Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev bildirib ki, 2020-ci ildə muxtar respublikanın elektrik şəbəkələrinə 454 085 532 kilovat-saat elektrik enerjisi daxil olub, bunun 29 671 000 kilovat-saatı İran İslam Respublikasından alınıb, 64 961 024 kilovat-saatı Araz Su Elektrik Stansiyasında, 42 914 900 kilovat-saatı Biləv Su Elektrik Stansiyasında, 41 069 400 kilovat-saatı “Arpaçay-1” Su Elektrik Stansiyasında, 1 050 000 kilovat-saatı “Arpaçay-2” Su Elektrik Stansiyasında, 226 060 000 kilovat-saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 40 943 976 kilovat-saatı Naxçıvan Günəş Elektrik Stansiyasında, 339 632 kilovat saatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, 7 075 600 kilovat-saatı Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında istehsal edilərək elektrik şəbəkələrinə ötürülüb. Ötən il ərzində İran İslam Respublikasına 29 705 000 kilovat-saat elektrik enerjisi verilib.
Qeyd olunub ki, hesabat ili ərzində elektrik stansiyalarında 424 414 532 kilovat-saat elektrik enerjisi istehsal edilib sistemə ötürülüb ki, bu enerjinin 157 070 924 kilovat-saatı və ya 37 faizi su elektrik stansiyalarında, 226 399 632 kilovat-saatı və ya 53,35 faizi istilik elektrik stansiyalarında, 40 943 976 kilovat-saatı və ya 9,65 faizi Günəş Elektrik Stansiyasında istehsal edilib. 2020-ci ildə alternativ və bərpa olunan enerji mənbələrində 198 014 900 kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 46,7 faizini təşkil edir.
Hazırda Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikinti işləri davam etdirilir, gücü 15,6 meqavat olacaq Tivi Su Elektrik Stansiyasının, Şərur rayonunda ilkin mərhələdə layihə gücü 5 meqavat olacaq yeni Günəş Elektrik Stansiyasının tikinti işlərinə başlanılıb. Culfa rayonu ərazisində isə 1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikinti-quraşdırma işləri davam etdirilir.
Vurğulanıb ki, hesabat dövründə 1323 sayda əhali, 772 sayda qeyri-əhali qrupuna və 477 smartkarttipli yeni sayğaclar quraşdırılıb, 243 sayğaca xitam verilib, 132 zədəli sayğacın işi bərpa olunub.
Sonra çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən kollegiya iclasını xidmətin rəisi Müslüm Cabbarzadə açıb. Bildirilib ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb, il ərzində 7157 daşınmaz əmlak obyekti plana alınıb.
Qeyd olunub ki, qəbul edilmiş Dövlət proqramlarına uyğun olaraq Şərur rayonunun 6, Kəngərli rayonunun isə 3 bələdiyyəsinin torpaqlarının qida maddələri ilə təmin olunmasına dair yeni kartoqramları hazırlanıb. Şərur rayonunun 5, Babək rayonunun 2, Ordubad rayonunun 3, Şahbuz rayonunun 3, Kəngərli rayonunun isə 4 bələdiyyəsi üzrə işçi planlar hazırlanaraq torpaq analizlərinin aparılması üçün təhvil verilib. Həmçinin Naxçıvan şəhəri üzrə 35 nəqliyyat infrastrukturu obyektində 4000-ə yaxın daşınmaz əmlak obyektinin ünvanı dəqiqləşdirilib. İl ərzində yeni yaranmış 295 daşınmaz əmlak obyektinə ünvan verilib. Şərur rayonu üzrə 23 bələdiyyənin sərhəd xəritələri və müvafiq yerquruluşu sənədləri tərtib edilərək aidiyyəti üzrə təqdim olunub. Şahbuz və Sədərək rayonlarının bütün bələdiyyələri üzrə xəritələrin və yerquruluşu sənədlərinin hazırlanması başa çatdırılıb.
Vurğulanıb ki, 2020-ci il ərzində muxtar respublika üzrə 6223 daşınmaz əmlak obyekti qeydiyyata alınıb ki, bu da 2019-cu ilin göstəricisindən 1,8 faiz çoxdur. Ümumilikdə, il ərzində daşınmaz əmlakla bağlı əməliyyatların aparılması üçün qəbul edilmiş 14583 ərizə icra olunub.
Xidmət rəisi bildirib ki, Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş ixtisaslarında təhsil alan tələbələrə onlayn və praktik təlim-məşğələlər keçirilib. Yay tətili müddətində bir tələbə 3 aylıq əmək müqaviləsi bağlanılmaqla işlə təmin edilib.
Sonra çıxışlar dinlənilib.
* * *
2020-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda Naxçıvan Muxtar Respublikanın Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin direktoru Bəxtiyar Məmmədov çıxış edərək bildirib ki, 2020-ci ildə muxtar respubikada sığorta fəaliyyəti üçün ən əhəmiyyətli addım sığorta qurumunun hüquqi-təşkilatı formasının dəyişdirilməsi olub. Belə ki, siğorta işi sahəsində şəffaflığın artırılması və sığorta fəaliyyətinin təkmilləşdirilməsi, eyni zamanda iqtisadiyyatın tərkib hissəsi olan sığorta sisteminin imkanlarından geniş və səmərəli istifadə edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ləğv edilərək onun əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti publik hüquqi şəxsi yaradılıb.
Ötən dövrdə görülmüş işləri təhlil edən direktor bildirib ki, xidmət tərəfindən aparılan sığorta fəaliyyəti üzrə sığorta haqlarının yığımında ötən ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası sahəsində 11 faiz artım olub. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ötən dövrdə Xidmət tərəfindən aparılmadığından qeyri-həyat sığortası sahəsində isə 10,63 faiz azalma qeydə alınıb. Növlər üzrə baxdıqda icbari sığortalarda eyni səbəbdən 9,85 faiz azalma olub, könüllü sığortalar üzrə isə 13,71 faiz artım olub. Ümumi sığorta yığımlarında avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası istisna edilməklə 22,71 faiz artım olub.
Aqrar sığortanın əhəmiyyətindən də danışan direktor bildirib ki, verilmiş tapşırıqlara əsasən kənd təsərrüfatı bitkilərinin, meyvə-tərəvəz sahələrinin sığortasının aparılması təşkil olunub.
Məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
2020-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən yığıncağı cəmiyyətin direktoru Mahir Əliyev açıb. Bildirib ki, hesabat dövründə 2222 vaqon 133 min 19 ton yük daşınıb və daşımadan cəmiyyətin hesabına 270 min 40 manat vəsait daxil olub. Həmin yüklərin 198 vaqon 10 min 925 tonu Naxçıvan Qarnizonu Mənzil İstismar Xidmətinin, 19 vaqon 1140 tonu “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, 2005 vaqon 120 min 954 tonu isə “Gəmiqaya” Yol, Su, Enerji Şirkətinin və Texniki İnzibati Binaların Təmir Tikinti İdarəsinin ünvanlarına çatdırılıb. Bəhs olunan dövrdə yük daşımasının həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 151 min 318 ton, daxil olan vəsait 183 min 168 manat az olub. 2020-ci ilin 12 ayında yük dövriyyəsinin həcmi faktiki olaraq 10 milyon 931 min ton/kilometr, sərnişin dövriyyəsinin həcmi isə 3 milyon 657 min sərnişin kilometr təşkil edib.
Qeyd edilib ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrası ilə əlaqədar 2020-ci ilin 12 ayında dəmir yolunun ayrı-ayrı sahələrində sağlamlaşdırma işləri aparılıb, qatarların hərəkətinin təhlükəsizliyi təmin edilib və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Culfa Lokomotiv Deposunda lokomotivlər 44 dəfə texniki baxışdan keçirilib, onlarda 26 dəfə cari təmir işləri aparılıb. Culfa İstismar Vaqon Deposunda 78 müxtəliftipli yük və sərnişin vaqonu cari və depo təmirləri edilib. 1 elektrovozun cərəyan qəbuledicisi, 1 elektrovozun motor-kompressoru, 8 elektrovozun təkər cütü dartı motoru ilə birlikdə dəyişdirilərək nasazlıqlar aradan qaldırılıb. Bakı şəhərindən lokomotivlər üçün 150 ədəd daraqlı əyləc qəlibi, 1 motor ventilyatoru, vaqonlar üçün 170 çuqun əyləc qəlibi, 32 ox yastığı alınıb gətirilib. Əlavə olaraq təmir üçün Bakı Lokomotiv Deposuna göndərilən 16 ədəd elektrovoz təkər cütü təmir olunaraq geri qaytarılıb.
Sonra çıxışlar olub.
Xəbərlər şöbəsi