərə müraciət etmək idi.
Biz görürük ki, Nizami öz əsərlərində ideal, ədalətli hökmdar obrazı axtarır, eyni zamanda isə hər bir əsərində irəliyə doğru bir addım atırdı. Və nəhayət, Nizaminin son böyük poeması olan “İsgəndərnamə” əsərində İsgəndər obrazı ilə Nizami, sanki öz qarşısına qoyduğu problemi həll edərək göstərir ki, əsl ideal hökmdar İsgəndər kimi olmalı, xalqın qayğısına qalmalı, onun kimi başqa ölkələrlə sülh şəraitində yaşamalı və şərin kökünü kəsməlidir. Bu məqamda qeyd etmək yerinə düşər ki, ölkəmizi ədalətlə idarə edən Prezident cənab İlham Əliyevin fəaliyyəti ideal dövlət başçısı, xalqın sevimli rəhbəri kimi bu gün dünyanın bir sıra dövlət başçılarına örnəkdir. İsgəndər şəri, ədalətsiz müharibə aparanları cəzalandırırdı, onların kökünü yer üzərindən kəsirdi. Ədalətsiz müharibənin 30 il qurbanı olduğumuz kifayət qədər uzun bir zamanda prezidentimiz böyük səbir, təmkin və iradə nümayiş etdirərək sülh, diplomatiya yolu ilə bu məsələni həll etməyə çalışsa da, şər öz mövqeyindən dönmədi. Necə ki, İsgəndər şərin kökünü kəsdiyi kimi, Ali Baş Komandan cənab İlham Əliyev də müzəffər Ordumuzun rəşadəti ilə erməni faşizminin, şərin kökünü kəsdi və göstərdi ki, Nizaminin 800 il bundan əvvəl irəli sürdüyü, örnək gətirdiyi dövlət başçısı kimi olmaq lazımdır. Nizaminin əsərlərində arzuladığı böyük ideyalar bu günümüzdə artıq öz əksini tapıb.
Nizami Gəncəvi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır. Nizami dühası bu gün də dünya ədəbi-mədəni və ictimai-fəlsəfi fikrində öz mövqeyi, sanbalı olan qlobal əhəmiyyətli fenomenal hadisələrdən biridir. Nizami özü də bilirdi ki, əsərləri yüz illər, min illərboyu yaşayacaq, buna görə də gələcək nəsillərə üz tutaraq belə deyibdir:
Şeiri oxunanda bu Nizaminin
Özü də sözlərdən boylanar yəqin.
Gizlənib özünü verməzmi nişan
Sənə hər beytində bir sirr danışan.
Yüz il sonra sorsan: bəs o hardadır?
Hər beyti səslənər:
“Burda, burdadır!”
Bu gün Nizami bizim həməsrimizdir, Azərbaycan xalqının müxtəlif sahələrdə istər mədəni, istər iqtisadi-siyasi sahəsində zirvələrə doğru inkişafında Nizaminin və əsərlərinin rolu böyükdür. Buna görədir ki, dünya ədəbi-elmi fikrində Nizami sənətinə olan maraq heç vaxt səngimir, zaman-zaman şairin ölməz əsərləri istər Qərb, istərsə də Şərq dillərinə tərcümə edilərək bəşəriyyətin mənəvi kamilləşməsi prosesində öz rolunu oynayır.
Aytac CƏFƏRLİ