Son yüzillik ərzində Azərbaycan tarix elminin verdiyi ən böyük imtahanlardan biri milli dövlətçilik tariximizə münasibətin tədqiq edilib araşdırılması ilə əlaqədar olmuşdur. Məlum sovet ideologiyası SSRİ-yə daxil olan xalqların milli dövlətçilik tarixinin, görkəmli tarixi şəxsiyyətlərinin öyrənilib yeni nəsillərə çatdırılması məsələsini arxa plana keçirdiyi üçün uzun bir dövr ərzində bu mövzu nəinki diqqət mərkəzindən kənarda saxlanılmış, həm də tarixi keçmişin unutdurulması istiqamətində müvafiq ideoloji iş aparılmışdır.
Sovet dövründə milli dövlətçilik ənənələri və ya tarixdə yaşamış adlı-sanlı dövlət xadimlərinin adları ən yaxşı hallarda vətənpərvərlik mövzusunda yazılmış publisist əsərlərdə çəkilməklə kifayətlənilmişdir. Bu mənada milli dövlətçilik tarixi problemi özünün miqyası və missiyası, sistemi ilə müstəqillik dövrü Azərbaycan elminin əsas mövzularından biridir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev yeni tarixi şəraitdə Azərbaycan tarixşünaslıq elminin əsas aparıcı mövzularından biri olan milli dövlətçiliyin tarixi, böyük simaları və ənənələri probleminin görkəmli və fədakar tədqiqatçılarından biridir. Müstəqillik illərində İsmayıl Hacıyevin “Naxçıvan Azərbaycanın milli dövlətçilik tarixində” mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyası (1999) və çap etdirdiyi sanballı monoqrafik tədqiqatlar geniş mənada ölkəmizin milli dövlətçilik ənənələri haqqında yazılmış qiymətli elmi əsərlərdir. Akademik İsmayıl Hacıyev Azərbaycanın milli dövlətçilik tarixində özünəməxsus mühüm yeri və rolu olan Naxçıvan məktəbinin tarixini və tanınmış simalarını sistemli şəkildə araşdırıb öyrənməklə Azərbaycan tarixi dərslərinin mükəmməl, ümumiləşdirilmiş və bütöv elmi mənzərəsini yaratmağa öz töhfəsini vermişdir.
Atabəylər dövlətindən Naxçıvan Çuxursəd bəylərbəyliyinə, Naxçıvan xanlığına, Naxçıvan mahalına, Araz-Türk Respublikasına, Naxçıvan MSSR-ə və nəhayət, Naxçıvan Muxtar Respublikasına qədər keçilmiş tarixi yolun, yaşanmış ictimai-siyasi hadisələrin akademik İsmayıl Hacıyev tərəfindən dərindən və əsaslı şəkildə tədqiq olunması əslində həm də ümumilikdə Azərbaycanın dövlətçilik tarixinin bütün əsas mərhələlər üzrə inkişaf proseslərinin müəyyənləşdirilərək tədqiq olunması deməkdir. Milli dövlətçilik tariximizin qeyd olunan əksər mərhələləri haqqında Azərbaycan tarixşünaslıq elmində müəyyən tədqiqatların olmasına baxmayaraq, İsmayıl Hacıyev heç kəsi təkrar etmədən, hər tarixi mərhələyə dair ciddi tədqiqatlar aparmaqla, mühüm əlavələr etməklə tədqiq etdiyi mövzuda tam yeni forma və məzmuna malik olan fundamental elmi əsərlər meydana qoymuşdur.
Fikrimizcə, akademik İsmayıl Hacıyevin daha bir mühüm xidməti də milli dövlətçilik tariximizin inkişaf proseslərinin tədqiq olunmasının sistemini müəyyən etməsi ilə əlaqədardır. İsmayıl Hacıyevin tədqiqatlarında Azərbaycan dövlətçilik tarixi keçmiş sovet-marksist nəzəriyyəsindəki ictimai formasiyalar təlimi ilə yox, ictimai-siyasi hadisələrlə tarixi şəxsiyyətlərin mübarizəsinin tarixi kimi müasir elmi metodologiya əsasında araşdırılıb ümumiləşdirilmişdir. Ümumiyyətlə, humanitar elm sahələrindən hər hansı birinin araşdırıcısı üçün, xüsusən də milli dövlətçilik ənənələrinin tarixçisindən ötrü zəruri olan aydın vətənpərvərlik mövqeyi ilə elmi obyektivlik meyarlarını qorumaq prinsipi İsmayıl Hacıyevin timsalında baş tutmuşdur. Akademik İsmayıl Hacıyev tarixçi alim kimi doğulub boya-başa çatdığı Culfa rayonundakı Xanəgah kəndinin vüqarına çevrilmiş məşhur Əlincə qalasının qürurunu öz tədqiqatlarında birləşdirmişdir. İsmayıl Hacıyevin ata-baba ocağı olan qədim Xanəgah kəndinin bir tərəfində Əlincə yaddaşının, digər tərəfində isə Fəzlullah Nəimi əqidə bütövlüyünün özünəməxsus yer tutmasını şərtləndirmişdir. Akademik İsmayıl Hacıyev müasir dövrdə Azərbaycan tarixşünaslıq elminin məsuliyyətli və vətənpərvər yaradıcılarından biridir. Görkəmli tarixçi alimin əsərləri milli dövlətçilik tariximizə və Azərbaycan elminə məsuliyyətlə və şərəflə xidmət göstərməyə nümunədir. Obrazlı şəkildə belə də demək olar ki, akademik İsmayıl Hacıyev Azərbaycanın dövlətçilik tarixinin Şəmsəddin Eldənizdən Heydər Əliyevə qədərki çoxəsrlik və fundamental tarixi salnaməsini yaratmışdır. Onun tədqiqatlarında Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Heydərqulu xan Kəngərli, Kalbalı xan Naxçıvanski, Abbasqulu xan Kəngərli, general Ehsan xan Naxçıvanski, Behbud ağa Şahtaxtinski, Məhəmməd xan Təkinski, Mirzə Nəsrullah Əmirov, Bəhram xan Naxçıvanski və başqaları kimi hərəsi bir tarixi dövrün dövlət qurumlarının aparıcı simaları olan şəxsiyyətlərin xidmətləri dərindən təhlil olunub dəyərləndirilmişdir.
Akademik İsmayıl Hacıyev Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik fəaliyyətinin, siyasi təliminin və irsinin ölkəmizdəki əsas tədqiqatçılarından biridir. Onun “Heydər Əliyev və milli tarixi yaddaşın bərpası”, “Heydər Əliyev siyasi tariximizdə və günümüzdə” kitabları və Ulu Öndərə həsr olunmuş məqalələri Azərbaycan Heydər Əliyevşünaslığının qiymətli nümunələridir. İsmayıl Hacıyevin təqdimatında Heydər Əliyev Azərbaycan xalqının çoxəsrlik tarixində meydana çıxmış dünya miqyaslı qüdrətli dövlət xadimi və nadir tarixi şəxsiyyətdir. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və Azərbaycan Respublikasının Prezidenti kimi xilaskarlıq və quruculuq missiyası da tarixçi alimin tədqiqatlarında tarixi faktlardan və hadisələrdən çıxarılmış təbii və qanunauyğun nəticələr kimi şərh edilir və təqdim olunur. Bundan başqa, İsmayıl Hacıyev Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında böyük inkişafın hadisələri və proseslərini də Heydər Əliyev - İlham Əliyev ideallarının işığında canlandırmağı elmi-metodoloji prinsip olaraq əsas kimi qəbul etməyin nümunəsini göstərir. Bütün bunlara görə İsmayıl Hacıyevin Ümummilli Lider Heydər Əliyev haqqında yazıb nəşr etdirdiyi kitablar və məqalələr Azərbaycan milli dövlətçilik tarixinin XX əsrdəki xüsusi bir epoxasının elmi cəhətdən əsaslı şəkildə dəyərləndirilməsi kimi səslənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxcəhətli fəaliyyətinə həsr etdiyi tədqiqatlar və Naxçıvan Muxtar Respublikasının timsalında Naxçıvan Muxtar Ali Məclisinin sədri Vasif Talıbovun ardıcıl surətdə həyata keçirdiyi quruculuq proqramları ilə əlaqədar diqqət mərkəzinə çəkdiyi tarixi məqamlar nəticə etibarilə müstəqil dövlətçiliyimizin reallıqlarının təqdimatı səviyyəsində ümumiləşdirilir.
Akademik İsmayıl Hacıyev Naxçıvan diyarının fədakar tədqiqatçısıdır. Ümumiyyətlə, Naxçıvanın çoxəsrlik tarixində və müasir inkişafında elə bir hadisə və mühüm bir fakt yoxdur ki, İsmayıl Hacıyevin tədqiqatlarında öz əksini tapmamış olsun. Onun “Tarixdə və günümüzdə Naxçıvan”, “Naxçıvan və naxçıvanlılar”, “Naxçıvan Muxtar Respublikasının ictimai siyasi həyatı, sosial iqtisadi və mədəni inkişafı”, “Naxçıvan Muxtar Respublikası - 90. Quruculuq salnaməsi”, “Naxçıvan - qədim Şərq sivilizasiyası ilə bağlı olan diyar” (Azərbaycan, rus və ingilis dillərində), “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” və sair kitabları əslində geniş mənada “Naxçıvan - Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyasının fəsilləri və əlavələri təsirini bağışlayır. Bu mənada “Naxçıvan-Azərbaycanın dövlətçilik tarixində” sərlövhəsi İsmayıl Hacıyevin yalnız doktorluq dissertasiyasının və ya eyniadlı sanballı monoqrafiyasının deyil, bütövlükdə alimin elmi əsərlərinin və elmi-təşkilati fəaliyyətinin ümumiləşdirilmiş adıdır. İsmayıl Hacıyevin kitabları və məqalələri Naxçıvanın tarixinə və müasir inkişafına həsr olunmuş çoxcildlik sanballı bir Naxçıvannamədir. Bununla belə, İsmayıl Hacıyev salnaməçi olmayıb, özünəməxsus elmi təfəkkürü, qiymətləndirmə meyarları, ümumiləşdirmə bacarığı olan yaradıcı tarixçi alimdir. O, əsərlərində haqqında bəhs etdiyi tarixi dövrün və ya şəxsiyyətin sənədlər, faktlar və rəqəmlərlə təsvir olunmasına yox, aid olduğu, əhatə etdiyi hadisələrin və proseslərin axarında təhlil edilib dəyərləndirilməsinə nail olmağı bacarmışdır. İsmayıl Hacıyevin Naxçıvana həsr olunmuş kitablarından bu qədim diyarın sadəcə çoxəsrlik tarixi gedişatını yox, tam mənası ilə özünəməxsusluğunu, mahiyyətini, regiondakı və ölkə tarixindəki yerini və əhəmiyyətini dərindən və əsaslı şəkildə, dərkolunmuş səviyyədə öyrənmək mümkündür. Bu mənada İsmayıl Hacıyev Naxçıvanın tarixini və müasir inkişafını azərbaycanşünaslıq miqyasında və yüksək professionallıq səviyyəsində təqdim edir. Bir az əvvəl, 2020-ci ildə çap olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikaya rəhbərlik etdiyi 1995-2019-ci illərin zəngin statistik salnaməsi olmayıb, müstəqil dövlətimizin keçdiyi yolların işığında təhlildən keçirilərək, sistemli elmi tədqiqat kimi meydana qoyulmuş araşdırmalardan ibarətdir. Monoqrafik təqdimatda ölkə rəhbərliyinin diqqət və qayğısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin siyasi iradəsi, dövlətçilik təcrübəsi, əzmkarlıq və uzaqgörənliyi sayəsində Naxçıvan Muxtar Respublikasının müstəqil Azərbaycan dövlətçiliyinin inkişafındakı, ölkəmizin ərazi bütövlüyünün qorunub möhkəmləndirilməsindəki, region dövlətləri ilə əlaqələrinin genişləndirilməsindəki yeri, rolu və xidmətləri açılıb aydınlaşdırılmış, ümumiləşdirilərək obyektiv şəkildə qiymətləndirilmişdir. Bu kitab sözün əsl mənasında Naxçıvan Muxtar Respublikasının müstəqillik dövrünün tarixi oçerkləridir. Hesab edirəm ki, İsmayıl Hacıyev bu əsəri ilə konkret bir tarixi dövrün inkişafını hərtərəfli şəkildə göstərmək üçün icmalçılıqdan qurtarıb, hadisələri, prosesləri və nəticələri elmi-nəzəri şəkildə əks etdirməyin özünəməxsus modelini yarada bilmişdir.
