Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən kollegiya iclasını idarənin sədri Elvin Axundov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 yanvar 2021-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 212 milyon 399 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 7 milyon 934 min manat, uzunmüddətli kredit qoyuluşu isə 204 milyon 465 min manat təşkil edir. Kredit qoyuluşu, əsasən, Dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib. Bank və kredit təşkilatları tərəfindən 2020-ci ilin yanvar-dekabr ayları ərzində 179 milyon 473 min manat kredit verilib ki, bunun da 18 milyon 893 min manatını qısamüddətli, 160 milyon 580 min manatını isə uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditlərin 13 milyon 357 min manatı kənd təsərrüfatı, 18 milyon 561 min manatı sənaye, 562 min manatı tikinti, 4 milyon 397 min manatı kommersiya, 1 milyon 112 min manatı nəqliyyat, rabitə və informasiya, 3 milyon 571 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 922 min manatı səhiyyə və sosial xidmət sahəsinə,136 milyon 991 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib. Həmçinin kredit təşkilatları tərəfindən 2020-ci il ərzində 186 fiziki şəxsə 237 ədəd olmaqla, 5 milyon 97 min manat dəyərində lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib.
Qeyd edilib ki, 2020-ci ilin yanvar-dekabr ayları ərzində 153-ü hüquqi, 36391-i fiziki şəxs olmaqla, 36544 müştəriyə yeni bank hesabı açılıb. Açılmış bank hesablarının 36519-u işlək hesab olub ki, onların 149-u hüquqi, 36370-i fiziki şəxsdir.
Vurğulanıb ki, ödəniş sistemlərinin inkişaf etdirilməsi, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi məqsədilə POS-terminalların quraşdırılması diqqət mərkəzində saxlanılıb, onların sayı 1 yanvar 2021-ci il tarixə 690 ədədi Naxçıvan şəhərində, 720 ədədi isə rayon və kənd mərkəzlərində olmaqla, 1410 ədəd təşkil edib. Hesabat ili ərzində POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 89 milyon 399 min manat olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 milyon 848 min manat artıb. Aparılan nağdsız ödənişlərin 31 milyon 542 min manatı POS-terminallar vasitəsilə, 57 milyon 857 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib. Həmçinin 1 yanvar 2021-ci il tarixə elektron ödəniş kartı alanların ümumi sayı 265 min 583 ədəd təşkil edib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Dövlət Texniki Kollecinin Bank işi ixtisasının tələbələri ilə onlayn şəkildə dərslər keçilib, videogörüşlər zamanı tələbələrin hazırlıq səviyyəsi yoxlanılıb. Eyni zamanda tələbələrin muxtar respublikada fəaliyyət göstərən banklarda dövlət imtahanqabağı təcrübə keçmələri təşkil edilib.
Sonra çıxışlar dinlənilib.
* * *
Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin iclasında idarənin rəisi Hafiz İsmayılbəyli məruzə edərək bildirib ki, idarənin kollektivi 2020-ci ildə qarşıya qoyulmuş tapşırıqların icrasını təsdiq edilmiş iş planına əsasən həyata keçirib. İş planına uyğun olaraq idarənin 2019-cu ildə fəaliyyəti haqqında hesabat, Naxçıvan Muxtar Respublikasının 2019-cu il büdcəsinin icrası haqqında illik hesabata rəy və Naxçıvan Muxtar Respublikasının 2021-ci il büdcə layihəsinə rəy hazırlanıb.
Qeyd olunub ki, idarə tərəfindən 2020-ci il üçün təsdiq olunmuş iş planına uyğun olaraq 2020-ci ildə Naxçıvan Muxtar Respublikası büdcəsinə kənar dövlət maliyyə-nəzarəti tədbirləri çərçivəsində 11 müəssisə, idarə və təşkilatlar üzrə tədbirlərin planlaşdırılması, proqramları, işçi planları hazırlanaraq maliyyə və uyğunluq auditləri həyata keçirilib. Eyni zamanda dövr ərzində 8 müəssisə, idarə və təşkilatlar üzrə analitik təhlil aparılmış və müvafiq qaydada nəticələri rəsmiləşdirilib. 2020-ci ildə həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri, ümumilikdə, 75281,4 min manat məbləğində vəsaiti əhatə etməklə, 54154,7 min manatı aparılmış analitik təhlillər və 21126,7 min manatı isə keçirilmiş auditlərin payına düşüb.
Bildirilib ki, idarə tərəfindən həyata keçirilmiş nəzarət tədbirlərinin dövlət büdcəsinin funksional təsnifatı üzrə strukturu “Ümumi dövlət xidmətləri” bölməsi üzrə 5, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə 1, təhsil bölməsi üzrə 4, səhiyyə bölməsi üzrə 1, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölməsi üzrə 2, mənzil və kommunal təsərrüfatı bölməsi üzrə 1, “Kənd təsərrüfatı” bölməsi üzrə 1, “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə 1, “İqtisadi fəaliyyət” bölməsi üzrə 2, publik hüquqi şəxs üzrə 1 təşkilatdan ibarət olub. İdarə tərəfindən 8 təşkilat üzrə aparılan analitik təhlilin altısında maliyyə hesabatlarının düzgün doldurulmadığı müəyyən edilib.
Qeyd olunub ki, idarə tərəfindən audit subyektlərinə ayrılan büdcə və büdcədənkənar vəsaitlərin təftişinin aparılması ilə yanaşı, təşkilatlara həmin vəsaitlərin daha da səmərəli xərc edilməsi istiqamətində lazımi təlim-tövsiyələr verilib. Audit qruplarının üzvləri tərəfindən təşkilatlarda qanunvericiliklə nəzərdə tutulmuş formada sənədləşmənin aparılmasına və maliyyə-hesabat formalarının tərtib edilməsinə dair maarifləndirmə işləri aparılıb. Kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təşkilatlara məktub göndərilib.
Sonra çıxışlar olub.
Xəbərlər şöbəsi