29 Mart 2024, Cümə

İnkişaf və tərəqqi ünvanı

Bu gün ölkəmiz və onun Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, çiçəklənir. Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi, dövlətimizin başçısının diqqət və qayğısı, çəkilən gərgin əmək və misilsiz əzmkarlıq nəticəsində inkişaf və tərəqqi dövrünü yaşayan Naxçıvan bu yüksəlişə 30 ilə yaxındır ki, davam edən blokada şəraitində nail olub. Bu, Ulu Öndərimizin siyasi xəttinin Naxçıvan təntənəsidir.

Otuz ilədək bir dövrdə blokada şəraitində yaşayan Naxçıvanda yüksək iqtisadi fəallığa nail olunması, davamlı quruculuq işlərinin aparılması, sosial problemlərin səmərəli həlli və ən əsası, əhalinin güzəranının yaxşılaşdırılması daim diqqət mərkəzində olub, bu istiqamətlərdə çox böyük nailiyyətlər əldə edilib. Bu isə heç də asan olmayıb. Ötən əsrin 90-cı illərinin əvvəllərindən həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində əvvəlcə inkişaf və tərəqqi üçün mühüm amil olan ictimai-siyasi sabitlik təmin edilib. Ulu Öndərimizin əsasını qoyduğu inkişaf strategiyasının davam etdirilməsi nəticəsində bütün fəaliyyət sahələrində yeniləşməyə yol açan səmərəli iqtisadi siyasət kursu götürülüb. Şəhər və rayonlarda canlanma yaranıb. İş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb. Minlərlə yeni iş yerləri açılıb. Şübhəsiz ki, həyata keçirilən tədbirlər insan amilinə yönəldilib. O da öz nəticəsini göstərib. Muxtar respublika əhalisinin yaşayışında və həyat tərzində əsaslı dəyişikliklər baş verib.

 Xəyallarımız bu günün reallığıdır

Aqillər nahaq yerə deməyiblər ki, keçmişinə bax, bu gününə qiymət ver. Bir vaxtlar muxtar respublika əhalisi bir tərəfdən erməni işğalı, digər tərəfdən, sözün həqiqi mənasında, aclıq təhlükəsi ilə üz-üzə qalmışdı. Şaxtalı qış günlərində yaşayış məntəqələrində yaranan çörək növbələrində çəkilən əziyyətlər hələ də yaddaşlardan silinməyib. Gecələr evində çıraq lampası yandıran, həyətindəki meyvə ağaclarını kəsib isinən, yarıac-yarıtox yatan naxçıvanlılar ərzaqla da, enerji ilə də özlərini təmin edəcəklərinə, bu gününü yox, gələcəklərini düşünəcəklərinə, ağac əkib yaşıllıqlar salacaqlarına, bir sözlə, evində, yurdunda rahat yaşayacaqlarına inana bilmirdilər. Bu gün isə muxtar respublikanın ümumi ərazisinin 20 faizə qədəri yaşıllıqlarla örtülüb. Müqayisə üçün qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu göstərici yalnız 0,6 faizə bərabər idi. Ən ucqar sərhəd kəndindən tutmuş şəhər, rayon mərkəzlərinə qədər hər yerdə bolluqdur. Təbii ki, bütün bunlar dövlət-xalq birliyinin bəhrəsi, aparılan düzgün siyasətin nəticəsidir.

Vaxtilə elektrik enerjisini idxal edən Naxçıvan hazırda enerji ixrac edir

Blokada vəziyyətində yaşayan Naxçıvanda əsas məsələlərdən biri də ərzaq və enerji təhlükəsizliyinin yerli imkanlar hesabına təmin olunmasıdır. Hər iki amil həyata keçirilən islahatların prioritet istiqamətini təşkil edib. Əgər 1995-ci ilədək muxtar respublikada iki elektrik stansiyası vardısa, hazırda elektrik stansiyalarının sayı 10-a çatdırılıb. Bu gün Naxçıvan alternativ enerji mənbələrindən istifadə sahəsində nümunə göstərilir. Belə ki, muxtar respublikanın illik elektrik enerjisi tələbatı təxminən 450 milyon kilovat-saata yaxındır ki, bunun da 230 milyon kilovat-saatdan çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir. Bu da muxtar respublikanın illik elektrik enerjisi istehsalının təxminən 55 faizini təşkil edir. Həyata keçirilən tədbirlər isə onu deməyə əsas verir ki, gələcəkdə bu rəqəmin 100 faizədək artırılması mümkündür və bu, reallaşacaqdır. Hazırda isə istehsal olunan elektrik enerjisi tələbatı üstələyir.

Təsadüfi deyil ki, 2019-cu ilin 18 noyabr tarixində ölkə Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən deyib: “...Bu, doğrudan da tarixi nailiyyətdir. Çünki Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılıb və belə olan halda enerji təminatı xüsusi əhəmiyyət kəsb edir. Bu, əslində, təhlükəsizlik məsələsidir və heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir”.

Muxtar respublikada 384 növdə məhsul istehsal olunur

Müxtəlif sahələr üzrə qəbul edilmiş Dövlət proqramlarının icrası muxtar respublikada yerli istehsalın həcminin artmasına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına geniş imkanlar yaradıb. Əvvəllər zəruri ərzaq və sənaye məhsullarına olan tələbatını tamamilə idxal hesabına ödəyən muxtar respublikada bu gün 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir, ixrac potensialı getdikcə artır.

Təhsil quruculuğu həmişə ön plandadır: 200-dən artıq məktəb binası istifadəyə verilib

Ulu Öndərimiz Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirərkən təhsil quruculuğunu həmişə ön planda saxlayırdı. Elm və təhsili davamlı iqtisadi inkişafın əsası hesab edən dahi şəxsiyyət deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz inkişafını təmin etsin, o, mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir”. Muxtar respublikada həyata keçirilən islahatların mərkəzində də təhsil infrastrukturunun müasirləşdirilməsi dayanır. Elm və təhsil quruculuğu inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Ötən dövrdə müasir informasiya texnologiyaları ilə təmin olunmuş 200-dən artıq məktəb binası istifadəyə verilib, orta ixtisas və ali təhsil müəssisələri üçün yeni tədris korpusları tikilib, peşə məktəbləri yaradılıb. Bu gün Naxçıvan şəhərində də, ucqar dağ kəndlərində də şagirdlər kompüterlərdən, elektron lövhələrdən, müasir laboratoriyalardan, fondunda on minlərlə ədəbiyyat olan kitabxanalardan və internetdən istifadə edirlər. Bu, bütövlükdə ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi, xalqın və dövlətin gələcək müqəddəratına hesablanmış “İqtisadi resursların insan kapitalına çevrilməsi” prinsipinin əməli iş müstəvisinə çəkilməsinin əyani ifadəsidir.

Tarixi yaşadanları tarix də yaşadacaq

Tarixi çox qədimlərə söykənən Naxçıvan dünyanın ilkin yaşayış məntəqələrindəndir. Bu diyarda tarixin minlərlə yadigarı vardır. Naxçıvanqala, Oğlanqala, Qızqala, Əlincəqala, Möminə Xatun, Yusif Küseyir oğlu, Qarabağlar, Gülüstan türbələri Naxçıvanın qədimliyindən, mədəniyyətindən, böyük dövlətçilik tarixindən xəbər verir. Ancaq vaxt var idi ki, tariximizi, milli və mənəvi dəyərlərimizi əks etdirən abidələrimiz də dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Artıq bütün bunların - tarixi yaddaşımızın yox olmasının da qarşısını aldı, 1200-dən artıq tarixi abidə pasportlaşdırılaraq mühafizəyə götürüldü, dünya və respublika əhəmiyyətli 70-ə yaxın abidə yenidən bərpa olunaraq Azərbaycan xalqına qaytarılıb. Məhz buna görə də bu gün hər bir vətənpərvər insan Naxçıvanda tarixi-mədəni irsimizə göstərilən qayğını görəndə əminliklə deyir: Tarixi yaşadanları tarix də yaşadacaqdır!

Şərqlə Qərbin, tarixlə müasirliyin vəhdətindən gələcəyə işıq saçan nurlu diyar

Gələcəyimizi qorumağın və yeni nəsillərə çatdırmağın ən mühüm şərti milli dövlətçilik ənənələrinin qorunması və yaşadılmasıdır. Bu isə təkcə ərazinin və ya maddi sərvətlərin yox, həm də milli və mənəvi dəyərlərin qorunmasına da xidmət edir. Bu gün bütün bunlar Naxçıvanda ən yüksək səviyyədə təmin olunub. Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı elan edilib. Naxçıvan dünyada Nuhun diyarı, sabitlik, təmizlik, inkişaf məkanı kimi tanınır. Naxçıvan bu gün turizm mərkəzidir. Hər il yüz minlərlə turist bu qədim diyara səyahət edərək onun hüsnünə heyran qalır. Naxçıvan bu gün Şərqlə Qərbin, tarixlə müasirliyin vəhdətindən gələcəyə işıq, nur saçan nurlu diyardır! Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı olub və gələcəkdə Avropa mədəniyyətinin paytaxtı statusunu qazanmaq üçün bütün əsaslara malikdir.

Naxçıvanda inkişaf, tərəqqi kənddən şəhərə doğru gedir

Adətən, bir ölkə və ya məkan sürətli inkişaf yoluna qədəm qoyduqda, əsasən, onun mərkəzi şəhərləri, daha çox isə paytaxtı diqqətdə saxlanılaraq abadlaşdırılır. Muxtar respublikamızın isə paytaxtı ilə yanaşı, ən ucqar dağ kəndləri də abadlaşdırılıb. Kənd yerlərində yaraşıqlı binalar tikilib, nəqliyyat-kommunikasiya sistemi bərpa edilib, elektrik enerjisi, rabitə, qaz və su təminatı tam həyata keçirilib. İndi Naxçıvanda inkişaf, tərəqqi kənddən şəhərə doğru gedir. Muxtar respublikanın bölgələrində sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi sosial-iqtisadi və mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaradıb. Bütün bunlar haqlı olaraq geniş ictimai rəydə iqtisadi inkişafın Naxçıvan modeli adlandırılır.

Qədim diyar inkişafına görə regionlarımız arasında ön sıradadır

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks tədbirlər, sənaye və aqrar sahənin inkişafında müsbət nəticələrin əldə olunması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, investisiya imkanlarının artması sürətli inkişaf tempinin qorunub-saxlanmasına, əhalinin rifahının yaxşılaşmasına və sosial problemlərin həllinə səbəb olub. Əldə olunan inkişaf göstəriciləri ölkəmizin iqtisadi regionları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasının ön mövqedə olmasını şərtləndirir. Bu, aparılan təhlillər, hazırlanan reytinq siyahılarında da öz əksini tapır. İlk Sədri Prezident İlham Əliyev olan “Caspian European Club”unun Azərbaycan üzrə iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən iqtisadi regionların illik investisiya reytinqində iki il ard-arda Naxçıvanın lider mövqedə olması da bunu sübut edir.

Uğurların səbəbi: doğma torpağa, el-obaya sonsuz məhəbbət

Bu, bir daha göstərir ki, seçilən yolun düzgünlüyü, sözlə işin, əməllə əqidənin vəhdəti böyük uğurların əsasını təşkil edir. Prezident İlham Əliyev də Naxçıvanın inkişafını yüksək qiymətləndirərək deyib: “Siz, Ali Məclisin Sədri Vasif Talıbovun fəaliyyəti nəticəsində bütün bu uğurlara nail olmusunuz. Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq-quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Bu, Naxçıvanda var və məni çox sevindirir”.

Dövlət-xalq-ordu birliyi

Naxçıvan Muxtar Respublikası etibarlı müdafiə olunur. Burada dövlət-xalq-ordu birliyi mövcuddur. Əsgərlərin nümunəvi xidmət keçməsi üçün hər cür şərait yaradılıb, nizam-intizam ən yüksək səviyyəyə çatdırılıb. Əvvəllər, necə deyərlər, qorxusuz-hürküsüz Naxçıvanın sərhəd kəndlərini aramsız atəşə tutan düşmən bu gün Naxçıvana tərəf dönüb baxmağa belə qorxur. Çünki onun qarşısında nümunəvi ordu, məğrur Azərbaycan əsgəri dayanıb! Müasir hərbi hissələr, güclü maddi-texniki təminat, hərbi qulluqçuların döyüş qabiliyyətinin mütəmadi artırılması ordu quruculuğu sahəsində görülən ən mühüm tədbirlərdir. Ali Məclis Sədrinin tez-tez yüksəkliklərdə yerləşən postlarımızda olması, əsgər və zabitlərlə görüşlər keçirməsi onların döyüş ruhunu, Vətənə xidmət əzmini daha da artırır.

Naxçıvanın blokadasına son qoyulacaq, sosial-iqtisadi inkişaf yeni mərhələdə daha da sürətlənəcək

Sevindirici haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti, müdrik rəhbərliyi və şanlı Azərbaycan Ordusunun sarsılmaz qüdrəti, şücaəti sayəsində Vətən müharibəsində Böyük Zəfər əldə edildikdən sonra muxtar respublikanın blokadadan çıxarılması məsələsi də daim ölkə rəhbərinin diqqətindədir. Naxçıvan münaqişə bölgəsindən kənarda yerləşsə də, dövlətimizin başçısının təşəbbüsü sülh Bəyanatının 9-cu maddəsi Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsini nəzərdə tutur. Beləliklə, 30 ildir mövcud olan bir sıra problemlərin kompleks şəkildə həllinə imkan yaranacaq, Türkiyənin türk dünyası ilə əlaqələrinin inkişafı, regional əməkdaşlığın genişlənməsi üçün münbit şərait formalaşacaq.

Bunun davamı olaraq, bu il yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş nəticəsində növbəti Bəyanat imzalandı. Azərbaycanın diplomatik-siyasi cəbhədə qazandığı növbəti uğuru özündən əks etdirən Bəyanatda qədim diyarın blokadadan azad edilməsi məsələsi də ön planda oldu. Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ikitərəfli görüşündə dövlətimizin başçısı bu barədə deyib: “Görüş çox faydalı və hesab edirəm ki, səmərəli oldu. Ona görə ki, görüşün yekunlarına əsasən biz Bəyanat imzaladıq. Bu, müharibə qurtarandan iki ay sonra imzalanmış və mahiyyət etibarilə keçən il baş verənlərə yekun vuran ikinci Bəyanatdır. Bu Bəyanat bizim regionda tamamilə yeni vəziyyət yaranmasına – nəqliyyat kommunikasiyalarının bərpasına yönəlib. Bizim üçün bu, böyük əhəmiyyət kəsb edir, çünki beləliklə, 30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək. Yəni, bu Bəyanat çox böyük perspektivlər açır və əminəm ki, bizim bu gün yaratdığımız İşçi qrupu səmərəli işləyəcək, layihələrin reallaşdırılması barədə bizə vaxtaşırı məruzə edəcəkdir. Orada bir deyil, bir neçə layihə var. Əminəm ki, onlar hamısı reallaşacaq”.

Dövlətimizin başçısının diqqətə çatdırdığı kimi, perspektivdə çox böyük imkanlar yaranacaq, ölkələrarası əməkdaşlığın, iqtisadi-ticarət-nəqliyyat əlaqələrinin inkişafı üçün münbit şərait formalaşacaq və muxtar respublikamız bütün bu əlaqələrin, nəqliyyat arterialarının mərkəzində yer alacaq. Bu isə Naxçıvanın geostrateji əhəmiyyətini daha da artıracaq, ixrac imkanlarını genişləndirəcək, büdcə gəlirlərini artıracaq, sosial-iqtisadi inkişafını yeni mərhələdə daha da sürətləndirəcək.

Ulu Öndərimizin ideyaları yolumuza nur saçır

Gələcəklə bağlı istənilən ideya o vaxt həyati və cəlbedici olur ki, onun reallaşdırılması mexanizmləri barədə aydın təsəvvürlər olsun. Bu gün muxtar respublikamızın hər bir sakinində inkişafımızın perspektivləri ilə bağlı aydın təsəvvür var. Yəni bu, o deməkdir ki, biz bundan sonra da inkişaf yolu ilə gedəcək, böyük uğurlara imza atacağıq.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.

Bu gün Naxçıvan Muxtar Respublikası xalqımızın ümummilli lideri Heydər Əliyevin arzularının reallaşdığı möhtəşəm məkandır. Ulu Öndərin göstərdiyi yolla qətiyyətlə irəliləyən, onun istəklərini, arzularını, gələcək haqda planlarını addım-addım yerinə yetirən Naxçıvanda əldə olunan bütün nailiyyətlər Vətənə və xalqa xidmət nümunəsidir.

Rauf Əliyev

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR