23 Dekabr 2024, Bazar ertəsi

 

 

 

“Torpaq –əgər uğrunda ölən varsa, Vətəndir!” – biz bu müqəddəs kəlmənin mahiyyətini 44 günlük şanlı Vətən müharibəsində ön cəbhədə vuruşan igid əsgərlərimizin, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan 2802 hərbçimizin  timsalında daha yaxşı dərk etdik. II Qarabağ müharibəsində qazanılan ən şərəfli və qürurverici Zəfər tariximizin baş qəhrəmanlarıdır Şəhidlər. Onların həyatı, ömür yolu gələcək nəsillər üçün böyük məktəbdir. Həyat yolu örnək olan qəhrəmanlarımızdan biri də şəhidlik adlı ali zirvəni fəth edən, dövlət başçısının müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilən leytenant Elçin Əsgərovdur. 1997-ci il fevral  ayının 3-də  Şərur  rayonunun Qıvraq kəndində anadan  olub bu cəsur Vətən oğlu. O, 2004-cü ildə  Kəngərli rayon  Qıvraq  qəsəbə  tam  orta məktəbin I sinfinə  gedib. Dayısı Çingiz Bəylərovun dediyinə görə Elçin məktəbdə oxuduğu illərdə də öz bilik və bacarığı ilə yoldaşlarından fərqlənib. Dərslərindən həmişə əla qiymətlər alıb, məktəbin ictimai işlərində fəal iştirak edib. Orta məktəb illərində o, həm də vətənpərvərliyi ilə öz sinif yoldaşlarından seçilib. Vətənə olan hədsiz sevgisi onda gələcəyin zabiti olmaq arzusu oyadır.  2011-ci ildə imtahandan uğurla keçərək Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə  qəbul  olunur.  2014-cü  ildə  həmin  liseyi  bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə  daxil olur. 2018-ci ildə  həmin məktəbi  Kəşfiyyatçı  ixtisası  üzrə  bitirərək  Beyləqan rayonunda “N”  saylı  hərbi  hissədə   xidmətə  başlayır.  2020-ci  ilin  sentyabr  ayının  27-dən  başlanan şanlı  Vətən  müharibəsində Füzuli, Cəbrayıl rayonlarının  işğaldan  azad  olunmasında igidliklə  döyüşür. Müsahibim deyir ki,  Elçin sonuncu dəfə mənimlə oktyabrın 17-də danışanda dedi ki, dayı hər şey yaxşı olacaq, hər gün kəndlərimizi işğaldan azad edə-edə ancaq irəli gedirik, tezliklə qələbə ilə qayıdacağıq, ondan sonra danışa bilmədim. Doqquz gündən sonra oktyabrın 26-sı mənə xəbər verdilər ki, Elçin şəhid olub. Vətən sevgisi o qədər yüksək idi ki, yaşı az olsa da çətin və şərəfli  vəzifənin öhdəsindən vicdanla və ləyaqətlə gəldi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəman kimi döyüşdü, qəhrəman kimi də Şəhid oldu. Elçinin itkisi çox ağırdır, mən onunla fəxr edirəm.

 

Elçin Əsgərovun zabit yoldaşı  taqım komandiri Cəsarət Quliyevlə söhbət zamanı dedi ki, Elçin haqında nə qədər deyilsə yenə də azdır. O, şanlı Vətən müharibəsinin cəsur döyüşçülərindən biri idi. Qədim torpaqlarımız Füzuli, Cəbrayıl istiqamətlərində, kəndlərin  işğaldan  azad edilməsində, bir sıra yüksəkliklərin alınmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində əsl igidlik və rəşadət göstərdi. O, komandirlərinin verdiyi əmrləri layiqincə yerinə yetirdi, öz əsgərləri ilə çiyin-çiyinə, ölümün gözünə dik baxaraq son damla qanına qədər düşmənlə mübarizə apardı.  Döyüşlərdə   bir  neçə  dəfə  yaralanmasına  baxmayaraq torpaqlarımızı azad etmək üçün yenidən  cəbhəyə qayıtdı. Lakin bu gənc zabitin ömür yolu Füzuli rayonunun Əbdürrəhmanlı kəndinin işğaldan  azad  olunması uğrunda  gedən döyüşlərdə yarımçıq qaldı. O, düşmənə ağır zərbələr endirib son gülləsinə qədər döyüşərək oktyabrın 25-də  yaralanmış yoldaşlarını döyüş meydanından çıxararkən qəhrəmancasına  Şəhid  oldu. Birinci mənim üçün Vətəndir deyib, çox sevdiyi torpağın bağrına köçdü. Allah rəhmət eləsin. İndi Elçinin ruhu şaddır, çünki onun ən böyük arzusu yerinə yetdi, torpaqlarımız işğaldan azad edildi, bu gün üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanır. Elçin də digər qəhrəman şəhidlərimiz kimi daim qəlbimizdə, tariximizdə, sözümüzdə-söhbətimizdə yaşayacaq. Çünki, şəhidlər ölmür, müqəddəs bir qayə, Vətən, millət yolunda canından keçənlər əbədiyyətə qovuşurlar.

Qeyd dedim ki, 2019-cu  ilin  dekabr  ayının  15-də  ailə həyatı  quran Elçin Əsgərov ölümündən 32 gün  sonra ata olub. Noyabrın 27-də onun bir qız  övladı  dünyaya  gəlib.  Özünün də arzuladığı kimi qızına çox sevdiyi və tövsiyə etdiyi Zəhra adı  verilib. Zəhra böyüyəndə atası ilə qürur duyacaq, fəxr edəcək.

Sonda isə Vətən uğrunda döyüşlərdə şəhid olan bütün qəhrəmanlarımızı, Elçin Əsgərovu qürurla anır, onu böyüdüb boya-başa çatdıran Yalçın atanın, Fəxriyyə ananın qarşısında baş əyirəm. Vətən torpaqlarının azadlığı uğrunda canından keçən igidlərimizi, qəhrəman şəhidimiz Elçin Əsgərovu heç vaxt unutmayacağıq.

 

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR