Nənə mənə nağıl danış. Həmin nağıl qəhrəmanları çox güçlü olsun. Məlikməmmədə, ağ atlı oğlana bənzəsinlər. Dağlar aşıb, şehirli yollardan keçsinlər. Sonda da göydən üç alma mütləq düşsün. Hamımız xalq nağıllarımızı bəzəyən hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köhnə hamam içində. Günlərin bir günündə, Məmməd Nəsir tinində, biri varıydı, biri yoxuydu ifadələri ilə böyüyüb, boya-başa çatmışıq. Həmin nağıllar o qədər gerçək, o qədər inandırıcı idi ki, biz də Məlikməmməd kimi güçlü, Tık-tık xanımın xilaskarı siçan kimi cəsur olmaq, Fərhad kimi dağ yarmaq, Cırtdan kimi qaranlıq yox işıq gələn yolu tapıb aydınlığa çıxmaq istəyirdik. Bəzən gerçək qəhrəmanların nağıllarını da eşitməyimiz az olmurdu. Analarımız, nənələrimiz onu elə məharətlə öz dillərində səsləndirərdi ki, tariximizi elə balacalıqdan bu nağılların dilindən öyrənər, onların şirin-şirin səsi ilə eşidərdik. Babək, Koroğlu kimi qəhrəmanlarımızla dillərə dastan olmaq, Atabəy Şəmsəddin Eldəniz qüdrətində dövlət idarəçisi, Sara Xatun xislətli diplomat, Şah İsmayıl Xətai qeyrətli mərd, igid Vətən sevdalısı və dövlətçilik ənənələrinə sadiq bir gənc kimi yetişmək idi diləyimiz. Dədə Qorqud dastanında adıçəkilən boylarda ana haqqı, tanrı haqqı, Vətən sevgisi, yurd eşqi, tarixi ənənələr, toy adətləri bizi əslində bir vətəndaş kimi formalaşdırar, onların nümunəvi hayatlarından örnək götürüb ömrümüzə calamaq kimi ideyalar verərdi bizlərə. Bir sözlə, onlar kimi olmaq istəyərdik. Nağıllar şəklində dinlədiyimiz, amma tanımadığımız nağıllarda təsəvvürlərini yaratdığımız qəhrəmanlar, sərkərdələr bizim gələcək obrazımıza, fızioloji ideallarımıza çevrilərdi. Beləcə, yuxuya da tez gedərdik. Analarımızın, nənələrimizin dilində eşitdiyimiz nağılların qəhrəmanı da olardıq böyüdüyümüz nağıllarda. Gecə yatmağa elə həvəslə gedərdik ki… Müsbət nağıl qəhrəmanlarımızın gələcəkdə bizim formalaşmağımıza, iradə sahibi olmağımızda, mərd, sözübütöv, əqidəli, vətənpərvər kimi böyüməyimizdə, bir sözlə, layiqli vətəndaş kimi yetişməyimizdə oynadığı rol əvəzsizdir. Bu gün bizim milli təfəkkürlərimizi, nənələrimizdən eşitdiyimiz milli dəyərlərimizi təbliğ edən nağıllara borcluyuq. Böyüdüyümüz nağıllar bizim milli dəyərlərimiz, ənənələrimiz, tariximizdir.
Bu gün isə bu yazımın sərlövhəsinin mənzərəsini yeni dövrün “nağıldanışanları” əvəz edib: mavi ekranlı kompüterlər, telefonlar..! Təsəvvürlərə fərqli obrazlar hakim olub. Düşüncələr dəyişib, qəhrəmanlar başqalaşıb. İndi nənədən nağıl istəyən uşaq da yoxdur. Ahəstə laylaların, şipşirin nağılların yerini gün üzünü bəzi televiziya kanallarının efirlərini dolduran mənasız hay-küy dolu verilişlər, smartfon telefonların lazımsız paylaşımları və videogörüntüləri əvəz edib.
Danılmaz faktdır ki, bu gün televizor hər bir ailənin daimi üzvlərindən birinə çevrilib. Biz böyüklər bəlkə də üzdəniraq televiziya verilişlərinin zərərli təsirlərindən qoruna biləcək mənaviyyata və psixologiyaya malikik. Amma uşaqlar hələik bunu dərk edəcək səviyyədə deyillər. Düzdür, reallıq belədir ki, bu gün uşaqları televizorlardan tam uzaq tutmaq mümkün deyil. Bun baxmayaraq valideynlər bunu nəzərə almalı, uşaqlarını bəzi televiziya kanallarının çoxsaylı verilişlərinin zərərli təsirindən qorumalıdırlar. Şünki, diqqət yetirsək, görərik və təəssüf ki, bizim televiziyalar xaricdə istehsal olunmuş cizgi filmlərinə daha çox üstünlük verirlər. Onlar isə bütünlükdə milli dəyərlərimizə yad olan həyat tərzini təbliğ edir, uşaqlarda həmin həyat tərzinin nümunəvi, xarakterik olması təsəvvürünü formalaşdırır. Beləliklə, cəmiyyətdə tərs mütənasiblik yaranır, harmoniya pozulur. Elə bu səbəbdəndir ki, indiki uşaqlar milli nağıl qəhrəmanlarından daha çox “lol bəbək”ləri, “barbi”ləri, “benten”ləri, “frozen”ləri və kim bilir, daha hansı fantastik qəhrəmanları öz təsəvvürlərində canlandırır və ideallaşdırır, onlara bənzəmək istəyirlər.
Axı bizim xalq nağıllarımızın öz milli personajları vardır: Məlikməmməd, ağ atlı oğlan və bu cür xeyir-şər döyüşündə haqqın, ədalətin tərəfini tutan qəhrəmanlar... Bu qəhrəmanlar nağıl boyu müxtəlif sınaqlardan keçir, çətinliklərə düşür və hər zaman öz qətiyyətləri, qəhrəmanlıqları, ağılları sayəsində uğur qazanırlar. Məlikməmməd divi öldürür, əsir qızı xilas edir, Simurq quşu ilə qaranlıq dünyadan işıqlı dünyaya çıxır. Ağ atlı oğlan haqqı tapdalanan insanların köməyinə yetişir, zalımları cəzalandırır. Digər nağıl qəhrəmanlarımız da elə bu cür müsbət xarakter aşılayırlar. Yəni uşaq o nağılları oxuyub və ya eşidib düşündükcə, istər-istəməz özü üçün müsbət nəticələr çıxarır. Təəssüf ki, bir zamanlar həvəslə dinlədiyimiz nağıllar və nağıl qəhrəmanları bu gün arxa planda qalıb. Bunun əsas səbəbkarı isə uşaqlar deyil, valideynlərdir. Söhbət nağıl danışmaq vərdişini itirən, öz rahatlığı üçün övladlarını saatlarla televizor, kompüter qarşısında əyləşdirən valideynlərdən gedir. Onların sayəsində bu gün o nağıllar da bəzilərinin “dəbdən düşmüş” hesab etdikləri qədim mahnılar kimi unudulmağa üz tutub; indi uşaqlar yeni əyləncələr, yeni “nağıllarla” ovunurlar.
Bu qəhrəmanların mənşəyi bizdən deyil, uzaq, yad məmləkətlərdən gəlir. İndiki uşaqlar dünyaya göz açan kimi onları cizgi filmlərində, You Tube kanallarında gördükləri üçün elə onlara da bənzəmək istəyirlər. Qızların ən çox sevdikləri “barbi” kuklalar, oğlanların meyl etdikləri isə “hörümçək adam”dır.
“Barbi” kukla ilə böyümüş qız məktəb yaşına çatır və onun üçün lazım olan bütün məktəb ləvazimatlarını alırlar. Ancaq qız bir mərəkə qoparır ki, gəl görəsən. Nə var, nə var, çantasının üstündə “barbi” şəkli yoxdur. Gərək bu qızın hər şeyi “barbi”li olsun: paltarı da, çantası da, dəftəri də, geyimi də, hələ lap desən, əl-üz sabunu da. Burada bir sual meydana çıxır: Kimdir müqəssir? Cavabı sizə də bəllidir: övladlarını ərköyün öyrədən valideynlər. Eyni mənzərəni hörümçək adam misalında da görə bilərik. Bir sözlə, uşaqlar öz qəhrəmanlarını həyatlarının bütün məqamlarında gözlərinin qarşısında görmək istəyirlər, çünki uşaqlıqdan ona bağlanıblar.
Kiçikyaşlı uşaqlar nağılları əvəz edən cizgi filmlərinin bir göz qırpımında binalara dırmaşıb istədiklərini öldürə və ya yox edə bilən “hörümçək adam” kim fantastik “qəhrəmanlar”a bağlandıqca duygularında, düşüncələrində də fərqli meyillər meydana çıxır, onlar kimi güclü olmaq istəyirlər, bir sözlə, hər kəsdən fərqlənmək və qeyri-adi olmaq həvəsinə düşürlər. Beləcə, uşaqlarımız, “barbi”ləşir, “hörümçək adam”laşır, sonra da sizdən, bizdən uzaq düşüb, ənənələrimizə, dəyərlərimizə yad münasibət göstərirlər. Artıq ərköyünlük onların əməllərində görünür. Beləcə hər istəyini yerinə yetirmək məcburiyyətində qalırsan. Uşaq öz arzularına o qədər bağlanır ki, fərqli münasibət göstərəndə qəzəbini gizlətmir, etiraz edir, istəyini əldə etmək üçün cürbəcür yollar axtarır. Gördüyünüz kimi bu qəhrəmanlar, əslində, uşaqları zaman-zaman normal həyatdan, real duyğu və düşüncədən uzaqlaşdırır. Uşaqlar artıq sizin kimi olmaq istəmirlər, siz onlar üçün artıq kifayət qədər güclü deyilsiniz. Demək, bu cür qəhrəmanlar valideynləri uşaqların gözündə zəif, gücsüz göstərir. Bu da formalaşmaq mərhələsində olan uşaqlarda eqoistliyin başqa bir tərəfi kimi təzahür edir. Acınacaqlısı orasındadır ki, bəzi valideynlər hələ övladlarının əcnəbi kanallarda əcnəbi cizgi filmlərini saatlarla izləməsindən və oradaki qəhrəmanlar kimi danışmasından, hərəkətlər etməsindən fərəhlənir, həzz alırlar.
Nağıllarla böyüyən nəslin üstün cəhəti ondan ibarətdir ki, erkən yaşlarından öz valideynlərindən nümunə götürər, ata-analarını hər kəsdən daha güclü, daha üstün bilərdi. Lakin dövrümüzün müasirlik azarının nəticəsi olaraq övladlarımızın bənzəmək istədikləri vizual qəhrəmanlar bu arzuları, bu düşüncələri də başqalaşdırıb. Bu yeni qəhrəmanlar uşaqların duyğularında hər şeyi dəyişib, valideynə münasibətə də mənfi təsir göstərib. Vaxtilə atalarını hamıdan gülcü bilən uşaqlar bu gün kimin güclü olduğunu heç soruşmurlar da. Çünki əmindirlər ki, “hörümçək adam” onların atasından çox-çox güclüdür. Beləcə, uşağın gözündə bir ata obrazı zəifləyir. Çünki onun atası hörümçək adam kimi bir göz qırpımında evin damına çıxa bilmir. İndi uşaqlar valideynlərindən çox sevdikləri “qəhrəmanlara” bənzəmək istəyirlər.
Əziz valideynlər, övladımızı bu cür təsirlərdən qorumağa çalışaq ki, bizə hörmət eləməyi bacarsınlar, gözlərində güclü obraz kimi qala bilək. Onlara milli dəyərlərimizi təbliğ edən nağıllar danışın ki, sizin dilinizdən hər gün nağıl eşitməyə vərdiş etsinlər. Milli nağıl qəhrəmanlarını – Məlikməmmədi, Cırtdanı, Ağ atlı oğlanı, göyçək Fatmanı, Pinəçi Muradı sevsinlər. Onlara adət-ənənələrimizi, milli dəyərlərimizi tətbiq edək. Körpələrimizə torpaq, millət sevgisini, Vətən eşqini aşılayaq. Övladlarımızı müasirlərimiz olan milli qəhrəmanlarımızı, Vətən uğrunda canından keçən Mübarizləri, Poladları, Babəkləri, Şükürləri tanımaqdan, onların əfsanələşən ömürləri haqqında məlumat verib onlara bənzəmək kimi müqəddəs ideallardan məhrum etməyək. Bu bizim valideynlik, vətəndaşlıq vəzifəmizdir. Axı övladlarımızı sabahın layiqli vətənpərvər gənci, əsgəri və qəhrəmanı kimi yetirə bilməliyik.
P.S. Hədəf cizgi filmlərini pisləmək devil. Əsla. Tərbiyəvi əhəmiyyətli cizgi filmlər də var. Valideynlər cizgi fılmləri izləyən uşağa nəzarəti gücləndirməli, uşaqları əhəmiyyətsiz, qorxulu cizgi fılmlərə baxmağa qoymamalı, unudulan xalq nağıllarımızı sandıqcadan çıxartmalıdır. Nağıl danışmağa həsrət qalan nənələrimizin intizarına son qoymalı, övladlarımıza nənələrimizdən nağıl istəməyi təlqin etməli, dinləyib nəticə çıxarmağı aşılamalıyıq. Belə etsək, uşaqların düzgün, milli mentalitetə uyğun tərbiyə olunmasına, onların valideynlərə hörmət etməsinə, gələcəyimizin daha parlaq olmasına töhfə verə bilərik. Hamımız bu amalla yaşamırıqmı?!
Türkan HÜSEYNLİ