29 Mart 2024, Cümə

Bu günlərdə Süleyman Cəfərov, Pəri Əliyeva, Təranə Cəfərovanın müəllifliyi ilə “Təcili tibbi yardım” adlı kitab oxucu ünvanına yol alıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 2019-cu il 12 noyabr tarixli qərarı ilə çap olunan sanballı monoqrafiyanın məsləhətçisi Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Əməkdar həkimi Niyazi Novruzov, rəyçisi mərhum kardioloq-həkim Alı Əliyev, elmi redaktoru isə tibb elmləri doktoru, dosent İsa Abdullayevdir.

Kitabda təcili tibbi yardım xidmətinə dövlət qayğısından bəhs olunarkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobillərinin təqdimatındakı bu sözləri xatırladılır: “Səhiyyə sahəsində ən mühüm məsələlərdən biri də təcili tibbi yardım xidmətinin təşkilidir. Ona görə ki, xəstəyə vaxtında tibbi xidmətin göstərilməsi onun həyatını xilas edir. Vaxtında və düzgün tibbi xidmət göstərilmədikdə isə insan həyatı üçün təhlükə yaranır. Bütün bunlar nəzərə alınaraq muxtar respublikada təcili tibbi yardım xidmətinin təşkili diqqətdə saxlanılır”.
Monoqrafiyanın müəlliflərindən biri olan Süleyman Cəfərov muxtar respublikanın tanınmış kardioloq həkimidir. O, 1981-88-ci illərdə Naxçıvan şəhər Təcili yardım stansiyasında çağırışçı həkim işləyib. Hazırda Kardioloji Mərkəzin həkim ordinatoru, 2004-cü ildən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazir­liyində Tibbi yardımın təşkili şöbəsinin müdiridir. 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin Ümumi təbabət və gigiyena kafedrasına baş müəllim təyin olunub. Daxili xəstəliklər fənnindən dərs deyir. 2007-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi”, 2008-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adlarına layiq görülüb. 2 kitabın, 8 metodik vəsaitin, 25-dən artıq elmi məqalənin müəllifidir.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə çap olunmuş bu kitab 57 bölmədən, 566 səhifədən ibarətdir. Hər bir bölmədə təcili tibbi yardım ilə bağlı təhlil aparan müəlliflər mövzuya dair şəkillərlə, cədvəllərlə oxucuya maraqlı məlumatlar əldə etmək imkanı yaradıblar.
Kitabda müxtəlif təcili-təxirəsalınmaz tədbirlərə ehtiyac olan xəstəliklərin diaqnostikası və göstərilən ilkin tibbi yardımın xronoloji ardıcıllığı öz əksini tapıb. Bütün ixtisas üzrə həkimlər üçün nəzərdə tutulan yeni monoqrafiyadan orta tibb işçiləri, bu sahə üzrə təhsil alan tələbələr də istifadə edə bilərlər. Həm də hər bir oxucuya ünvanlanan bu kitab zaman-zaman öz dəyərini qoruyub saxlayacaq. Çünki bu sənin, mənim, onun, bütövlükdə, hamının bilməli olduğu məsələlərdən bəhs edir. İnanırıq ki, özünün və doğmalarının əhatəsindəki insanların sağlamlığına biganə qalmayan hər kəs üçün “Təcili tibbi yardım” monoqrafiyası stolüstü kitab olacaqdır.

Hüseyn Əsgərov

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR