Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sahəsində tədbirlər davam etdirilir. Torpaq sahələrinin suvarma suyu ilə təmin olunması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması üçün dekabr ayında da işlər davam etdirilmiş, sudan səmərəli istifadəyə nəzarət artırılmışdır. Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 11,9 milyon kubmetr suvarma suyu verilmiş, bunun müqabilində 9 min 682 hektar torpaq sahəsi suvarılmışdır.
Bu dövrdə 13,4 kilometr beton və torpaq kanal, 12 kilometr ara arxlar, 5 kilometr kollektor lildən təmizlənmiş, 77,4 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınmışdır.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, suvarılan torpaq sahələrinin genişləndirilməsi və torpaqların suvarılmasının səmərəliliyinin yüksəldilməsi işlərinin davamı olaraq Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 339 hektar sahədə də qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılmış, 380 metr ana xətt çəkilmişdir. Həmçinin Şahbuz rayonunun Külüs kəndi ərazisində yeni tikilən nasos stansiyası vasitəsilə suvarılacaq sahədə işlər davam etdirilmiş və 1,82 hektar sahə əkin üçün yararlı hala salınmışdır.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində 280 metr su, 160 metr kanalizasiya, Kəngərli rayonunun Xok kəndində 7,9 kilometr su xətti çəkilmişdir. Sədərək və Kəngərli rayonlarında tikintisi aparılan yuxarı və aşağı su anbarlarında işlər başa çatdırılmış, nasos stansiyaları binalarında tikinti işləri davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti