Ölkəmizdə əldə olunan sosial iqtisadi inkişaf əhalinin sosial müdafiəsi ilə bağlı xidmətlərin də daim təkmilləşdirilməsini şərtləndirmişdir. Xüsusilə əhalinin sosial qayğıya daha çox ehtiyac duyan təbəqəsi hesab olunan pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər, bununla bağlı sığorta-pensiya sisteminin inkişafı sahəsində aparılan islahatlar əmək pensiyalarının həcminə də müsbət təsir göstərmişdir. Belə ki, 2020-ci ildə muxtar respublika üzrə bütün növlər üzrə əmək pensiyalarının orta aylıq məbləği 2019-cu illə müqayisədə artmışdır. Bütün bunlar bir daha göstərir ki, pensiyaçıların maddi rifah halının yaxşılaşması üçun pensiyaların həcminin artırılması hər zaman diqqət mərkəzində saxlanılır.
Pensiyaların maliyyələşdirilməsi və vaxtından əvvəl ödənilməsi, pensiyaların ödənilməsi sahəsində tətbiq olunan üsullar pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün imkanlar yaratmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bu sahədə tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər görür. Bunun nəticəsidir ki, muxtar respublika üzrə 2021-ci ilin ilk ayının pensiya vəsaitlərinin pensiyaçılara ödənilməsi prosesi tam yekunlaşmışdır. Təyin olunmuş əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsilə pensiyaçılara çatdırılmışdır. Kəndlərdə yaşayan əmək pensiyaçıları isə istəklərinə uyğun olaraq yaşadığı ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını əldə etmişlər. Muxtar respublikada aparılan quruculuq tədbirləri çərçivəsində yerlərdə müasir tələblərə uyğun yaradılmış poçt bölmələri bunun üçün əlverişli şərait yaratmışdır. Bu isə, öz növbəsində, əlavə vaxt və vəsait sərf etmədən pensiyaçıların öz pensiyalarını rahat şəkildə əldə etmələrinə imkan verir.
Əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına, yaxud poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər isə hazırda davam etdirilir və qısa zamanda yekunlaşdırılacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bundan sonra da bütün səylərini pensiya təyinatının qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılması, pensiyaların vaxtında ödənilməsi ilə bağlı verilmiş tapşırıqların icrasına yönəltməklə, muxtar respublikada sığorta-pensiya sisteminin inkişafına öz töhfəsini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti