22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən pandemiya ilə əlaqədar olaraq tətbiq edilən xüsusi qaydalara ciddi riayət edilməklə dekabr ayında bir sıra mədəni tədbirlər həyata keçirilmişdir.
Ötən ay muxtar respublikadakı ümumtəhsil məktəblərində “Tariximizi qoruyaq və yaşadaq!” devizi altında keçirilmiş aksiya zaman toplanmış 460-dan çox maddi mədəniyyət nümunəsi Mədəniyyət Nazirliyinə təhvil verilmiş, bu münasibətlə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təqdimat mərasimi keçirilmişdir. “Yallılar dünəndən bu günə” kitabının təqdimat mərasiminin keçirilməsi də dekabr ayının əlamətdar mədəni hadisələrindən olmuşdur. Təqdimat mərasimində “Yallılar dünəndən bu günə” kitabı muxtar respublikanın kitabxanalarına, həmçinin təhsil və mədəniyyət müəssisələrinə hədiyyə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı ay ərzində nazirlik tərəfindən hamiliklə bağlı 2 açıq dərs, 1 kitab müzakirəsi, 1 film nümayişi, 2 mühazirə, 1 ustad dərs olmaqla, ümumilikdə, 7 tədbir keçirilmişdir. Həmçinin ötən ilin iyun ayından start verilmiş “Mədəniyyətin izi ilə” sosial mədəniyyət layihəsinə dekabrın 25-də yekun vurulmuş, layihə qalibləri nazirliyin diplomları ilə təltif olunmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq dekabrın 11-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında “Ürəklərdə yaşayan dahi” adlı interaktiv dərs keçilmiş, dərsi muxtar respublikanın 200-dən çox ümumtəhsil müəssisəsi izləmişdir. Həmçinin dekabr ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində nazirliyin sistemində fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Heydər Əliyev irsinin qorunmasında və təbliğ olunmasında Heydər Əliyev Muzeyinin rolu” mövzusunda tədbir, Naxçıvan Dövlət Rəsm Qalereyasında “Muzeylərdə uçot-mühafizənin təşkili ilə bağlı görülmüş işlər və qarşıya çıxan çətinliklər” mövzusunda dəyirmi masa keçirilmişdir.
Ötən ay Naxçıvan Dövlət Tarix Muzeyində ümumtəhsil məktəblərinin şagirdləri üçün “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” mövzusunda açıq dərs təşkil edilmişdir. Ümumilikdə isə dekabr ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə 42 açıq dərs keçilmişdir. Hesabat ayında muxtar respublikadakı muzeyləri 8 min 577 nəfər yerli, 172 nəfər əcnəbi olmaqla, ümumilikdə, 8 min 749 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 496 ədəd yeni eksponat daxil olmuşdur.
Muxtar respublikanın kitabxanaları tərəfindən də əlamətdar və tarixi günlərlə, həmçinin tanınmış şəxsiyyətlərin yubileyləri ilə bağlı dekabr ayında bir sıra mədəni tədbirlər həyata keçirilmiş, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan 23-ü ənənəvi, 3-ü onlayn olmaqla, 26 kitabın müzakirəsi olmuşdur. Sağlamlıq imkanı məhdud 18 uşağa səyyar kitabxana xidməti göstərmiş, “Nağıl günləri” layihəsi çərçivəsində 16 audionağıl hazırlanaraq sosial şəbəkələrdə 36 paylaşım edilmişdir. Ay ərzində kitab həvəskarları üçün şeir, hekayə və poemalardan parçaların bədii qiraət olunduğu 85 video və audiokitab hazırlanaraq nazirliyin “YouTube” kanalında və sosial şəbəkələrdə nümayiş etdirilmişdir.
Muxtar respublikanın yaşayış məntəqələrində fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşlarının əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə bağlı, eləcə də milli dəyərlərimizin təbliği və yaşadılması istiqamətində 141, mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin xalq yaradıcılığı ilə bağlı 3, ümumilikdə, 69 videomaterialı nazirliyin “YouTube” kanalına yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.
Naxçıvan Dövlət Film Fondu tərəfindən də ötən ilin son ayında görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, eləcə də film çəkilişlərindən maraqlı faktlarla bağlı 103 material hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir. Həmçinin ötən ay Naxçıvan Dövlət Film Fondu tərəfindən film həvəskarları üçün 1-i sənədli olmaqla, ümumilikdə, 3 film nümayiş olunmuşdur.
Dekabr ayında gənclərlə iş sahəsində də bir sıra işlər görülmüş, nazirliyin, eləcə də Naxçıvan şəhər, Şahbuz və Şərur Rayon Mədəniyyət şöbələrinin Gənclər birlikləri üzvlərinin iştirakı ilə “Eynəli bəy Sultanovun Naxçıvan ədəbi mühitinə töhfəsi” və “28 Dekabr – Beynəlxalq Kino Günü” mövzularında onlayn tədbirlər keçirilmiş, onlayn kitab müzakirələri keçirilmişdir.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ay ərzində yeni hazırlanan tamaşaların məşqləri davam etdirilmiş və ya təhvil verilmişdir.
Dekabr ayında Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş 6-cı “Qarabağ-2020” Beynəlxalq İncəsənət Müsabiqəsində Naxçıvan Musiqi Kollecinin qarmon və klarnet ixtisasları üzrə iki tələbələsi müsabiqənin II və III dərəcəli diplomlarına layiq görülmüşdür.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR