Azərbaycan təhsilinin və elminin qarşısında duran əsas vəzifələrdən biri cəmiyyətin bugünkü inkişaf səviyyəsinə adekvat olan yüksəkixtisaslı kadrların hazırlanmasından ibarətdir. Həmin kadrların müasir təfəkkürlü və kreativ düşüncəli, səriştəyə çevrilə bilən bilik və bacarıqlara malik olması, praktik vərdişlərlə müşayiət edilən nəzəri biliklər qazanması olduqca vacibdir. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyası xammala əsaslanan iqtisadiyyatdan yüksək texnologiyalara, innovasiyalara əsaslanan iqtisadiyyata keçidi nəzərdə tutur. Enerji resurslarının ixracından əldə edilən vəsaitlər qeyri-neft sektorunun formalaşmasına, insan kapitalının inkişafına yönəlir. Ölkəmizdə reallaşan “qara qızılı insan kapitalına çevirmək” siyasəti dünyanın müasir inkişaf meyillərinə uyğundur, çünki bu gün hər hansı ölkənin zənginliyi onun insanlarının təhsil səviyyəsi ilə ölçülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olması tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik”.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” 2019-cu il 10 yanvar tarixli Sərəncamı məhz bu strateji hədəflər üçün ciddi dövlət sənədi kimi yüksək əhəmiyyətə malikdir.
Dövlətimiz tərəfindən həyata keçirilən innovasiya siyasəti yeni bilik və texnologiyaların istehsalı, yayılması və tətbiq edilməsi üçün lazım olan şəraitin yaradılmasını nəzərdə tutur. Bu siyasət, ölkənin sosial innovasiya potensialının bütün imkanlarının reallaşdırıl-masına, eləcə də elm və təhsilin, elmtutumlu cəmiyyətin və mədəniyyətin davamlı inkişafının bərqərar edilməsinə yönəldilmişdir. Davamlı sosial-iqtisadi inkişafın əsasında olan təhsilin və elmi-texniki tərəqqinin rolunu düzgün qiymətləndirərək regionda elm siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin kursunu uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov son illər muxtar respublikada elmin inkişafı, elmi-texniki potensialın modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə elm və təhsil işçilərinin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. Hazırda elm və təhsilin əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə, müasir texnologiya və innovasiyaların tətbiq edilməsi yolu ilə inkişaf etdirilməsi ən prioritet məsələdir. Bu gün Naxçıvanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır – iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görülür. Bu sahədə həyata keçirilən məqsədyönlü islahatların nəticəsidir ki, Naxçıvan Dövlət Universiteti özünün maddi-texniki və təşkilati strukturuna görə ən qabaqcıl ali təhsil müəssisəsinə çevrilərək bu gün elm-təhsil-innovasiya sahəsində beynəlxalq təcrübəni tətbiq imkanı qazanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” 2020-ci il 14 dekabr tarixli Sərəncamı bu baxımdan ali təhsil müəssisəsinin imkanlarını daha da genişləndirməklə yanaşı, beynəlxalq rəqabətqabiliyyətliliyin təmin olunması, innovativ layihələrin dəstəklənməsi və keyfiyyətli kadr hazırlığına son dərəcə böyük təsir imkanları yaradacaqdır.
Biliyə əsaslanan iqtisadi inkişafın əsas dayaqlarından biri də texnologiyaların işlənilməsinə və tətbiqinə istiqamətlənən müasir innovasiya strukturlarının yaradılmasıdır. İnnovasiya prosesi, zaman etibarilə, elmi bilik və ideyaların, kəşf və ixtiraların məhsula, başqa sözlə, innovasiyaya çevrilməsinin bütün dövrünü əhatə edən prosesdir. Bu istiqamətdəki fəaliyyətin tənzimlənməsi və idarə olunmasında həmin ölkələrdəki texnoparkların üzərinə mühüm vəzifələr düşür. Dünya texnoparklarının 42 faizi ABŞ-ın payına düşür. Amerika texnoparkları, əsasən, universitet bazaları əsasında yaradılmışdır. Digər texnoparkların 34 faizi Avropa ölkələrinə, 11 faizi Çinə, 13 faizi isə digər ölkələrə məxsusdur.
Texnoparklar beynəlxalq təcrübədə
Texnoparklar tədqiqatlar əsasında fəaliyyət göstərən elmtutumlu istehsalat mərkəzidir. Bu da onu göstərir ki, texnoparkların formalaşması universitetlərin “Tədqiqat Universiteti” statusu alması ilə eyni zamanda baş verən prosesdir. Tədqiqat universiteti ABŞ mərkəzli universitet formasıdır. İlk tədqiqat universiteti isə 1876-cı ildə qurulan universitetdir. Elm və texnologiyanın inteqrasiyasını hədəfləyən texnoparklar əvvəl ABŞ, İngiltərə, Fransa, Almaniya, Yaponiya kimi elm və texnologiya sahəsində öndə olan ölkələrdə fəaliyyətə başlamışdır. Bu gün dünyada 1000-dən artıq texnopark mövcuddur. Dünyada texnoparkların fəaliyyəti 1951-ci ildə Silikon Vadisi-Stanford araşdırma parkı ilə başlamışdır. “Silikon Vadi” Kaliforniya əyalətində 105 min hektarlıq bir ərazidə fəaliyyətə başlayan, ətraf bələdiyyələrə ildə 1.7 milyard dollar vergiödəyən 8500 firmada 100 min işçinin çalışdığı gündəlik həyatımıza sirayət edən bir çox yeniliklərin icad edildiyi texnoparkdır. Silikon vadisində ABŞ-ın ən məşhur universitetləri fəaliyyət göstərir və 100 minə yaxın tələbə bu texnoparkda müxtəlif sahələr üzrə çalışır. Silikon vadisi Universitetin tədris mühitinə bir çox imkanlar yaratmaqla yanaşı, magistratura və doktorantura təhsili üçün də ideal məkan sayılır. Şərqi Texas universitetinin texnoparklarında kənd təsərrüfatı sahəsində tədqiqatlar ABŞ iqtisadiyyatına 1.2 milyard ABŞ dolları miqdarında gəlir gətirmişdir. Bundan başqa, İngiltərədə yerləşən 80-ə yaxın texnoparkın ən böyük və məşhur olanları Kembric Elm Parkı, Oxford, Heriot-Vatt və Mersoside Elm parklarıdır. Fransada 25 texnopark vardır. Avropa Tədqiqat Universitetləri Liqası (LERU) hesabatına görə, 2014-cü ildə universitet tədqiqatlarına verilən hər 1 avroluq investisiya yerli iqtisadiyyata 6 avro qazandırmaqdadır. Yaponiya öz texnoparklarını texnopolis adı altında qurur. Ucuz industriya məhsulları ilə dünya bazarındakı rəqabət gücünü artıran və xaricdən böyük miqdarda xarici investorları cəlb edən Çin, əsasən, ölkədə 60-dan artıq sayda fəaliyyət göstərən texnoparkların imkanlarından faydalanmaqdadır. İsrailin Ben Gurion Universitetinin nəzdində fəaliyyət göstərən Texnologiyalar Parkı tibb üzrə ixtisaslaşaraq ölkə iqtisadiyyatına mühüm təsirləri ilə tanınır.
Texnoparkların ixtisaslaşması və inkişaf modeli
Beynəlxalq təcrübədə texnoparkların fəaliyyəti üçün vacib olan şərtlərdən biri onun yerləşdiyi ərazidir. Həmin ərazi üçün əsas şərtlər bunlardır: 1) texnoparklar şəhərə yaxın yerdə olmalı; 2) əhalinin yaşayışı üçün əlverişli şəraitli regionda olmalı; 3) elmi parklar elmi-tədqiqat və təhsil müəssisəsinin bazası olan regionda və yüksəkixtisaslı elmi-tədqiqat işi ilə məşğul olan kadrlardan ibarət olmalı; 4) elmi parklar elmi-tədqiqat işləri aparan və yeni texnologiya işləmələri hazırlamağa qadir olan elmi-tədqiqat və universitetlərə yaxın olan yerdə yerləşməlidir.
Texnoparkların fəaliyyəti üçün əlamətdar olan xüsusiyyətlərdən biri də bu bilik şəhərlərinin ixtisaslaşmasıdır. İnnovasiya parklarının ümumi koordinasiyasını həyata keçirən Beynəlxalq Elmi Parklar Assosiasiyası texnoparkların ixtisaslaşmasını aşağıdakı sahələr üzrə qruplaşdırır: İKT, informasiya vasitələri, multimedia və telekommunikasiya sahəsində, biotexnologiya, elektronika və mikroelektronika, enerji, ekoloji texnologiya, tibb elmi və texnologiya, sağlamlıq, proqram təminatı, internet texnologiyası, internet biznes, yeni texnologiya, nanotexnologiya, konsaltinq xidməti, kompüter qurğusu, kimya texnologiyası, kənd təsərrüfatı, informatika, avtomatlaşdırma, robotexnika, optika, lazer texnologiya, təhsil, insan resursları, kosmos, astronavatika, avtomobil sənayesi və texnologiyası, elektrik texnologiyası, yer elmləri, mədəniyyət sahəsində xidmətlər, turizm və xidmət texnologiyası, ümumi elmlər, mexanika, logistika, nəqliyyat, audiovizual, təsvir, video, tikinti, fizika, humanitar elmlər, idman texnologiyası.
Naxçıvan Dövlət Universitetində bu gün 454 nəfərlik professor-müəllim heyəti ilə kadr hazırlığı aparılan 63 bakalavriat, 76 magistratura, 60 doktorantura ixtisasları, demək olar ki, Beynəlxalq Elmi Parklar Assosiasiyasının müəyyənləşdirdiyi ixtisaslaşma sahələrini əhatə etməkdədir. 2020-2021-ci tədris ilindən etibarən tədrisi nəzərdə tutulan Elektrik və elektronika mühəndisliyi, Kompüter elmləri, Beynəlxalq ticarət və logistika, Hərbi tibb kimi dövrün tələbindən doğan ixtisasların gələcəkdə Texnoparkın fəaliyyət dairəsinin genişlənməsində xüsusi rolu olacağı danılmazdır. Eyni zamanda tədrisi ingilis dilində İqtisadiyyat ixtisasının hazırda fəaliyyət göstərməsi və gələcəkdə digər müvafiq ixtisaslar üzrə də xarici dildə tədrisin həyata keçirilməsi imkanları innovasiya sahəsində beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli faktor kimi universitetin strateji hədəflərinə daxildir.
Texnoparklar elm-təhsil-tədqiqatın inteqrasiyası kimi
Müasir dövrün iqtisadi rəqabəti insan kapitalıdır. Belə ki, iqtisadi inkişaf trendinin dinamik olduğu ölkələrə baxdıqda əsas kapital və gəlirgətirən sahələr elmtutumlu texnologiyalardır. Bu ölkələrdə məhz insan kapitalı inkişafın əsas faktoru kimi çıxış edir və bununla istehsalın 75 faizini və milli gəlirin artımını təmin edir. Dünya Bankının statistikasına baxıldığında yüksək texnologiya ixracat gəliri əldə edən ölkələr Çin, Almaniya, ABŞ, Cənubi Koreya, Sinqapur, Fransa, Yaponiya, Vyetnam, Niderland, Malayziya ilk onluqdadır.
XXI əsrdə Qərbin inkişaf etmiş ölkələri istehsalın intellektləşdirilməsi ilə bağlı texnoloji inqilabı başa çatdırmışlar. Təsadüfi deyil ki, həmin ölkələrdə məşğulluğun təhsil göstəricisinə baxıldığında ali təhsillilər üstünlük təşkil edir. Misal üçün ABŞ-da işləyənlərin 47.3, Fransada 40.1, Cənubi Koreyada 46.8, Yaponiyada 51.7 faizi ali təhsillidir.
Texnologiyalar Parkı elm-təhsil-innovasiya strategiyasının uğurlu tətbiqinə geniş imkanlar açacaq
Bu gün muxtar respublikamızda təhsilin bütün sahələri özünün yeni inkişaf dövrünü yaşayır. Bu baxımdan ali təhsilin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində muxtar respublikamızın ali təhsil müəssisələri nəinki regionun, dünyanın qabaqcıl universitetləri səviyyəsində infrastruktura malikdir. Naxçıvan Muxtar Respublikasında elm və təhsil arasında əlaqələri daha da gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı 2015-ci il 14 mart tarixli Sərəncamla Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələri qarşısına müvafiq vəzifələr qoyulmuşdur. Bu vəzifələrin icrası məqsədilə Naxçıvan Dövlət Universitetinin elmi dərəcəsi olan əməkdaşları muxtar respublikanın ümumtəhsil məktəblərində nümunəvi dərsləri uğurla keçirlər. Sərəncamın mühüm əhəmiyyətini nəzərə alaraq professor-müəllim heyəti həmin dərsləri aparmaqla yanaşı, şagirdlərdə elmi yaradıcılıq vərdişlərinin formalaşmasına da yaxından dəstək olurlar. Bu məqsədlə Naxçıvan Müəllimlər İnstitutunun təşəbbüsü ilə “Gələcəyin alimləri” layihəsinə start verilmişdir. Həmin layihənin təşkilində əsas məqsəd muxtar respublikanın ümumtəhsil məktəblərində təhsil alan istedadlı uşaq və gənclərlə aparılan elmi-metodik işlərin tənzimlənməsinə köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması və onların gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə muxtar respublikanın təhsil tarixində yeni bir dövrün başlanğıcı qoyulub. Həmin sərəncamla, ümumilikdə, 109 ixtisas 36 təşkilata hamiliyə verilib. Sərəncamda “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin – startapların həyata keçirilməsi nəzərdə tutulub. Bu mühüm qərar kadr potensialının inkişafı ilə yanaşı, gənclərin istedadlarının üzə çıxarılması, ideyaların reallaşması və startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addımdır. Sərəncamın icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hazırlanan startup.nakhchivan.az internet portalının təqdimatı olub. “Startap Naxçıvan” hərəkatı muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaqla istedadlı gənclərin üzə çıxarılmasına, onların nailiyyətlərinin yeni sistemin tələblərinə uyğun qiymətləndirilməsinə, yaradıcı düşüncə və inkişafa xidmət edən ən yaxşı layihələrin aşkarlanmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək məqsədi daşıyır. İnnovativ təhsil mühiti müəllimlərə də öz üzərində işləməklə peşəkarlıqlarını artırmağa və sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradır.
Naxçıvan Dövlət Universitetində innovativ inkişafla əlaqədar olaraq gənclərin layihələrini, ideyalarını dəstəkləmək üçün İnnovasiya mərkəzi və İnnovasiya laboratoriyası yaradılmışdır. Bu mərkəz və laboratoriya ali təhsil müəssisəsində tələbələrin startapla bağlı biliklərinin formalaşması, biznes layihə və planlarının qurulması, bu layihələrin təqdimatı ilə bağlı maarifləndirici treninqlərin keçirilməsini təmin edir ki, bu da gələcək elmimizə gənc kadrların cəlbi baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda startap hərəkatına qoşulmanı optimallaşdırmaq və operativ əlaqələrin qurulması məqsədilə universitetin internet saytında startap layihələrin qəbulu ilə bağlı “İdeya bankı” fəaliyyət göstərir. “İdeya bankı”na innovativ layihələri olan istənilən şəxs müraciət edə bilir. 2020-ci ildən startap layihələrin sayı daha da artmışdır. Hazırda 20-yə qədər startap layihəsi üzərində iş aparılır. Layihələrdən biri bu il Naxçıvan Muxtar Respublikası üzrə keçirilən startap müsabiqəsində yüksək qiymətləndirilərək qalib olmuş, İqtisadiyyat Nazirliyi tərəfindən I dərəcəli diplomla təltif edilmişdir.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” 2019-cu il 7 sentyabr tarixli Sərəncam elmi-tədqiqat proqramlarının və layihələrin maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətlərinin stimullaşdırılması, muxtar respublikada elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi sahəsində yüksək əhəmiyyətə malikdir. Hər bir ali təhsil müəssisəsi üçün müəyyənləşdirilmiş 5 fəaliyyət istiqamətindən biri elmin müxtəlif sahələri və istiqamətləri üzrə elmi-tədqiqatların aparılmasıdır. Bu mühüm dövlət sənədi ali təhsil müəssisəsinin fəaliyyətinin əsas məqsədinə – cəmiyyət və əmək bazarının tələbatı nəzərə alınmaqla, yüksəkixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını təmin etməyə birbaşa xidmət edir.
İnanırıq ki, Naxçıvan Dövlət Universitetində yaradılmış Texnologiyalar Parkının imkanları nəticəsində diyarımız və ölkəmiz üçün müxtəlif sahələr üzrə ixtisaslı kadrlar hazırlanaraq ölkə iqtisadiyyatına mühüm töhfələr verməklə elm-təhsil-innovasiya strategiyası uğurla tətbiq olunacaqdır.
Elbrus İSAYEV
Naxçıvan Dövlət Universitetinin rektoru