Türk xalqlarında mövcud olan qədim mifoloji düşüncəyə görə, qış xalqın təqviminə əsasən dövrlərə – çillələrə bölünür. Çillə əziyyətdən, məşəqqətdən, zülmdən çıxmaq mənasındadır. Bizim müasir dilimizdə “çillədən çıxmaq” ifadəsi var. Əgər bir adam günlərlə evdən çıxmasa, zarafatla onun haqqında deyərlər ki, filankəs çilə çıxarır. Amma bu zarafatın arxasında böyük bir inam var. Xalq belə təsəvvür edir ki, qış təbiətin məşəqqətli bir zamanıdır. Bu zamandan aciz insanın çıxması son dərəcə çətindir. O qışdan çıxmaq insanın, doğrudan da, bayram etməsinə əsas verən bir keçid dövrüdür. O mənada, Böyük çillə, Kiçik çillə, Boz ay mərhələləri Novruz bayramına qədərki çox vacib mərhələlərdir.
Məlum olduğu kimi, Böyük çillə dönəmində havalar mülayim keçir. Qışın şaxtalı, sərt günləri sonrakı mərhələyə nisbətən az olur. Və qış öz “hökmünü” sonra – Kiçik çillə dövründə daha aydın göstərir. Qışın ikinci mərhələsi sayılan Kiçik çillə dönəmində hava, adətən, Böyük çillə ilə müqayisədə çox soyuq keçir. Elə xalq da deyir ki, əsas şaxta Böyük çillədən sonra olur, yəni Kiçik çillədə. Bu Kiçik çillə çox sərt olur. O qədər soyuq, şaxtalı keçir ki, meşədə heyvanlar, çöldə quşlar üşüyür, donur. 20 günlük Kiçik çillə nə qədər sərt olsa da, ömrü qısadır. Bu vaxt həm də günlər uzanmağa başlayır. Xalq yaddaşında bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir edilən Böyük və Kiçik çillələr bir-birinə qarşı qoyulur. Böyük çillə nə qədər yumşaq təbiətli olaraq obrazlaşdırılırsa, Kiçik çillə onun, əksinə, öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi xarakterizə olunur. Bu baxımdan professor Azad Nəbiyevin fikirləri böyük önəm daşıyır: “...Maraqlı cəhətlərdən biri də odur ki, mərasim düşüncəsində insan özünün şərə, pisliyə münasibətinin müəyyən cəhətlərini Kiçik çillə ilə bağlı poetik düşüncəsində ifadə edir:
Kiçik çillə...
Boyu bir belə...
Hikkəsi bir belə...
Gəlişi oldu
Hayınan.
Gedişi oldu
Vayınan.
Əlində qırmanc
Eli-günü yandırdı,
Neçə günahsız doqqaz bağladı,
Neçə alaqapı
Sındırdı.
Kəsdi neçə evin yağmasın,
Pendirin, çörəyin, ağmasın...”
Nümunədən göründüyü kimi, Kiçik çillə ərəfəsində hava o qədər soyuq və şaxtalı günlərlə müşayiət olunur ki, şaxta və arasıkəsilməz bu günlər insanlara, təsərrüfata kəskin ziyan vurur. İnsanlar lap əvvəllərdən ilin bu dönəmini qışın ən sərt vaxtı kimi qarşılamışlar. Bu sərtliyin insanların yaşayış tərzinə, təsərrüfata da mənfi təsirlərini nəzərə alaraq hazırlıqlar görmüşlər. Xalq öz düşüncəsində ilin bu dövrünü – Kiçik çillə dönəmini “qışın oğlan çağı” da adlandırmışdır. Ulu əcdadlarımız Kiçik çillənin bu qədər sərt havalı olmasını maraqlı fəlsəfə ilə qarşılamışlar: evin kiçik övladı həmişə ərköyün olduğu üçün Kiçik çillə də öz ərköyünlüyünü belə göstərir.
Xalq təfəkküründə “Kiçik çillənin Böyük çilləyə həsədlə” yanaşdığını ifadə edən mifoloji mətnlərdə deyildiyi kimi, əgər Kiçik çillənin də Böyük çillə qədər ömrü olsaydı, “dünyanı öz soyuğu ilə viran edərdi”. Mifoloji mətndə Kiçik çillə Böyük çilləylə “söhbətində” öz hünəri ilə belə öyünür:
Böyük çillə ilə Kiçik çillə yolda rastlaşırlar. Kiçik çillə Böyükdən soruşur:
– Getdin nə etdin?
Böyük çillə deyir:
– Təndirləri yandırdım, kürsüləri qurdurdum, küplərin, xaralların ağzını açdırdım.
Kiçik çillə deyir:
– Qoy mən gedim, gör neyləyəcəm?! Qarıları təndirdən basıb küflədən çıxaracağam, küpləri, xaralları boşaldacağam, üzüqoylu qoyub gələcəyəm.
Böyük çillə deyir:
– Bacarmazsan...
Qabağın yazdı,
Ömrün azdı.
Göründüyü kimi, insanlar Kiçik çillənin öz təbiəti ilə yaratdığı fəsadlarından narahatlıq keçirirlərsə də, ömrünün çox az olduğunu, cəmi 20 gün – fevral ayının 1-dən 21-dək hökm sürəcəyini düşünüb təsəlli tapırlar.
Onu da əlavə edək ki, qışın sərtliyi bu dönəmdə əvvəllər icra olunan mərasimlərə nisbətən kölgədə qalırdı. İstər Böyük çillə zamanı icra olunan Saya mərasimi, istərsə də Kiçik çillə dönəmində keçirilən Xıdır Nəbi mərasimi etnosun dirilən təbiətlə bağlı arzu-istəyini ifadə edirdi. Bəzi bölgələrdə bu mərasimi Kiçik çillənin axırıncı 9 və ya 10-cu günündə keçirirlər. Bir çox bölgələrdə, məsələn, Borçalıda bu mərasim birinci çillənin çıxan son gününə təsadüf edir. Naxçıvanda isə xalq arasında Xıdır Nəbi mərasimi Kiçik çillənin birinci ongünlüyündə icra olunur.
Böyük çillədə indi unudulmuş, əvvəllər isə aktiv şəkildə icra olunan Saya mərasimi keçirilib. Bu barədə folklorşünas M.Kazımoğlu maraqlı məlumatlar verərək yazır ki, saya mərasimi qoyunçuluqla birbaşa əlaqəsi olan mərasim idi. Saya mərasimi bizim indiki “Kosa-kosa” mərasiminə oxşar detallarla müşayiət olunub. Məsələn, adamlar, xüsusi oyunbazlar, məsxərəçilər çoban paltarı geyinər, əllərinə quzu dərisi alıb və qapı-qapı gəzərək xüsusi nəğmələr oxuyaraq pay yığarmışlar:
Salamməleyk, say bəylər,
Bir-birindən yey bəylər.
Saya gəldi gördünüzmü,
Sayaya salam verdinizmi?
“Sayaçı sözlər” adlı janrın adı da bu bayramın qalığıdır. “Saya” sözü çuvaşlardakı “çaya” sözü ilə səsləşir. Deməli, digər türk xalqlarında da saya bayramları keçirilib. Bu bayram folklor etnoqrafiyamızın bir parçası, folklor nümunəsi kimi günümüzdə də elmi ədəbiyyatlarda, tədqiqatlarda özünə yer almaqdadır. Bu bayram, təxminən, yanvar ayının ortalarında, qoç sürüyə daxil olan vaxtda keçirilib. Erkək qoyunları xüsusi qırmızı parçalarla bəzəyər və onu sevinclə sürüyə qatardılar və ümid edərdilər ki, həmin o saya və ya çaya adlı hami ruh insanlara kömək edəcək ki, heyvandarlıqda məhsuldarlıq bol olsun.
Bizim “Kosa-kosa” mərasimində də oyun elementləri var. Kosa da nəğmələr oxuyur və insanlardan pay istəyir. Bu payın arxasında çox böyük həqiqətlər dayanır. Yəni sayaçı mərasimləri göstərir ki, bu bayram məhsuldarlıq bayramıdır.
Bütün bunlar etnosun təqvim və bu təqvimlə bağlı yaranmış olan mərasim düşüncəsinin qədim kökləridir.
Aytən Cəfərova
filologiya üzrə fəlsəfə doktoru