Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi iştirakçıları dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır, şəhid ailələri, müharibə veteranları hərtərəfli diqqət və qayğı ilə əhatə olunurlar. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ilin yanvar ayının 1-dən Prezident təqaüdlərinin məbləğlərinin əhəmiyyətli dərəcədə artırılması, o cümlədən yeni Prezident təqaüdlərinin təsis edilməsi ölkəmizdə insan amilinə verilən yüksək dəyərin növbəti təzahürüdür.
Bu gün muxtar respublikamızda da Vətən müharibəsi iştirakçılarının tibbi və sosial reabilitasiya tədbirlərinə cəlb olunması, onlar üçün sosial dəstək tədbirlərinin icrası davam etdirilir. Artıq məlum olduğu kimi, bu sahədə görülən işlər çərçivəsində Naxçıvan şəhərində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, yaralananlar və onların yaxınları, müharibədən zərərçəkənlərlə bağlı Psixoloji Dəstək Xidməti yaradılıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Regional İnformasiya Mərkəzində təşkil olunan xidmətdən hazırda müvafiq kateqoriyadan olan 10 nəfər istifadə edir və həmin şəxslərə mərkəzin psixoloqu tərəfindən lazımi psixoloji bərpa xidmətləri göstərilir. Qeyd edək ki, sözügedən xidmətə müraciətin daha da asanlaşdırılması məqsədilə nazirliyin rəsmi internet saytı – sosial.nmr.az-da “Şəhid ailələri və müharibədə yaralananlara psixoloji dəstək” adlı xüsusi bölmə də istifadəyə verilib. Belə ki, Psixoloji Dəstək Xidmətindən yararlanmaq istəyən muxtar respublika sakinləri həmin bölməyə daxil olmaqla qeydiyyatdan keçə və ya göstərilən əlaqə telefonlarına müraciət edə bilərlər. Bununla yanaşı, bu günlərdə nazirliyin saytında, “Şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək” bölməsi yaradılıb. Bu bölməyə daxil olmaqla vətəndaşlar ölkəmizdə, eləcə də muxtar respublikamızda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən xidmətlərin təşkili, qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlar və müavinətlərin təyini qaydaları, bu məqsədlə tələb edilən sənədlər və digər zəruri informasiyalarla tanış olmaq imkanına malikdirlər. Bu bölmə sual-cavab formatında qurulub və sosial dəstək tədbirləri çərçivəsində ən çox müraciət olunan sahələri əhatə etməklə hazırlanıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti