23 Dekabr 2024, Bazar ertəsi

Doğma yurdum, Doğma diyarım!


Mənim doğma yurdum, doğma diyarım!
Gəzdim, səfər etdim Vətənimi mən,
Səntək gözəl diyar görə bilmədim.
Mən sənin havana, sənin suyuna

Heç bir tay-bərabər tapa bilmədim.
O doğma qoynunda boy atmışam mən,
Nuhun yurdunda nur saçan Vətən.
Bəlkə də, bundandır gedəndə səndən
Sənin həsrətinə dözə bilmirəm…

Naxçıvan bəşər sivilizasiyasının ilkin mədəniyyət ocaqlarından biri sayılır. Bu gün hər sahədə yüksək inkişaf yoluna qədəm qoyan doğma yurdum yaranmasının 97-ci ildönümünü böyük ruh yüksəkliyi və gələcəyə inamla qeyd edir. Naxçıvanın muxtariyyətinin qorunması çox çətin və mürəkkəb mübarizənin, diplomatik səylərin nəticəsində mümkün olub. 1918-1920-ci illər Naxçıvan diyarı üçün çətin inkişaf dövrü olub. Bu diyarın tarixi taleyini, yəni onun Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi qalmaq imkanlarını Moskva və Qars müqavilələri reallaşdırıb. Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında 1921-ci il martın 16-da imzalanan Moskva müqaviləsində təsbit edildi. 1921-ci il oktyabrın 13-də RSFSR-in iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR və Türkiyə arasında imzalanan Qars müqaviləsinə əsasən Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirildi. Bu müqavilələrlə Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanıyıb və ona beynəlxalq hüquqi təminat veriblər. 1924-cü il yanvarın 8-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (MİK) Naxçıvan vilayətinin Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlandırılmasını təsdiq etdi və Naxçıvan MSSR MİK-in 1924-cü il yanvarın 18-də keçirilmiş birinci plenumu bu qərarı təsdiqlədi. Azərbaycan SSR MİK-in 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan muxtar diyarı Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrildi. Muxtar respublika statusu bu bölgənin sonrakı taleyində çox mühüm rol oynayıb. Bu cəhəti nəzərə alan görkəmli dövlət və siyasi xadim, ümummilli liderimiz Heydər Əliyev 1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya komissiyasının iclasında deyib: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Dahi şəxsiyyətin arzularındakı Naxçıvan

Ulu öndər həmişə Naxçıvanın inkişaf etməsini, abadlaşmasını istəyirdi. Dahi şəxsiyyət deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.

Siyasi kursun davamçısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ümummilli liderimizin müəyyən etdiyi quruculuq xəttinin ölkəmizin hər bir yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasını da inkişaf və tərəqqi yoluna çıxardığını xüsusi qeyd edərək deyir: “Biz ümummilli liderin yolu ilə gedərək doğma diyarımızı onun görmək istədiyi kimi qurmağa, inkişaf etdirməyə çalışmışıq”.
Bəli, bu missiyanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov şərəflə, ləyaqətlə davam etdirir. Bunu doğma yurdun, nəinki mərkəzində, hətta ən ucqar dağ kəndlərində belə, hiss etmək mümkündür. Doğma diyarıma hər dəfə səfər etdiyimdə daim hansısa yeniliklərlə qarşılaşıram. Və bu məni çox sevindirir. Uzun müddət blokada şəraitində yaşamasına baxmayaraq, uğurlu dövlət siyasəti nəticəsində Naxçıvan hərtərəfli və dayanıqlı inkişafa nail olub və bu proses indi də davam etməkdədir.

Prezident İlham Əliyev: “Naxçıvanın uğurlu inkişafı məni xüsusilə sevindirir”

Bu gün dahi rəhbərin yolunu uğurla davam etdirənlər həm də görkəmli şəxsiyyətin arzularını inamla gerçəkləşdirirlər. Naxçıvanda həyata keçirilən möhtəşəm quruculuq işləri dövlət başçımız cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir: “Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçib. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanıb. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.

Günü-gündən gözəlləşən, abadlaşan doğma diyar

Muxtar respublikanın inkişafını təmin etmək məqsədilə icrası uğurla başa çatan Dövlət proqramları və hazırda icrası davam etdirilən layihələr yüksək templə həyata keçirilir. Tarixin heç bir dövründə muxtar respublikada bu miqyasda abadlıq-quruculuq işləri görülməyib. Ötən illər ərzində muxtar respublikada tikinti-quruculuq işləri geniş vüsət alıb, nəhəng istehsal müəssisələri, çoxsaylı yaşayış binaları, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilib.

Tikinti-quruculuq işləri aparılarkən müasirliklə milliliyin vəhdəti əsas götürülüb. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, gözəlləşdirib. Bəli, muxtar respublika iqtisadiyyatının inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət hər il məhsul istehsalının və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə gətirib çıxarıb. Müasir dövrdə iqtisadi, sosial və mədəni sahələrdəki nailiyyətləri ilə diqqəti özünə cəlb edən qədim diyar rəqabətqabiliyyətli iqtisadi inkişaf modeli qurmaq yolunda mühüm irəliləyişlər əldə edib. Ulu öndərin Naxçıvanla bağlı düşüncələri, müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qazanılan uğurların miqyası və əhatə dairəsi genişləndirilir. Ölkə rəhbərinin imzaladığı müvafiq fərmanlarla müəyyən edilən sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə həyata keçirilən tədbirlər əldə edilən nailiyyətləri daha da möhkəmləndirir. Bu gün, sözün əsl mənasında, bütün sahələrdə sürətlə inkişafa və yüksəlişə nail olan Naxçıvanın bu uğurlu siyasət modelindən düşünürəm ki, ölkəmizin digər şəhər və rayonlarında da istifadə etmək lazımdır.

Pandemiya idarəedilən epidemiya kimi müşahidə olunur

Pandemiyanın tüğyan etdiyi, Vətən müharibəsi apardığımız 2020-ci ildə dünyanın əksər ölkələrində iqtisadi geriləmələr olsa da, Naxçıvanda ÜDM-in istehsalı 2019-cu illə müqayisədə 1,1 faiz artaraq 2 milyard 908 milyon manata yaxın olub. Onun bir nəfərə düşən həcmi 6 min 310 manat təşkil edib ki, bu da 2019-cu ildəki göstəricidən 1,8 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu istehsalın payına düşüb. Ötən il sahibkarlara 30 milyon 909 min manat kredit verilib, 119 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. Bu uğurlu siyasətin nəticəsi hər bir sahədə olduğu kimi, günümüzdə dünyanı ağuşuna alan COVID-19 pandemiyası ilə mübarizədə də özünü doğrultdu.
Ölkə üzrə açıqlanan 2 fevral 2021-ci il tarixinə olan ən son COVID-19-a yoluxma statistikasına əsasən ən yüksək yoluxma hallarının 52,2 faizi paytaxtın payına düşür. Bundan başqa, həmin göstərici aran rayonlarında 13,3, Abşeron rayonunda 12,9, Gəncə-Qazax bölgəsində 8,2, Şəki-Zaqatalada 3,2, Quba-Xaçmazda 3,0, Lənkəranda 2,9, Dağlıq Şirvanda 2,5, Yuxarı Qarabağda 1,4, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,4 faizdir.
Bəli, statistikadan da aydın göründüyü kimi, günümüzün bəlasına çevrilən bu virus muxtar respublikada idarəedilən xəstəlik kimi müşahidə olunur.
Qədim diyarın nümunəvi xüsusiyyətləri hər zaman diqqətimi cəld edir. Bu gün Naxçıvanın özünəməxsus model formalaşdıran və ən çətin anlarda ən düzgün yol seçməyi də məhz uğurlu siyasətin tərkib hissəsidir.

Qədim diyar qəhrəmanlar diyarı kimi
adını tarixin qızıl səhifələrinə həkk etdi

Prezident cənab İlham Əliyevin xüsusi sərəncamı ilə yaradılan və maddi-texniki təchizatı gündən-günə güclənən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu bu gün, sözün əsl mənasında, düşmənə gözdağıdır.
Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlar nəticəsində 30 illik həsrətimiz Zəfərlə yekunlaşdı. Bu uğurda yüzlərlə şəhid verən qədim diyar qəhrəmanlar diyarı kimi də adını tarixin qızıl səhifələrinə həkk etdi. Məhz belə mübariz Vətən oğullarının hesabına yüzlərlə hektar Vətən torpağı düşmən işğalından azad edildi. Cənnətməkanlarımız yenidən yararlı hala gətirilərək bölgə əhalisinin rifahına xidmət edəcək. Bəli, bu gün Naxçıvan Muxtar Respublikası çiçəklənmə dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır və bugünkü nailiyyətləri gələcək müvəffəqiyyətlərin təminatı kimi görür. Qazanılan nəticələr bir daha onu deməyə əsas verir ki, muxtar respublikada ulu öndər Heydər Əliyevin siyasi xətti uğurla, sədaqətlə, inamla davam etdirilir. Bugünkü Naxçıvan məhz dahi şəxsiyyətin arzularındakı Naxçıvandır. Gündən-günə çiçəklənən, inkişaf edən, abadlaşan, dosta qürur, fəxarət bəxş edən, düşmənə gözdağı olan Naxçıvan. Bunu reallaşdıranlar isə ümummilli lider Heydər Əliyevin nurlu yoluna, dövlətçilik ideyalarına sədaqətli olan, xalqa, doğma Vətənə xidməti həyat idealına çevirən vətənpərvər, fədakar naxçıvanlılardır.

Röya Bənənyarlı
Azərbaycan Televiziyasının əməkdaşı
gününsesi.info
8 fevral 2021-ci il 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR