Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi yanvar ayında da fəaliyyətini davam etdirərək üzərinə düşən vəzifələrin icrasını həyata keçirib. Ay ərzində dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət olunub və 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 2 qərarı dəyişdirilib.
Yanvar ayında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqə başa çatıb. Müsabiqənin nəticələrinə görə imtahanlarda iştirak edən 248 namizəddən 136 nəfəri keçid balını toplayıb və müvafiq vəzifələrə təyin olunmaq üçün sənədləri aidiyyəti üzrə göndərilib.
Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq yanvarın 14-dən təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarına start verilib. Fevralın 1-nə qədər, ümumilikdə, 854 təhsilverən sertifikasiya imtahanında iştirak edib. Onlardan 534-ü müvafiq keçid balını toplayıb. Muxtar respublika üzrə riyaziyyat müəllimlərinin sertifikasiyası tam başa çatdırılıb. Bu istiqamət üzrə 597 müəllim imtahanda iştirak edib. Onlardan 462-si müvəffəqiyyət qazanıb. Hazırda sertifikasiya imtahanları davam edir.
Yanvarın 23-də Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə 396 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib. Qeyd edək ki, bu istiqamətdə ilk dəfə olaraq keçiriləcək müsabiqəyə sənəd qəbulu fevralın 23-nə qədər davam edəcək.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nda bir sıra dəyişikliklərin edilməsi ilə əlaqədar olaraq yanvarın 25-də dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsinin yeni qaydaları haqqında seminar keçirilib. İnzibati və yardımçı vəzifələrin ayrı-ayrı təsnifatları üzrə növbəti ixtisas dərəcələrinin verilməsi zamanı gözlənilən qulluq müddətləri, vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi proseduru və digər məsələlər barədə keçirilən seminarda 51 dövlət orqanının nümayəndəsi iştirak edib.
Ötən ay ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu və müəllimlərin sertifikasiyası sahəsində təşkil olunmuş hazırlıq kurslarında, ümumilikdə, 14, sınaq imtahanlarında isə 129 nəfər iştirak edib.
Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti