Kitab təqdimatı Kəngərli Rayon Mədəniyyət Sarayında reallaşıb. Gənclər və idman nazirinin müavini Məcid Seyidov və Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova tədbirin məqsəd və əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, gənclərin iştirakı ilə mütəmadi olaraq kitab təqdimatları, oxunması zəruri olan kitabların müzakirələri keçirilir. Bugünkü kitab təqdimatının məqsədi gənclərdə mütaliə mədəniyyətinin yüksəldilməsi, onların 1995-2019-cu illərdə muxtar respublikada gedən inkişaf prosesləri ilə müfəssəl formada məlumatlandırılmasından ibarətdir. Qeyd olunub ki, həmin kitab Naxçıvanın sosial-iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən fundamental tədqiqat əsəridir.
Muxtar respublikanın keçdiyi inkişaf yolundan, həyata keçirilən layihələr və qazanılan nailiyyətlərdən geniş şəkildə bəhs edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev sözügedən monoqrafiyanın əsas bölmələri barədə məlumat verib. Bildirilib ki, muxtar respublikada aparılan məqsədyönlü islahatlar, mühüm əhəmiyyətə malik Dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvanın sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qoruması faktı təhlil edilib, demoqrafik proseslər və məşğulluq problemlərinin həlli, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr, o cümlədən ərazi, qida və enerji təhlükəsizliyinin qorunması ilə bağlı icra olunan işlərin sistemli inkişafı araşdırılaraq kitabda əks etdirilib. Nəşrdə, həmçinin tarixi irsin qorunması, turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər geniş şərh olunur, Naxçıvanda Heydər Əliyev ideyalarına dərin sədaqət, uğurlu idarəetmə sayəsində bütün sahələrdəki intibah təhlil edilir, gələcək müvəffəqiyyətlər proqnozlaşdırılır.
Tədbir iştirakçıların müəllifə ünvanladığı suallar əsasında müzakirə şəklində davam edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti