Azərbaycan təsviri sənət tarixinə adı qızıl hərflərlə yazılan, mədəniyyət tariximizdə böyük ustad kimi tanınan, “Azərbaycan rəssamlığının səməndər quşu” adlanan Bəhruz Kəngərli 1892-ci ilin yanvar ayının 22-də Naxçıvan şəhərində dünyaya göz açıb. 30 illik ömrə sığdırdığı məhsuldar yaradıcılığı ilə incəsənətimizə dəyərli incilər bəxş edib. O, realist portret və mənzərə janrlarının əsasını qoymaqla yanaşı, teatr rəssamlığı, qrafika və digər üslublarda yaratdığı əsərləri ilə də milli rəssamlığın inkişafında özünəməxsus rol oynayıb.
Rəssamın həyat yoluna nəzər saldıqda görürük ki, onun ömür payına ağrılı-acılı cəmisi 30 il düşüb, onun da çox hissəsini səsə həsrətlə yaşayıb. Bəhruz hələ uşaq yaşlarında eşitmə qabiliyyətini itirib və təhsil aldığı rus-tatar məktəbindən uzaqlaşmağa məcbur olub. Bundan sonra, o, təhsilini evlərində atası Şirəli bəyin köməyi ilə alıb. Həmin çətin illərdə kiçik yaşlarından həvəs göstərdiyi rəssamlıq onun sevimli məşğuliyyətinə çevrilib. Bir müddət keçəndən sonra Bəhruz qəti olaraq rəssamlıq təhsili almaq qərarına gəlib və atasından onu Tiflisə oxumağa göndərməsini xahiş edib. Şirəli bəy oğlunun eşitmədiyini nəzərə alaraq, həm də evdən uzaq bir yerdə rəssamlıq məktəbində oxuya biləcəyinə inanmadığından tərəddüd edib. Lakin Bəhruzun özünə inamı və rəssamlığa olan həvəsi Şirəli bəyi oğlunun oxumasına razılıq verməyə məcbur edib. Beləliklə, 1910-cu ildə 18 yaşlı Bəhruz Tiflisə yollanıb və o vaxtlar Zaqafqaziyadakı yeganə rəssamlıq məktəbinə qəbul olub. 1915-ci ilə kimi burada dövrünün tanınmış fırça ustalarından sənətin sirlərini öyrənib, təhsilini başa vurduqdan sonra doğma Naxçıvana qayıdıb. Əziyyətli, keşməkeşli, ancaq bir o qədər də səmərəli ömür yaşayan rəssam özünün çoxşaxəli fəaliyyəti ilə əsl ziyalılıq nümunəsi sərgiləyib. Onun yaratdığı əsərlər milli təsviri sənətimizə yeni bədii ruh bəxş edən qiymətli irsdir.
Rəssamın yeddi ili əhatə edən yaradıcılığında 2 minə yaxın rəngkarlıq, qrafika və teatr-dekorasiya nümunələri yaratdığı məlum olsa da, bizim dövrə onların 500-ə qədəri gəlib çatıb. Onun təcrübəli müəllimlərindən əxz etdiyi realist-gerçəkçi sənət vərdişlərinin əksini özündə yaşadan bu ecazkar sənətkarlıq nümunələri həm də realizmin bədii ifadə potensialının nəhayətsizliyini təsdiqləyir.
Bəhruz Kəngərlinin yaradıcılığı janr etibarilə rəngarəng olub. Bu zənginlikdə mənzərənin say etibarilə çoxluq təşkil etməsi kifayət qədər görünəndir. Onların arasında Naxçıvan təbiətini vəsf edən əsərlərlə yanaşı, yaşanan tarixi hadisələrin gələcək nəsillərə çatdırılmasına xidmət edən nümunələr də az deyil. Eyni zamanda onun yaradıcılığı janr əlvanlığı ilə seçilir. Bizə yadigar qoyub getdiyi bədii irsdə portret və mənzərələr çoxluq təşkil edir. Hələ tələbə ikən Naxçıvanda 1914-cü ildə ilk fərdi sərgisini təşkil edən rəssam insanların məhz həmin janrlara olan marağını hiss edir. Bunu nəzərə alan rəssamın təhsildən sonra əhali arasında yaydığı “Naxçıvan yadigarı” albomunda da mənzərələr və portretlər əsas yer tutub.
Bütün yaradıcılığı boyu Əcəmi yurdunun dini ocaqlarını, inanc məkanlarını təsvir etməkdən yorulmayan Bəhruz bəyin onlara bədii münasibətində də tamaşaçısını gördüklərindən duyğulandırmaq istəyi mövcuddur. Rəssamın Naxçıvanın müxtəlif məscidlərini, Əshabi-kəhf ziyarətgahını, Nuhun məzarını əks etdirən lövhələri bu qəbildəndir. Təkcə Nuhun məzarına ayrıca beş əsər həsr edib. Bundan əlavə, Bəhruz Kəngərlinin bizim dövrə gəlib çatmış “Naxçıvan yadigarı” albomundakı rəsmlərdən biri də Nuhun qəbri ilə bağlıdır. Rəssamın əsərlərində həm də Naxçıvan təbiətinin tarixə qovuşmuş onlarla bənzərsiz guşəsi fırçanın və yeddi rəngin gücü ilə ərsəyə gətirilib. Bu nümunələrdə Bəhruz Kəngərlinin duyum qabiliyyəti ilk anda diqqəti cəlb edir. Lakin zamanın axarında həmin şəhər və təbiət mənzərələrinin bir çoxu yox olub. Odur ki, bu gün Əcəmi yurdu nə qədər yeniləşsə də, onun vaxtilə Bəhruz bəyin ecazkar fırçası ilə kətan və kağız üzərində əbədiləşən motivləri tarixi tutuma bələndiyindən duyulası maraq oyatmaqdadır.
Gənc rəssam zamanında təkbaşına bütöv bir yaradıcı nəslin görə biləcəyi işləri görə bilib. Onun özünün firavanlıqdan uzaq bir durumda yaratdığı “Qaçqınlar” qrafik silsiləsi bu gün vətəndaş mövqeyinin təzahürü kimi qəbul olunur və dəyərləndirilir. Ona ayrılmış 30 illik təzadlarla dolu ömür payının cəmisi 7 ilini müstəqil yaradıcılığa həsr etməyə imkan tapan Bəhruz Kəngərli erməni təcavüzündən bəhs edən “Qaçqınlar”ı ilə yurdun ən çətin anlarında 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirən azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaradıb. Onun “Qaçqınlar” silsiləsini otuza qədər (“Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Qaçqın Gümşün”, “Ayaqyalın qaçqın oğlan” və sair ) sulu boya ilə çəkilmiş əsər təşkil edir.
Xalqımıza qarşı törədilən erməni təcavüzünə dəlil axtarılan bir vaxtda rəssamın şah əsəri olan, böyük əhəmiyyətə malik məşhur “Qaçqınlar”ı ilə yanaşı, özündə tarixiliyi yaşadan Naxçıvanın rəmzinə çevrilmiş Möminə xatın türbəsinə həsr etdiyi əsərlər də xüsusi yer tutur. Bəhruz Kəngərlinin “Mənzərə”, “Məqbərə”, “Atabəylər türbəsi”və sair əsərləri bu qəbildəndir. Onun gözoxşayan təbiət motivləri ilə yanaşı, Naxçıvandakı xarabalıqları – viranəlikləri əks etdirən əsərləri – “Tərk edilmiş ev”, “Naxçıvan viranəlikləri”, “Naxçıvanda xarabalıqlar”, “Eylabat kəndində dağıdılmış darvaza” da mühüm əhəmiyyət kəsb edir. Belə ki, rəssam tərəfindən tarixin bədii yaddaşına köçürülənlər – dağıntılar bu tikililərin zamanın sərt sınaqlarından çıxmamasının yox, qədim şəhərin daşnak hərbi dəstələri tərəindən törədilən vəhşiliklərin izləridir. Odur ki, Bəhruz Kəngərli, əslində, tarixi əhəmiyyətli bir iş görməklə, yerli əhali tərəfindən yaşanan ağır anların “yaralı” daşlarda hifz olunan izlərini gələcək nəsillərə ötürə bilib. Onun vətənpərvərlik duyğularına bələnmiş bütün əsərləri, o cümlədən də mənzərələri bədii-tarixi əhəmiyyətlidir.
Rəssamın yaradıcılığında teatr-dekorasiya sənəti ilə bağlı gördüyü işlər də xüsusi yer tutur. Azərbaycanda bu sənətin davamlı şəkildə təşəkkülü səhnə tərtibatı sahəsində də istedadını sərgiləyən Bəhruz Kəngərlinin adı ilə bağlıdır. 1912-ci ildən etibarən Naxçıvan teatrında rəssam kimi fəaliyyətə başlayan sənətkar bu sahədə böyük xidmət göstərib, tamaşalara milli koloritdə zəngin səhnə tərtibatı verib, forma və məzmun vəhdəti ilə seçilən dekorasiyalar, müxtəlif rəng çalarlarında gözəl pərdələr, tamaşaların ruhunu əks etdirən geyim eskizləri və səhnənin cazibəsini artıran pannolar hazırlayıb.
Sovet dövründə onun yaradıcılığının təbliğinə hər hansı qadağalar qoyulmasa da, kommunist rejimi Kəngərlilər nəslinin adını əməlləri ilə şöhrətləndirən zadəgan əsilli rəssamın 1947-ci ildən sonra “Bəhruz bəy” kimi təqdimatını arzuolunmaz hesab etmişdi.
Ölkəmizin müstəqillik qazanmasından sonra isə ona münasibət köklü şəkildə dəyişdi. Rəssamın doğma yurddakı məzarının abadlaşdırılması və burada memorial abidənin ucaldılması, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il fevralın 15-də imzaladığı Sərəncamına əsasən Bəhruz Kəngərli Muzeyinin yaradılması və 2002-ci il iyunun 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılışının olması, Bəhruz Kəngərli adına Sərgi Salonunun istifadəyə verilməsi, 2012-ci ildə Prezident İlham Əliyevin Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalaması, 2016-cı ildə isə şəhərdə sənətkarın adını daşıyan Rəssamlar Parkının salınması və tunc heykəlinin qoyulması, haqqında albomların nəşr edilməsi də dediklərimizi təsdiqləyir. Görkəmli fırça ustasının anadan olmasının 125 illiyi münasibətilə hazırlanan, rəssamın həyat və yaradıcılığına yeni baxışı ilə fərqlənən, müəllifləri – tanınmış sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və sənətşünas Nizami Alıyev olan əhatəli monoqrafiyanı da bütün ömrünü milli incəsənətimizin inkişafına həsr etmiş rəssamın xatirəsinə dərin ehtiramın ifadəsidir.
Ömrünün otuzuncu baharında dünyasını dəyişən gənc rəssam 1922-ci ilin 7 fevralında çox sevdiyi Naxçıvanla əbədi vidalaşıb. Onun sınaqlarla zəngin olan ömür yolu ecazkar gözəlliklərinə doya bilmədiyi Əcəmi yurdundan əbədi ayrılsa da, öz zəngin fəaliyyəti ilə Naxçıvanın çoxəsrlik tarixində iz qoyaraq əsərlərini zamansızlığa, özünü isə ölməzliyə qovuşdurub.
Gülcamal TAHİROVA