Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə İran arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Müdafiə naziri Vətən müharibəsi zamanı İranın Azərbaycanın mövqeyini dəstəklədiyinə görə səfirə minnətdarlığını bildirib, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, Müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə salamlarını çatdırmasını xahiş edib.
Müdafiə naziri Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını qeyd edərək hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.
Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə ölkəsi adından Azərbaycan xalqını və dövlətini təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
S.A.Musəvi dost ölkə olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib.
Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, həmçinin regional problemlər müzakirə olunub.