Azərbaycan tarixində bir çox məsələlər, o cümlədən Moskva, Qars və Gümrü müqavilələrinin tarixi şəraiti, regional və beynəlxalq əhəmiyyəti, Araz-Türk Respublikasının yaranması, strukturu, tərkibi və fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqələri və sair kimi məsələlər ilk dəfə Azərbaycan tarixşünaslığının elmi dövriyyəsinə akademik İsmayıl Hacıyev tərəfindən gətirilmişdir. Eyni zamanda İsmayıl Hacıyev Naxçıvan diyarının XIX-XXI əsrləri əhatə edən iki yüz ildən çox bir tarixi dövrünün hadisələri və şəxsiyyətləri haqqında yüzlərlə arxiv sənədlərini və dövri mətbuat materiallarını da müasir tarixşünaslıq elminin gündəminə daxil etmişdir. Həmin sənədlər və materiallar ümumiyyətlə Azərbaycan tarixinin, region dövlətləri ilə əlaqələrin araşdırılıb öyrənilməsi üçün zəruri və əhəmiyyətlidir. Bu məqamda İsmayıl Hacıyev elmi-nəzəri araşdırmaları ilə yanaşı, praktik tarixçilik missiyasını da məsuliyyətlə və şərəflə yerinə yetirmişdir.
Akademik İsmayıl Hacıyev ölkəmizdə həm də peşəkar elmi və ali təhsil təşkilatçısı kimi tanınır. O, uzun illər Naxçıvan Dövlət Universitetində fakültə dekanının müavini, dekanı, tədris işləri üzrə prorektor (1997-2003) vəzifələrində çalışarkən yorulmaz və tələbkar ali təhsil təşkilatçısı olduğunu göstərmişdir. Eyni zamanda Naxçıvan Dövlət Universiteti də İsmayıl Hacıyevin elmi inkişafında əsl məktəb funksiyasını yerinə yetirmişdir. İsmayıl Hacıyev Naxçıvan Dövlət Universitetində çalışdığı dövrdə “Böyük Vətən müharibəsi illərində Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı” mövzusunda namizədlik (1992), “Naxçıvan Muxtar Respublikası Azərbaycan milli dövlətçilik tarixində” mövzusunda doktorluq (1999) dissertasiyası müdafiə etmişdir. Azərbaycan elminin tarixində Naxçıvan Dövlət Universitetinin elmi və tədris işləri üzrə prorektorları İsmayıl Hacıyev (tarix üzrə) və Zöhrab Vəliyev (fizika üzrə) Naxçıvan Dövlət Universitetində yaradılmış ixtisaslaşdırılmış dissertasiya şurasında Ali Attestasiya Komissiyasının sədri, dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadənin və AAK-ın kollegiya üzvlərinin tam tərkibdə iştirakı, ölkə üzrə ən tanınmış mütəxəssislərin rəyləri və səsverməsi ilə doktorluq dissertasiyası müdafiə etmiş və elə həmin gün də işləri kollegiyanın səyyar iclasında müzakirə olunaraq, elmlər doktoru diplomuna layiq görülmüş yeganə elm adamlarıdırlar.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri kimi də akademik İsmayıl Hacıyev elmi-təşkilati iş sahəsində səmərəli fəaliyyət göstərir. Azərbaycan dövlətinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi rəhbərliyinin göstərdiyi böyük qayğıdan regionda ölkə meyarları səviyyəsində elmin inkişaf etdirilməsi üçün səmərəli şəkildə istifadə etməklə o, bir çox mühüm elmi layihələrin həyata keçirilməsini təşkil etmiş, Naxçıvanda yeni elmi nəslin formalaşdırılmasına xüsusi diqqət yetirmişdir. AMEA-nın Naxçıvan Bölməsinin çap etdirdiyi 3 cildlik “Naxçıvan tarixi”, “Naxçıvan folkloru antologiyası”, 2 cildlik “Naxçıvan ensiklopediyası”, “Naxçıvanın tarixi atlası” albomu, “Naxçıvan Muxtar Respublikasının dövlət qoruqları və yasaqlıqları” kimi sanballı nəşrlər Naxçıvan diyarının elmi pasportu olmaqla bərabər, geniş mənada Azərbaycan elminə əsl xidmətdir. Dövlət qayğısı nəticəsində AMEA Naxçıvan Bölməsində illərdən bəri təşkil edilmiş beynəlxalq elmi konfranslar, beynəlxalq elmi ekspedisiyalar, yaradılmış elmi-tədqiqat institutları, laboratoriyalar, muzeylər qədim elm və ictimai fikir mərkəzlərindən biri olmuş Naxçıvanda yenidən müasir tipli elmi mərkəzlərin və məktəblərin formalaşdırılmasına şərait yaradır. Naxçıvan Bölməsinin sədri kimi akademik İsmayıl Hacıyevin təşkilatçılıq bacarığı, elmi səriştəsi, məsuliyyəti ilə əldə olunan nailiyyətlərin meydana çıxmasında mühüm faktorlardan biri kimi çıxış edir. Bu gün AMEA-nın Naxçıvan Bölməsi ölkəmizin paytaxtındakı akademik elmi qurumlarla sağlam rəqabət apara bilən elmi mərkəzlərdən birinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikasının sosial-iqdisati və elmi-mədəni inkişafına da AMEA-nın Naxçıvan Bölməsi öz töhfələrini verir.
Bütün bunlara görədir ki, akademik İsmayıl Hacıyev müstəqillik dövrü Azərbaycan elminin fəal təşkilatçılarından biri və tarixşünaslığın ön sıralarında təmsil olunan görkəmli alim kimi qəbul olunur. Onun əsərləri yaxın və uzaq xarici ölkələrdə də çap olunur və istinad edilən mənbələr kimi maraq doğurur. Akademik İsmayıl Hacıyev Azərbaycan elmini ölkəmizdə olduğu kimi, beynəlxalq miqyasda da yüksək səviyyədə təmsil edir.
Ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında da akademik İsmayıl Hacıyev yaxından və fəal iştirak edir. O, II çağırış Naxçıvan Muxtar Respublikası Milli Məclisinin deputatı kimi səmərəli iş aparmış, respublikamızda müstəqil dövlətçilik və azərbaycançılıq ideallarının həyata keçirilməsinə ziyalı borcunu yerinə yetirmək üçün əzmlə çalışır. Ölkəmizin elmi və mədəni mühitində də akademik İsmayıl Hacıyevin özünəməxsus yeri var. O, AMEA Naxçıvan Bölməsində Dissertasiya Şurasının sədri kimi yüksək hazırlıqlı və vətənpərvər elmi nəslin formalaşdırılmasına böyük zəhmət sərf edir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında hazırlanmaqda olan çoxcildlik “Müstəqillik dövrü Azərbaycan tarixi” kitabının əsas müəlliflərindən biri olaraq, ölkə miqyaslı elmi layihənin həyata keçirilməsi üçün üzərinə düşən elmi vəzifələri bacarıqla yerinə yetirir.
Azərbaycan dövləti görkəmli alim və ictimai xadim İsmayıl Hacıyevin elmi və elmi-təşkilati fəaliyyətini yüksək qiymətləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə akademik İsmayıl Hacıyev Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə “Naxçıvan - Azərbaycanın milli dövlətçilik tarixində” adlı monoqrafiyasına görə o, Naxçıvan Muxtar Respublikası mükafatını almışdır. Səmərəli elmi və ictimai-siyasi fəaliyyətinə əsasən müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, AMEA Rəyasət Heyətinin, Təhsil Nazirliyinin fəxri fərmanları, Naxçıvan MR Ali Məclisinin Xatirə medalı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. Akademik İsmayıl Hacıyev Türkiyə Cümhuriyyəti Avrasiya Kültür və Sənət Qurumunun, Hüseyn Qazı Vəqfinin diplomları, Amerika Bioqrafiya İnstitutunun qızıl medalı ilə mükafatlandırılmışdır.
Elmimizə geniş miqyasda və professional səviyyədə xidmət etmək missiyasını şərəflə və məsuliyyətlə həyata keçirmək yollarında görkəmli və hörmətli alim həmkarımıza, akademik İsmayıl Hacıyevə daha böyük uğurlar arzulayırıq.
İsa Həbibbəyli
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik